Yüngül cinayət törədənlərə qarşı alternativ cəza növü seçilməlidir? - TƏHLİL

Bəlkə də cinayəti ilk dəfə və daha yüngül formada törədənlərə qarşı humanist addımlar atılsaydı, ən azı alternativ cəzalar tətbiq olunsaydı, onlar islah olunar, əksinə, həbsə düşüb oradan “peşəkar cinayətkar” kimi çıxmazdılar…

Xəbər verdiyimiz kimi, post-sovet məkanında narkotiklə bağlı cinayətlərə görə cəzaların yumşaldılması gündəmdədir. Qırğızıstan və Rusiya ilk dəfə narkotiklə bağlı cinayət törədənlərin həbs edilməməsini müzakirə edirlər. 2026-cı ilin aprelində BMT-nin 69-cu sessiyasında da kiçik miqyaslı zorakılığın, yaxud digər yüngül narkotik cinayətkarlığının dekriminallaşdırılması təklifi irəli sürüldü.

Statsitik məlumatlara əsasən, Azərbaycanda həbsxanalarda məhbusların yarısından çoxu narkotiklə bağlı cinayət törədənlərdir. Onların müəyyən hissəsi narkotiklə bağlı birinci dəfə həbsə atılıb. Əlbəttə, insan cinayət törədirsə, bu cəzasız qala bilməz. Amma onu da etiraf etmək lazımdır ki, hazırda həbsxana həyatı məhbusları, xüsusən də narkotiklə bağlı həbsə düşənləri islah etmir. Əksinə, bəlkə cahillikdən, bəlkə təsadüfən, bəlkə də narkotikin ona cinayət aləminin hansı qapılarını açacağını təxmin edə bilmədiyindən bu cinayətə bulaşmış şəxslər həbsxanada daha da püxtələşir, həbsədək bir qədər naşı idilərsə, cəzaçəkmə müəssisəsində özlərindən daha “təcrübəli” narkotik məhbusları ilə bir araya gəlib, əlqələr qururlar. Nəticədə isə geniş narkotik şəbəkəsinin cənginə düşürlər, hansı ki, bu şəbəkə üçün bir dəfə həbsə düşmüşlər gələcək üçün “əlverişli əməkdaş” sayılır. Yəni onların narkoşəbəkənin “yem”inə çevrilmək ehtimalı çoxdur.

Təsadüfi deyil ki, narkotiklə bağlı cinayət törədənlərin sıralarında təkrar məhkumların sayı hər il artmaqdadır. Bu da onu deməyə əsas verir ki, az öncə qeyd etdiyimiz kimi, ilk dəfə narkotiklə bağlı həbsə düşənlər cəzaçəkmə müəssisəsində əvvəldən sahib olmadıqları əlaqələr tapır, münasibətlər qururlar. Bu da narkoitkin daha da tətiklədiyi kriminal fonu artırır.

Bu baxımdan, bəzi ölkələr ilk dəfə narkotik cinayəti törədənləri həbsxanaya yox, islah prosesinə yönəltməyin yolunu axtarırlar. Bəs, bizim ölkədə bu məsələ müzakirəyə gələ bilərmi?  

** 

Yuxarıda qeyd etdiyimiz kimi, narkotiklə bağlı həbs olunan dustaqlar az qala həbsxanada cəzaçəkənlərin yarısını təşkil edir. Vəkillər, hüquq ekspertləri də bildirirlər ki, azadlıqdan məhrumetmə cəzalarının yerinə alternativ cəzalar da verilə bilər. Hərçənd, hakimlərimiz buna çox da meyl etmir. Amma həm həbsxanaların dolu olması, həm ilk dəfə həbsə düşən şəxslərin orada islah olunmasının çətinliyi, həm dövlətin türmələrdəki şəxslərin adambaşına düşən xərcləri səbəbindən büdcənin yüklənməsi faktorlarına görə, ağır olmayan narkotik cinayəti törədənlərə alternativ cəzaların verilməsi gözdən keçirilə bilər.

Bunun yolu nə ola bilər? Misal üçün, alternativ cəzalardan biri ilk dəfə külli mqidarda alışa, daşımaya, hətta kiçik miqdarda satışa görə, yüksək məbləğdə cərimə ödənişinə məruz qala bilər. Yəni narkotik satıb, ya da daşıyıb pul əldə etmək istəyənlərin üzərinə böyük miqdarda pul yükü qoyulmalıdır ki, o, bir də cəsarət edib bu işə girişməsin. Bunun üçün, sözügedən cinayətlərin ilk dəfə törədildiyi istisna hal kimi nəzərdə tutula, eyni zamanda miqdar baxımından da narkotikin növü və çəkisinin az olması əsas götürülə bilər.

Ümumiyyətlə, narkotiklə bağlı cinayət işləyənlər kateqoriyalaşdırıla bilər. Çünki, əksər vəkillərin də dediyi kimi, cəzanın məqsədi qisas almaq yox, islah etməkdir və islah üçün bütün şanslar istifadə olunmalıdır. Əvvəl-axır türmədən çıxan və islah olunan hər bir şəxsin cəmiyyətə dönəcəyi bəllidir. Bu, həm də dövlətin penitensiar sistemə sərf etdiyi xərclərə, digər qəbildən olan dustaqların təminatına ayrılan vəsaitlərin azalmasına, dövlətin bu yolla qənaət etməsinə kömək etmiş ola bilər.

Əlbəttə, bir daha qeyd edək ki, sözünü etdiyimiz akt yüngül cinayət etmiş şəxsin girov, pul ödənişi əvəzində azadlığa buraxılması formasında yerinə yetirilə bilər. Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyinə görə, şəxsin pul müqabilində azadlığa buraxılması girov (zaminlik formasında deyil, məhz pul təminatı kimi) kimi tanınır və bu məsələ Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi ilə tənzimlənir. Ümumi prinsip girov qətimkan tədbiri kimi tətbiq olunur və məqsədi şəxsin istintaqdan və məhkəmədən yayınmamasını təmin etməkdir.

**

Şübhəsiz, bu tədbir hər bir cinayət üzrə avtomatik tətbiq edilmir. Bəs, bu akt hansı cinayətlərdə mümkündür? Girov əsasən ağır olmayan və az ağır cinayətlərdə, bəzi hallarda isə əgər şəxs qaçmaq təhlükəsi yaratmırsa, istintaqa mane olacağı ehtimalı azdırsa, zərərçəkmişlərə təsir göstərmək riski yoxdursa və s. hallarda tətbiq edilə bilər.

Bəs, hansı hallarda bu metod tətbiq olunmur? Praktikaya və qanunun mahiyyətinə görə, girov xüsusilə ağır cinayətlərdə (məsələn, qəsdən adam öldürmə, terrorçuluq və s.), təkrar cinayət törədənlərdə, ictimai təhlükəliliyi yüksək olan şəxslərdə, qaçma, gizlənmə və ya sübutlara təsir riski yüksək olduqda çox məhdud və ya ümumiyyətlə tətbiq edilmir. Və bu akt tətbiq edilərsə, girovun tətbiqi barədə qərarı yalnız məhkəmə qəbul edir. Məbləğ cinayətin ağırlığına, şəxsin maddi vəziyyətinə və digər hallara görə müəyyən edilir.

Bir daha qeyd edək ki, qanun konkret olaraq “yalnız bu cinayətlərdə girov olar” kimi siyahı vermir. Qərar cinayətin kateqoriyası, şəxsin davranışı, risk faktorları əsasında fərdi qaydada verilir.

Məsələnin bura qədər hissəsi aydındır. Yazılanlardan da göründüyü kimi, pul girovu ilə azadlığa çıxmaq təkrar cinayət törədənlərə tətbiq olunmur. Amma onu da nəzərə alaq ki, narkotik cinayəti törədənlərin içində keçmiş məhkumların çəkisi heç də az deyil. Bəlkə də cinayəti ilk dəfə və daha yüngül formada törədənlərə qarşı humanist addımlar atılsaydı, ən azı alternativ cəzalar tətbiq olunsaydı, onlar islah olunar, əksinə həbsə düşüb oradan “peşəkar cinayətkar” kimi çıxmazdılar.

Bütün deyilənlərə bir nüansı da əlavə edək. Əlbəttə ki, bu təklifdə məqsəd cinayət törətmişlərn ucdantutma pul girovu müqabilində azadlıqdan məhrumetmə cəzasından qurtulması deyil. Amma, əgər cinayət törədənlərin yaxınlarının onların həbsə düşməməsi üçün rüşvət də daxil, hər yola əl atdığını düşünsək, hansı ki, bu istisna deyil, yüksək məbləğdə pul girovu müqabilində azadlıqdan məhrumetmə cəzasının tətbiqi rüşvətin hansısa paqon sahiblərinin cibinə deyil, dövlət büdcəsinə axmasını təmin edərdi. Hətta şəxsin ikinci dəfə narkotiklə bağlı cinayət törədəcəyi təqdirdə cəza ağırlaşdırıla da bilər. Ona görə, bu barədə ciddi düşünməyə dəyər… 

Ülviyyə ŞÜKÜROVA

Stopnarkotik.az

P.S. Mövzunu hüquqşünaslar və kriminalistlərlə müzakirə edəcəyik.