ÇİN İRANA 16 TƏYYARƏ HƏRBİ YARDIM GÖNDƏRİB - İsraildəki hədəflər necə vurulur? / VİDEO

Türkiyənin İYİ Parti partiyasının qrup sədr müavini Turhan Çömez "Sözcü Tv"-də yayımlanan proqramda son dönəmlərdəki qlobal proseslərdə Çinin roluna dair diqqətçəkən açıqlamalar verib.

O bildirib ki, hazırda gedən proseslərdə Çin “görünməyən, amma ən təsirli güclərdən biri” kimi çıxış edir.

Çömez qeyd edib ki, Çin İranla bağlı proseslərdə aktiv şəkildə iştirak edir və bu ölkəyə müxtəlif sahələrdə dəstək verir:“Mənim qiymətləndirmələrimə görə, bu müharibənin görünməyən ən önəmli gücü Çindir. Bu gün Çin İranın arxasında dayanır”.

Onun sözlərinə görə, Çin müharibədən əvvəl İrana hərbi və texnoloji dəstək göstərib:“Çin savaş başlamadan əvvəl 16 təyyarə ilə İrana elektron müharibə texnologiyaları, raketlər və ehtiyat hissələri göndərib. Bu dəstək yalnız texnika ilə deyil, həm də kəşfiyyat sahəsində də davam edir. Çin tərəfindən verilən kəşfiyyat məlumatları İranın hərbi əməliyyatlarında mühüm rol oynayıb. Çindən alınan kəşfiyyat məlumatları ilə İran İsraildəki hədəfləri nöqtə atışı ilə vurdu”.

Çömez həmçinin qeyd edib ki, bölgədə Çinə məxsus yüksək texnologiyalı kəşfiyyat imkanları mövcuddur.

“Bəsra körfəzinin girişində Çinin çox böyük elektron kəşfiyyat gəmisı var. 6 min kvadrat kilometrlik ərazini analiz edir və 120 min hədəfi eyni anda izləyə bilir", -deyə o qeyd edib.

Onun sözlərinə görə, Çin bu prosesdə həm də öz enerji maraqlarını qoruyur. Çömez bildirib ki, Pekin üçün əsas məsələ enerji təhlükəsizliyidir və bu səbəbdən regiondakı münaqişələrə xüsusi həssaslıqla yanaşır.

Digər tərəfdən, siyasətçi Çinin Tayvan ətrafında hərbi güc toplamasının da təsadüfi olmadığını vurğulayıb.

O qeyd edib ki, bu addım birbaşa ABŞ-yə mesaj xarakteri daşıyır:“Çin Tayvanı əhatəyə alaraq Amerikaya deyir ki, əgər daha irəli getsən, buranı vuraram və mikroçiplərini itirsən, iqtisadiyyatının yarısını çökərdərəm”.

Çömez bildirib ki, Tayvanda yerləşən və dünya üzrə mikroçip istehsalının böyük hissəsini təmin edən zavodlar qlobal iqtisadiyyat üçün həyati əhəmiyyət daşıyır və Çin bunu strateji təzyiq aləti kimi istifadə edir.

Sonda o vurğulayıb ki, Çin bir tərəfdən İranı dəstəkləyərək Yaxın Şərqdə möhkəmlənir, digər tərəfdən isə Tayvan üzərindən ABŞ-yə qarşı ciddi iqtisadi və hərbi təzyiq yaradır./azpolitika.info