Ali təhsil müəssisələrində təhsil haqlarını ödənişsiz etdirəcəyi və təqaüd düzəldəcəyi barədə yalan vədlər verərək vətəndaşların 14 min manat pulunu mənimsəməkdə təqsirli bilinən qadın həbs edilib.
Stopnarkotik.az-a bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib.
Bildirilib ki, Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iki nəfər şəhər sakinini aldadaraq onların pullarını dələduzluq yolu ilə mənimsəməkdə şübhəli bilinən Abşeron rayon sakini, əvvəllər də eyni əmələ görə məhkum olunmuş Nəzrin Əjdərova saxlanılıb.
N.Əjdərova onlara güzəştli mənzil almalarına, eləcə də övladlarının ali təhsil müəssisələrində təhsil haqlarını ödənişsiz etdirəcəyi və təqaüd düzəldəcəyi barədə yalan vədlər verərək 14 min manata yaxın pulunu dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinir.
Faktla bağlı cinayət işi başlanılıb, onun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Stopnarkotik.az