Stopnarkotik.az-dan tam fərqli layihə!
Dəyərli oxucular!
Stopnarkotik.az saytı 2024-cü ildə də hər ay öz fərqli layihəsi ilə görüşünüzə gəlməkdədir.
Artıq sizlərə də məlum olduğu kimi, saytımızın əməkdaşları ay ərzində Azərbaycanda narkotiklərin qanunsuz dövriyyəsinə və narkomaniyaya qarşı mübarizə aparan rəsmi qurumların fəaliyyətini yaxından izləyərək, onların “məhsuladarlığı” ilə bağlı müqayisəli təhlil yazısı dərc etməkdədir. Bununla, hər bir qurumun fəaliyyəti ilə əlaqədar geniş bilgilər əldə etməklə yanaşı, ayın “lideri” seçilənləri də tanımış olursunuz.
Əlavə olaraq, hər ayın yekununda bütün dövlət qurumlarının hesabat dövründə gördüyü işlərlə bağlı mətbuatda dərc olunan yazıların statistikasını da sizlərə təqdim etməkdəyik.
Qeyd: Layihə çərçivəsində təkcə qurumlararası rəqabət mühiti yaratmağa çalışmır, o cümlədən, tutaq ki, polis idarələri və rayon polis şöbələrinin narkotik alverinə, narkomaniyaya qarşı apardığı fəaliyyəti də müqayisəli şəkildə təqdim edirik.
Beləliklə, bu dəfə MART ayının nəticəsi ilə oxucularımızı tanış edirik.
İlk öncə onu qeyd edək ki, Daxili İşlər Nazirliyi (DİN) mart ayında da narkotiklərin qanunsuz dövriyyəsi ilə əlaqədar mətbuata gündəlik rəsmi açıqlamalar verməyi davam etdirib. DİN-in məlumatına əsasən, mart ayında narkotik ticarəti ilə məşğul olan 800 nəfər həbs olunub. Daha ətraflı aşağıdakı linkə daxil olaraq informasiya əldə edə bilərsiniz:
Bundan əlavə, mart ayında Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsi tərəfindən 6 və Nəqliyyatda Baş Polis İdarəsinin Dəmir Yolu Nəqliyyatında Polis İdarəsi tərəfindən isə 1 əməliyyat keçirilib ki, bu zaman xeyli miqdarda narkotik vasitə ələ keçirilməklə yanaşı, saxlanılanlar da olub:
Mart ayında Dövlət Sərhəd Xidməti (DSX) də ötən aylara nisbətən 6 uğurlu əməliyyata imza atıb. Hansı ki, bu zaman İrandan ölkəmizə külli miqdarda narkotik keçirilməsinin qarşısı alınmaqla yanaşı, saxlanılanlar da olub.
Ədliyyə Nazirliyinin Penitensiar Xidməti yanvar və fevral aylarına nisbətən xeyli aktivlik nümayiş etdirərək, hesabat ayında 4 dəfə təcridxanaya (ərinə, qohumuna, tanışına və s.) narkotik keçirilməsinin qarşısını almağı bacarıb.
Bundan əlavə, mart ayında DİN və Penitensiar Xidmətin birgə keçirdiyi tədbir nəticəsində Şüvəlan qəbiristanlığında marixuana və silah aşkarlanıb:
Dövlət Gömrük Komitəsi (DGK) mart ayında hesabat xarakterli açıqlama ilə kifayətlənib:
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası mart ayında narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı aparılan əməliyyatlar haqda aylıq hesabatını açıqlayıb:
Ölkə üzrə polis idarə və şöbələrinin fəaliyyətinə gəldikdə, hesabat ayında fevrala nisbətən xeyli passivlik nümayiş etdirilib. Belə ki, ölkə üzrə cəmi 26 polis idarə və şöbəsi narkotiklərin qanunsuz dövriyyəsinin və narkomaniyanın qarşısının alınması istiqamətində aparılan mübarizəyə dəstək verməyi bacarıblar. Bunların da əksəriyyəti ay ərzində cəmi 1 fakt üzrə seçilə biliblər.
Beləliklə, dəyərli oxucularımızı mart ayında daha fəal olan polis idarə və şöbələrinin fəaliyyəti ilə daha yaxından tanış edək. Öncə onu qeyd edək ki, martda Bakı şəhəri, Nərimanov Rayon Polis İdarəsi (RPİ) 4 uğurlu əməliyyatla “ayın lideri” seçilməyi bacarıb:
Hesabat ayının “gümüş medalçı”ları Binəqədi Rayon Polis İdarəsi və Ağsu Rayon Polis şöbəsi və Şirvan Rayon Polis Şöbəsi (RPŞ) olub. Belə ki, sözügedən rayonların polis əməkdaşları martda 3 uğurlu əməliyyat keçirərək, xeyli miqdarda narkotik vasitə aşkarlamaqla yanaşı, çox sayda narkotacirin biləyinə də qandal vurmağı bacarıblar:
Qaradağ RPİ, Xətai RPİ və Şəmkir RPŞ də hesabat ayında digər rayonların idarə və şöbələrindən seçilməyi bacarıblar. Belə ki, onlar 2 əməliyyatla martda “üçüncü yerin” sahibi olublar:
Abşeron RPİ, Ağcabədi RPŞ, Ağdam RPŞ, Beyləqan RPŞ, Cəbrayıl RPŞ, Cəlilabad RPŞ, Daşkəsən RPŞ, Gəncə Şəhər Polis İdarəsi, Füzuli RPŞ, Hacıqabul RPŞ, Xəzər RPİ, İmişli RPŞ, Qazax RPŞ, Qusar RPŞ, Lənkəran RPŞ, Saatlı RPŞ, Səbail RPİ, Sabunçu RPİ, Sabirabad RPŞ, Suraxanı RPŞ, Salyan RPŞ, Şamaxı RPŞ, Şəki RPŞ, Yasamal RPİ, Yardımlı RPŞ, Yevlax RPŞ də hesabat dövründə cəmi 1 əməliyyatla narkotiklərin qanunsuz dövriyyəsinə və narkomaniyaya qarşı mübarizəyə töhfə veriblər:
Bundan əlavə, hesabat dövründə təhsil ocaqlarında narkomaniyanın zərərli vərdişləri ilə bağlı maarifləndirici tədbirlər keçirməklə, ümumi mübarizəyə dəstək olan polislərimiz də az olmayıb. Qeyd edək ki, mart ayında bu cür 2 tədbir təşkil edən Qusar RPŞ müvafiq sahədə “liderliyi” ələ alıb:
Beyləqan RPŞ, Salyan RPŞ, Göyçay RPŞ, Astara RPŞ, Hacıqabul RPŞ, Qax RPŞ, Quba RPŞ, Ağcabədi RPŞ, Mingəçevir RPŞ, Masallı RPŞ və Lerik RPŞ isə hərəyə 1 tədbir keçirməklə, maarifçilik işinə dəstək olublar:
Təkrar cinayətkarlıq
Xəbər verdiyimiz kimi, 2024-cü ilin ilk ayları ərzində təkrar cinayətkarlıq faktları dəfələrlə artıb. Yanvarda ümumilikdə 78 fakt qeydə alınmışdı ki, bunun 23-ü narkotiklə, 9-u bilavasitə narkotiklə, qalan 46 fakt isə digər cinayətlərlə bağlı idi. Fevralda ümumilikdə 48 təkrar cinayətkarlıq faktı qeydə alınmışdı ki, bunun 17-si narkotiklə, qalan 31 fakt isə digər cinayət əməlləri ilə əlaqədar idi. Mart ayında isə ümumilikdə 27 təkrar cinayətkarlıq faktı qeydə alınıb ki, bunun 9-u narkotiklə, 18-i digər cinayətlərlə bağlı olub.
Ötən yazımızda da qeyd etdiyimiz kimi, əslində, təkrar cinayətkarlıq faktı ilə bağlı yanvar və fevral aylarının statistikası cəmiyyətdə SOS siqnalı veriləcək dəhşətli nəticə hesab oluna bilər. Bu, ən azı onu deməyə əsas verir ki, hazırda ölkə həbsxanaları heç də məhbusları islah etmir, əksinə, belə demək mümkündürsə, yeni-yeni kriminal ünsürlər yetişdirərək, topluma ixrac edir.
Onu da nəzərə alsaq ki, açıqladığımız rəqəmlər sadəcə Stopnarkotik.az saytının aşkarladığı məlumatlardır və əməkdaşlarımızın diqqətindən qaçan, eləcə də mətbuata açıqlanmayan faktların daha çox olduğunu da nəzərə alsaq, ölkədə təkrara cinayətkarlıq hallarının cəmiyyətimiz üçün ciddi problemə çevrildiyini deyə bilərik.
Bu haqda aşağıdakı linkə daxil olaraq, daha ətraflı məlumat əldə edə bilərsiniz:
Fevralda ölkə üzrə narkotik vasitəninin təsiri altında avtomobil idarə edən 9 sürücü də saxlanılıb ki, bunlar da yol polisinin aktivinə yazılmalı olan hallardır:
Beləliklə, mart ayının yekun mənzərəsinə əsasən qeyd edə bilərik ki, ölkəmizdə narkomanlığa və narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində görüləcək hələ çox işlər var. İnanırıq ki, cari ildə bu bəladan xilas olmaq üçün hər bir vətəndaşımız əlindən gələni əsirgəməyəcək, 44 günlük İkinci Qarabağ Müharibəsində olduğu kimi, yenə də ölkəmizi, gəncliyimizi “narkotik savaşı” ilə məhv etməyə çalışan xarici qüvvələrə qarşı həmrəylik nümayiş etdirəcəyik.
Stopnarkotik.az saytı olaraq hər bir vətəndaşımıza sağlam həyat, sağlam gələcək arzu edirik.
Stopnarkotik.az
P.S. Dəyərli oxucularımızın diqqətinə onu da çatdıraq ki, 2023-cü ilin may, iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr və dekabr ayları, eləcə də 2024-cü ilin yanvar və fevral aylarında narkotik ticarətinə qarşı mübarizənin nəticəsi ilə tanış olmaq üçün aşağıdakı linklərə daxil ola bilərsiniz: