“Elə bir gün yoxdur ki, İrandan Azərbaycana narkotik keçirilməsin” - MİLLƏT VƏKİLİ

Arzuxan Əlizadə: “Məlumatlar var ki, ölkə daxilində də psixotrop maddələrin daha asan üsulla hazırlanması istiqamətində qanundankənar addımlar atılır”

“Narkotik vasitələrin dövriyyəsinə nəzarət edən qanundankənar qurumlar var ki, onlar bu prosesin inkişafında maraqlıdırlar”

“...onlara qarşı nə qədər sərt mübarizə aparılırsa, bir o qədər də əlavə yollar axtarmaqla, imkanlar əldə etməklə bu prosesi aparmaq istəyirlər”

“Elektron siqaretlərin qadağan olunması insan sağlamlığına zərərli komponentlərin aradan qaldırılması ilə bağlı atılan növbəti addımdır”

Azərbaycanda cinayətkarlığın genişlənməsində narkotiklə bağlı hadisələrin xüsusi çəkisi var. Bu, son illərin rəqəmlərində də aydın şəkildə gözə çarpır. Belə ki, rəsmi açıqlamalara görə, 2015-ci ildə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərin sayı 3156 idisə, 2020-ci ildə 5252-yə, 2024-cü ildə 8863-ə çatıb. Narkotiklə bağlı cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərin sayı 2015-ci ildə 2521 nəfər idisə, 2020-ci ildə 4233 nəfərə, 2024-cü ildə 7245 nəfərə çatıb. 2024-cü ildə narkotiklə bağlı cinayət törədən 7245 nəfərin 4972-si işsiz və təhsilsiz, 2633 nəfəri isə əvvəllər cinayət törədən şəxslərdir. Onların 22,3 %-i 14-29 yaşlı gənclər, qalan əksəri isə 30 və yuxarı yaşda olanlardır.

Narkotiklə əlaqədar məhkum olunan şəxslərin sayı isə 2015-ci ildə 2489 nəfər idisə, 2020-ci ildə 3117 nəfər, 2024-cü ildə 7659 nəfər olub. 2024-cü ildə narkotik dövriyyəsi ilə bağlı məhkumların 5332 nəfəri müəyyən müddətə azadlıqdan məhrum edilib. Bu, qeyd edilən istiqamət üzrə bütün məhkumların 70%-dir.

Statistikadan da göründüyü kimi, rəqəmlər vahiməlidir. Heç olmasa, narkotiklə bağlı cinayətlərin sayı azalarsa, bu özü də ümumi kriminal vəziyyəti yüngülləşdirər. Bu isə, birmənalı olaraq, narkomaniya və narkoticarətin yolunun kəsilməsindən asılıdır.

Yeri gəlmişkən, bu günlərdə Azərbaycanda elektron siqaretlərin istifadəsi və satışının qadağan olunacağı haqda da xəbər verildi. Əlbəttə, burada əsas məqsəd insan sağlamlığına zərər verən vasitə və maddələrin kökünü kəsməkdir. Bu qanun layihəsi mütərəqqi addımdır, amma məsələ bununla yekunlaşmır. Bundan daha vacib olan narkomaniyanı bəsləyən narkoticarətin kökünü kəsməkdir. Hansı ki, bu mövzuya dəfələrlə toxunmuşuq. Bu dəfə isə millət vəkili Arzuxan Əlizadənin mövzu ilə bağlı fikirlərini öyrənməyə çalışdıq.

- Arzuxan bəy, Azərbaycanda elektron siqaretlərin qadağan ediləcəyi açıqlandı. İddia olunur ki, elektron siqaretlərin və onların komponentlərinin idxalı, ixracı, istehsalı, saxlanılması, topdan və pərakəndə satışı və istifadəsi qadağan ediləcək. Bəs, bu prosesin mexanizmi hazırlanıb?

- Təbii ki, mexanizm işləniləcək. Hələ ki, birinci oxunuşda qəbul edilib. Mexanizm işləniləcək, ondan sonra qanun qüvvəyə minəcək. Məsələ burasındadır ki, əslində, bu, insan sağlamlığına zərərli komponentlərin aradan qaldırılması ilə bağlı atılan növbəti addımdır. Bu baxımdan, təqdir edilən qərardır. Təbii ki, qərar qəbul ediləndən sonra onun işləmə mexanizmləri də paralel olaraq həyata keçiriləcək.

 - Ümumiyyətlə, qadağadan sonra elektron siqaretlərin qaçaqmalçılıqla ölkəyə daxil olmasının qarşısını almaq üçün hansısa əlavə tədbirlər görüləcəkmi?

- Şübhəsiz ki, görüləcək. Ölkəyə qanunsuz malların daxil olması hər zaman qarşısı alınan bir prosesdir. Qanunla qadağan olunmuş komponentlərin, məhsulların ölkəyə girişinə qadağa qoyulursa, bununla bağlı da sərt tədbirlər görülür. Heç şübhəsiz ki, bu istiqamətdə də müvafiq addımlar atılacaq.

- Qanun layihəsində elektron siqaret narkotik tipli məhsullardan hesab olunurmu?

- Xeyr, narkotik tipli məhsul hesab olunmur. Amma insan sağlamlığı üçün zərər verə biləcək komponent kimi qəbul edilir. Təbii ki, narkotik və psixotrop maddələrlə bağlı fərqli yanaşma var. Elektron siqaretlər bu kateqoriyadan deyil, amma sadəcə olaraq sağlamlıq üçün zərərli olduğu qənaətinə gəlindiyi üçün bu addım atılıb.

- Yeri gəlmişkən, qonşu Gürcüstanda qanunsuz narkotik dövriyyəsinin qarşısının alınması, aşkarlanması və yolunun kəsilməsi üzrə Mərkəz yaradılacaq. Bu, Daxili İşlər Nazirliyi və Maliyyə Nazirliyinin birgə fəaliyyəti kimi təşkil olunacaq. Necə düşünürsünüz, bizdə də belə bir quruma ehtiyac varmı?

- Azərbaycanda narkotik vasitələrin və digər prekursorların dövriyyəsinin qarşısının alınması istiqamətində çox ciddi, sərt addımlar atılır. Və müvafiq qurumlarımız, xüsusilə də daxili işlər orqanları, əlaqədar qurumlar bu məsələlərlə bağlı kifayət qədər ciddi addımlar atmaqdadırlar. Hesab etmirəm ki, əlavə bir qurumun yaradılmasına ehtiyac olsun. Sadəcə olaraq, mövcud imkanlar daxilində proses diqqətlə nəzarətdə saxlanılır və Azərbaycanda narkotik vasitələrin idxalı, ixracı, digər məsələlərlə bağlı olduqca sərt tədbirlər görülməkdədir. Hesab edirəm ki, müvafiq qurumlar bu istiqamətdə lazımi tədbirlər görməkdədirlər və başqa qurumun yaradılmasına ehtiyac yoxdur.

 - Narkomaniya və narkoticarət cinayətkarlığa münbit şərait yaradır. Faktiki olaraq narkomaniyanı bəsləyən də narkoticarətdir. Narkomanı “qara bazar”da saxlayan da narkotikin yaratdığı təsirə, çeşidinə görə yenilənməsidir. Əlbəttə, burada başqa amillər də var. Sizcə, konkret olaraq Azərbaycanda narkoticarəti, “qara bazar”ı bəsləyən narkotik kanallarını necə qurutmaq olar?

- Bu, əslində bütün bəşəriyyətin bəlasıdır. Digər ölkələrdə də bu sahədə ciddi problemlər var. Ölkəmizdə də bu problem olmamış deyil. Çox təəssüflər olsun ki, narkotik vasitələrin dövriyyəsinə nəzarət edən qanundankənar qurumlar var ki, onlar bu prosesin inkişafında maraqlıdırlar. Özlərinin biznes maraqları var. Və onlara qarşı nə qədər sərt mübarizə aparılırsa, onlar bir o qədər də əlavə yollar axtarmaqla, imkanlar əldə etməklə bu prosesi aparmaq istəyirlər. Müəyyən qədər də buna nail olurlar.

Qeyd etmək lazımdır ki, ölkədə narkotiklərin tam kökünü kəsmək mümkün olmayıb və çox təəssüflər olsun ki, bu prosesdə bizim cənub qonşumuz xüsusi olaraq canfəşanlıq göstərməkdədir. Elə bir gün yoxdur ki, İrandan Azərbaycana narkotik vasitələrin keçirilməsi ilə bağlı hadisələrə şahidlik etməyək. Yeni üsullardan istifadə edirlər, dronlar vasitəsilə göndərilir, sosial şəbəkələr üzərindən bu prosesi yönlədirirlər. Və məlumatlar var ki, ölkə daxilində də psixotrop maddələrin daha asan üsulla hazırlanması istiqamətində hansısa qanundankənar addımlar atılır. Bütün bunların qarşısı, təbii ki, alınmalıdır. Müəyyən qədər alınır. Bir daha qeyd edirəm ki, o prosesi tam olaraq kökündən önləmək mümkün olmayıb, amma bu, bütövlükdə təkcə hüquq-mühafizə orqanlarının işi olmamalıdır. Hesab edirəm ki, cəmiyyət də prosesin qarşısının alınması üçün bu məsələdə ciddi addımlar atmalıdır. Maarifləndirici tədbirlər görülməlidir, gənclərin zərərli vərdişlərdən kənar olması üçün mütləq mənada maarifləndirici işlər aparılmalıdır, istər təhsil müəssisələrində, istər ailələrdə. Yəni bütövlükdə bizim hər birimizin vətəndaş məsuliyyəti olmalıdır ki, gələcək genefondumuza ən böyük zərbə ola biləcək narkotik vasitələrin istifadəsi və dövriyyəsi məəslələrində hüquq-mühafizə orqanlarına da öz dəstəyimizi ifadə etmiş olaq. Ən əsası da gənclərimizi, cəmiyyətimizi bu zərərli vərdişdən tam olaraq kənarlaşdıra bilək.

- Sizin sözünüzə qüvvət olaraq deyim ki, bu günlərdə sosial şəbəkələrdə bir valideyin övladına narkotik təklif edilməsi ilə bağlı məlumat paylaşmışdı...

- Təəssüflər olsun, belə hallar kifayət qədər çoxdur. Xüsusilə də cənub qonşumuz bu məsələdə olduqca ciddi canfəşanlıq göstərməkdədir. Çox təəssüflər olsun ki, İrandan Azərbaycana yanlış dini təfəkkürlə yanaşı, eyni zamanda narkotik vasitələrin transferinin də şahidi oluruq. Bu, illər boyu davam etməkdədir. Nə qədər qarşısı alınsa da, bir o qədər yeni yollar axtarırlar, tapırlar. Xüsusilə də bizim cənub regionlarımızın bir çoxunda gənclərin zərərli vərdişlərə cəlb olunmasına şahidlik etmişik.

Bir daha deyirəm ki, biz cəmiyyət olaraq hər birimiz toparlanmalı, zərərli vərdişlərdən insanımızı, xüsusilə gənclərimizi qorumalıyıq. 

- Qeyd etdiyimiz kimi, narkomaniya və narkoticarət kriminala münbit şərait yaradır. Bu fonda ölkəmizdə narkomaniya və narkoticarətin genişlənməsi ilə bağlı cinayətlərin sayının artması da baş verir. Narkomaniya-narkoticarətlə cinayətkarlığın genişlənmə tendensiyasının arasındakı əlaqəni necə kəsmək olar? Məsələn, Avropa öz praktikasında kannabisin tibbi bitki kimi apteklərdə satışına icazə verir, bəzi dekriminallaşdırma addımları atır. Sizcə, biz nəsə edə bilərik?

- Müxtəlif ölkələrdə fərqli yanaşmalar var. Deyək Niderlandda, ya elə bizim qonşu ölkə olan Gürcüstanda müəyyən qədər bu məsələdə yumşalmalar var. Marixuana və bəzi daha az təsirə malik olan narkotik vasitələrdən icazəyə imkanlar tanınıb. Hesab edirəm ki, bu, çıxış yolu deyil. Ümumilikdə bu kifayət qədər zərərli vərdişdir. Zərərli vərdişdən Azərbaycan insanını qorumaq üçün daha sərt tədbirlərin görülməsinə ehtiyac var. Mən bu qənaətdəyəm. Təbii ki, bu, Azərbaycan qanunvericiliyində həm də cinayət əməli hesab olunur. Narkotik vasitələrin dövriyyəsi və satışı, eləcə də istifadəsi, elə bu baxımdan qanunvericiliyin sərt tələblərinin yerinə yetirilməsi istiqamətində addımar atılması daha düzgün olar, nəinki hansısa yuşalmaya getmək. Yumşalmaya getmək, hesab edirəm ki, çox ağır fəsadlarla müşayiət oluna bilər. Bu baxımdan, Azərbaycan cəmiyyətində birmənalı olaraq sərt tədbirlər görülməsinə ehtiyac var.     

- Narkotik cinayətləri ilə (istifadəsi, satışı, narkotikin təsiri altında cinayətlər törətməsi vəs.) əlaqədar məhkum olunan şəxslərin sayı ilbəil artır. Məsələn, narkotiklə əlaqədar məhkum olunan şəxslərin sayı 2015-ci ildə 2489 nəfər idisə, 2020-ci ildə 3117 nəfər, 2024-cü ildə 7659 nəfər olub. Hətta narkotikin ailədaxili cinayətlərə də səbəb olduğuna mediada rast gəlirik. Bu məsələ həbsxanaların da yüklənməsinə səbəb olur. Əlbəttə, Prezidentin amnistiya təşəbbüsü icra olunduqdan sonra bu sahədə mövcud olan problemlər qismən aradan qalxacaq. Lakin bu da müvəqqəti xarakter daşıyır. Siz bu problemin birdəfəlik həllini necə görürsünüz?

- Bir daha qeyd edim ki, qanunvericiliyin sərt tələblərindən çıxış edərək, həmin şəxslərin məsuiyyətə cəlb edilməsinə şahidlik edirik. Amma bunlar kifayət deyil. Təkcə qadağalarla bunun qarşısını almaq mümkün deyil. Burada bütövlükdə cəmiyyətin bütün komponentləri işə düşməlidir. Deyəki ki, ictimai-siyasi sektorda olan şəxslər, vətəndaş cəmiyyətinin nümayəndələri, KİV-lər, eləcə də təlim-tərbiyə müəssisələrində müəllimlərimizdən tutmuş prosesə təsir etmək imkanı olan digər şəxslər cəmiyyətdə maarifləndirmə aparmalıdırlar. Narkotikin olduqca zərərli olduğunu diqqətə çatdırmaqla bu bəladan qurtarmaq üçün insanlarımız çox ciddi hərəkətə gəlməlidirlər. Mən də o statistik məlumatlarla tanışam. Təəssüflər olsun ki, son dövrdə narkotik vasitələrlə bağlı məhkum olunmuş şəxslərin sayı kifayət qədər ciddi səviyyədə artmaqdadır. Amma, eyni zamanda, bunun zərərli vərdiş olmasıyla bağlı da cəmiyyətdə fikir formalaşmaqdadır. Bununla bağlı müalicə müəssisələri də var, o cümlədən qeyri-dövlət sektorunda olan müalicə mərkəzləri formalaşmaqdadır. Zamanında müəyyən qədər narkotik vasitələrdən istifadə edən, sonradan zərərli vərdiş olduğunu bilən bir çox gənclərimiz də var ki, o mərkəzlərin açılmasında, fəaliyyət göstərməsində xüsusi rola malikdir. Bu gün həmin mərkəzlər fəaliyyət göstərməkdədir. Hesab edirəm ki, maarifləndirm ilə, insanları bu zərərli vərdişdən çəkinməyə çağırmaqla, əyani olaraq sübutlar göstərilməklə gənclərimizi bu zərərli vərdişdən uzaqlaşdırmaq istiqamətində hər birimiz öz imkanlarımız daxilində təbliğat aparmalıyıq. Görünən bundan ibarətdir ki, təkcə qadağalarla, məsuliyyətə cəlb etməklə bu bəlanın qarşısını almaq mümkün olmur.

Söhbətləşdi: Ülviyyə ŞÜKÜROVA

Stopnarkotik.az