“AMERİKANIN HİTLERİ”, “FIRILDAQÇI”... - Vens və Rubio Tramp və müharibə barədə nə demişdi?

ABŞ-nin İsraillə birgə İrana qarşı hücumu Amerikanın özündə də birmənalı qarşılanmır.

“AzPolitika” xəbər verir ki, son günlər mediada və sosial şəbəkələrdə ABŞ-nin indiki administrasiyasının rəhbər şəxslərinin illər əvvəl ABŞ-nin digər ölkələrdə müharibələr aparmasını tənqid edən fikirləri dərc edilir.

Bunlardan biri də hazırkı vitse-prezident Cey Di Vensin ABŞ-dəki son prezident seçkilərindən öncə söylədikləridir. Həmin vaxt Vens Demokratları və onların namizədi Kamala Harrisi ABŞ gənclərini xaricdəki müharibələrə cəlb etdiklərinə görə tənqid etmişdi.

Vens 2024-cü ildəki çıxışında demişdi: "Donald Tramp və mən inanırıq ki, Amerika sərt olmalı və güclü xarici siyasət yürütməlidir. Lakin Kamala Harris kimi insanlar oğul və qızlarımızı, gənclərimizi axmaq müharibələrə göndərəndə əsas yük gənc nəslin üzərinə düşür. Gənclərimizi uzaq ölkələrə göndərməyi dayandıracağıq. Biz dünya polisi deyilik. Gənclərimizin burada, evdə lazımlı olmasına ehtiyacımız var".

Göründüyü kimi, həmin vaxt ABŞ-nin “dünya polisi olmadığını” iddia edən hazırkı vitse-prezident indi İrana qarşı hücumu və ABŞ əsgərlərinin uzaq ölkəyə göndərilməsini dördəlli dəstəkləyir.

Ancaq Vensin daha əvvəllər dedikləri və indiki fəaliyyətilə üst-üstə düşməyən təkcə bu deyil. Məsələn, zamanında Vensin və hazırkı Dövlət katibi Marko Rubionun Donald Trampla bağlı işlətdikləri “çox maraqlı” ifadələr olub. 2016-cı il prezident seçkiləri zamanı Vens Trampa qarşı ən sərt çıxışlar edəndən biri olub. O, seçicilərin Trampa olan marağını “heroin asılılığı” ilə müqayisə etmiş, Trampı "Amerika Hitleri" və "axmaq", özünü isə "heç vaxt Tramp olmayacaq adam" adlandırmışdı.

Marko Rubio da keçmişdə Tramp barədə heç də xoş sözlər deməyib. Həmin illərdə Rubio açıq şəkildə Trampı "nüvə kodlarının etibar edilməməli olduğu fırıldaqçı" adlandırmışdı.

İndi isə bu adamlar Trampın yanında durub, onun bəzən sarsaq, ədalətsiz, irqçi, mənəviyyatdan və beynəlxalq hüquqdan uzaq açıqlamalarına gülümsəyirlər. Onun hər cür axmaqlığını dəstəkləyir, dediklərinə don geydirirlər.

Məsələn, Tramp son olaraq, İranda yüzdən çox şagirdin qətl edildiyi raket hücumunun ABŞ tərəfindən törədilmədiyini, hətta bunun İranın özü tərəfindən edildiyini demişdi. Sonradan yayımlanan videogörüntülərdən zərbənin “Tomaqavk” raketi ilə endirildiyi üzə çıxdı və bütün ekspertlər də bunu təsdiqlədi. Bu raket isə yalnız ABŞ-dədir…

Beləliklə də, ABŞ-nin indiki adminstrasiyası bir daha "Biz Ukraynaya hücum etməmişik, müharibəni Ukrayna başlayıb..." və s. bu kimi açıq yalanlar danışan, saxtakarlıq, riyakarlıq edən Putinlə eyni "bezin qırağı” olduğunu göstərir. Bütün bunlar isə bir daha dünyanın kimlərin əlində olduğu barədə təsəvvür və acı təəssürat yaradır…

E.Qüdrətoğlu