Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının təqdim etdiyi hesabatda qeyd olunur ki, 2024-cü ildə aqrotexniki qaydada xüsusi qulluq edilən 15 663 ədəd çətənə bitkisi qanunsuz dövriyyədən çıxarılıb. Həmin il Dövlət Komissiyasının İşçi Qrupunun təşkilatçılığı ilə ümumilikdə 58 773 ədəd narkotik xassəli çətənə bitkisi yandırma yolu ilə məhv edilib.
Həmçinin, hesabat dövründə (2024-cü il) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin və digər aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə 1 460,3 hektar sahədə çəkisi 458 ton 803 kq 994 qram olan 2 909 014 ədəd yabanı halda bitmiş narkotik tərkibli bitkilər müəyyən olunaraq müvafiq qaydada məhv edilmişdir.
2025-ci ilin hesabatına görə isə, yanvar-dekabr ayları dönəmində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin təşkilatçılığı və digər aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə 779,9 hektar sahədən yaş kütləsi 319 ton 031 kq 100 qr olan 3 054 537 ədəd yabanı halda bitmiş narkotik tərkibli bitkilər müəyyən olunaraq müvafiq qaydada məhv edilib. Qanunsuz dövriyyədən isə 18 937 ədəd çətənə kolu götürülüb.
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının təqdim etdiyi 2026-cı ilin yanvar-may dövrü üzrə hesabatında isə qeyd olunur ki, müsadirə edilmiş müxtəlif növ narkotik vasitələrin 3 ton 664 kq 289,599 qr-nı (85,9%) marixuana təşkil etmişdir. Onun da 2 ton 988 kq 320,239 qr qramı (82,0%) tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş xarici ölkə mənşəli olmuşdur. 675 kq 969,36 qramı (20,4%) isə iqlim şəraitinə uyğun olaraq ölkə ərazisində istixanalarda, zirzəmilərdə, meşə ovalıqlarında və çay yataqlarında qanunsuz kultivasiya edilib.

Aşkarlanmış faktlar üzrə yanvar-may dönəmində qanunsuz dövriyyədən 3660 ədəd çətənə bitkisi aşkar edilrək götürülüb. DİN-in rəsmi statistikalarına əsasən, çətənə kollarının hər biri kökü və yaşıl yarpaq kütləsi ilə birlikdə ortalama 600 qramdan 1.4 kiloqrama qədər çəki verə bilir (https://www.xalqqazeti.az/az/sosial-heyat/230896-oguzda-ton-cetene-kolu-mehv), (https://nmdk.gov.az/page/post/2309/Xocali-rayonu-erazisinde-2800-eded-cekisi-1690-kq-olan-yabani-halda-bitmis-cetene-bitkisi-mehv-edilib). Bu baxımdan, təxmin edə bilərik ki, 3 660 ədəd çətənə bitkisinin çəkisi onların növündən (sənaye və ya narkotik tərkibli), yaşından, boyundan və quruluq səviyyəsindən asılı olaraq təxminən 1 ton ilə 2.5 ton (1000 kq - 2500 kq) arasında ola bilər. Onu da əlavə edək ki, qanunsuz kultivasiya edilən çətənə ilə yabanı halda bitən çətənə fərqlidir. Kultivasiya edilən çətənə xüsusi olaraq yüksək psixoaktiv maddə (THC/tetrahidrokannabinol) almaq üçün yetişdirilir. Yabanı çətənədə bu maddə çox aşağı olur və ya demək olar ki, olmur.
Hesabat dövründə (2026 yanvar-may) qanunsuz dövriyyədən çıxarılmış və ya müsadirə edilmiş az və xeyli miqdarlarda olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi üzrə komissiyaların birgə təşkilatçılığı ilə 26 rayon və şəhərdə 583 məhkəmə hökmü üzrə barəsində məhvetmə qərarı qəbul edilmiş ümumi çəkisi 27 kq 814,826 qr müxtəlif narkotik vasitələrin, psixotrop maddələrin, 113 ədəd çətənə bitkisi və 19 ədəd həb güclü təsir edən maddənin məhv olunması təmin edilib.

Yanvar-may ayı üzrə kultivasiya edilmədən yabanı halda bitən çətənə haqda təfərrüatlı məlumat hələ ki, verilməyib. Amma sözümüzün canı başqadır. Yuxarıda qeyd etdiyimiz kimi, yabanı çətənə bitkisində psixoaktiv maddə (THC/tetrahidrokannabinol) çox aşağı olur və ya demək olar ki, olmur. Yabanı çətənə möhkəm lifləri və qidalı toxumları sayəsində əkinçilikdən tutmuş sənayeyə qədər geniş sahədə istifadə olunur. Əsasən kağız istehsalı, toxuculuq və geyim, qida sənayesi, inşaat və avtomobil, tibb və kosmetika, heyvandarlıq kimi sahələrdə istifadə olunur. Qeyd edək ki, təkcə 2026-cı ilin iyun ayı ərzində məhv edilən yabanı çətənənin miqdarı 45,9 ton və 13 934 ədəd yabanı çətənə kolu məhv edilib. Hansı ki, onsuz da yabanı halda bitən çətənədə THC çox aşağı olur, bu halda onu yandırmaqdansa daha faydalı məqsədlərlə istifadə etmək yaxşı olmazmı? Əgər yabanı çətənə başqa otdan fərqlənmirsə, tərkibində psixoaktiv maddə çox aşağı olursa, onu kultivasiya edilərək becərilən çətənə kimi yandırmağın nə mənası var? Bu barədə xarici ölkələrin təcrübəsindən istifadə edə bilərik.

Məsələn, çətənə (hemp) lifi ekoloji cəhətdən təmiz, davamlı və nəfəs alan təbii materialdır. Onu əsasən davamlı modaya üstünlük verən Patagonia, Jungmavenven, Wama Underwear, Tentree, Reistor kimi brendlər və eko-geyim firmaları istifadə edir. Çətənə lifləri çox dözümlüdür, pambıqdan 3-4 dəfə daha möhkəmdir, sağlamdır, təbii olaraq bakteriya əleyhinədir, qoxu saxlamır, komfortludur, çünki hər yuyulmadan sonra daha da yumşalır və ekolojidir, ona görə ki, yetişdirilməsi üçün çox az su tələb olunur və dərmanlara ehtiyac qalmır.
Həmçinin, çətənə bitkisi (texniki çətənə) möhkəm və ekoloji təmiz xüsusiyyətləri sayəsində müasir tikintidə geniş istifadə olunur. Əsasən bitkinin gövdəsinin oduncaqlı hissəsi və lifləri istifadə edilir.

Məsələn, çətənə betonu kimi. Hansı ki, çətənə betonu çətənə oduncağı, əhəng və suyun qarışığıdır. Adi betondan 8 dəfə yüngüldür. Divar hörgü materialı kimi istifadə olunur. Çox güclü istilik və səs izolyasiyası yaradır. Havanı tənzimləyir və nəfəs alır.
İzolyasiya plitələri kimi. Çətənə liflərindən evlərin dam, döşəmə və divarlarını istidən/soyuqdan qorumaq üçün yastı və ya rulon izolyasiya materialları hazırlanır.
Çətənə kətanı və ipləri kimi. Taxta evlərdə şüaların və kötüklərin arasını, qapı-pəncərə kənarlarını doldurmaq üçün təbii izolyasiya materialı kimi tətbiq edilir.
Eko-suvaq. Bu, çətənə tozunun əhəng və gips kimi təbii materiallarla qarışığıdır. Evlərin daxili və xarici divarlarına çəkilir. Divarların nəm və səs keçirməsini azaldır. Çünki çətənə karbon neqatifdir, yəni bu bitki böyüyərkən çoxlu karbon qazı udur. Bu materiallardan istifadə karbon izini sıfıra endirir. Uzunömürlülük baxımından göbələk, kif və gəmiricilərə qarşı davamlıdır.

Yanğına davamlılığa gəlincə isə, tərkibindəki əhəng səbəbindən alovlanmaya qarşı çox yüksək müqavimət göstərir. Məsələn, IsoHemp (Belçika- çətənə blokları hazırlayır), Hempitecture (ABŞ-da yerləşən istehsalçı çətənə əsaslı izolyasiya və tikinti məhsulları hazırlayır), UK Hempcrete (Böyük Britaniyada çətənə əsaslı ekoloji tikinti layihələri üçün material təchizatı edir, Hemp and Block (ABŞ mərkəzli olub, ABŞ-da yetişdirilən çətənədən xüsusi çətənə kərpicləri və panelləri istehsal edir), Hempbuild (İrlandiya mərkəzli şirkət beynəlxalq miqyasda təbii çətənə tikinti blokları və izolyasiya materialları tədarük edir) şirkətlərinin fəaliyyətinə nəzər salmaq olar.
Gələk kosmetik və gigiyenik vasitələrə. Çətənə əsaslı kosmetika və gigiyena vasitələri dərini nəmləndirir, qıcıqlanmanı aradan qaldırır və sağalmanı sürətləndirir. Bu məhsullar psixoaktiv maddələr (THC) daşımır, əvəzinə faydalı yağ turşuları (Omeqa 3 və 6) ilə zəngindir. Məsələn, Çexiya mənşəli “Cannadorra” markası çətənə kosmetikası sahəsində ixtisaslaşıb. Ən çox satılan məhsulları arasında çətənə sabunları, saç şampunları, bədən yağları və əzələ ağrıları üçün məlhəmlər var.

Siberian Wellness - Azərbaycan bazarında da geniş yayılmış brenddir. Onların istehsal etdiyi Çətənə Yağı və Vitamin E tərkibli əl kremi dəri quruluğunu bərpa edir.
Dermokil (Ezel Kosmetik) - Türkiyə istehsalı olan bu marka çətənə yağı tərkibli toniklər və bədən kremləri təklif edir. Bu seriya dərinin lipid qatını qorumaq üçün nəzərdə tutulub.
Cannaderm, PALACIO və CBD VITAL da keyfiyyətli, dermatoloji olaraq test edilmiş çətənə və CBD məhsulları istehsal edən aparıcı firmalardandır.

Yabanı çətənə (hemp) yağı və lifləri dayanıqlı, təbii və antibakterial xüsusiyyətlərinə görə ekoloji təmizləyici vasitələrdə geniş istifadə olunur. The Good Oil - Avstraliya mənşəli firma məşhur olan The Good Oil Hemp Eco Clean adlı məhsulunu təqdim edir. Bu, paltar, səthlər və hətta avtomobil təmizliyi üçün istifadə olunan, çətənə yağı əsaslı ekoloji yuyucudur.
Hempy Home (Zatural) - ABŞ bazarına daxil olan Zatural brendi çətənə konsentratlarından hazırlanan kimyəvi tərkibsiz, 100% təbii təmizləyici məhsullar satır.
MadeKind - Böyük Britaniyada bitki mənşəli məhsullar təklif edən “91 Magazine” nəşrinin məlumatına görə, firma qab və hamam təmizləyicilərində dayanıqlı təbii inqrediyentlərdən istifadə edir.

Blueleaf - sənaye və ticarət məkanları üçün təmizlik kimyəviləri təqdim edən “Blueleaf Care” kimi məhsullarda da bitki tərkibli komponentlərə rast gəlinir. Yabanı çətənə təmizləyiciləri təbii yağlar sayəsində əlləri qurutmur, ən əsası suları çirkləndirmir və bioloji olaraq parçalanır.
Avtomobil firmaları çətənə liflərini plastiklə qarışdıraraq yüngül, möhkəm və ekoloji təmiz hissələr düzəldir. Bu materiallar şüşə liflərini əvəz edir, maşının çəkisini azaldır və yanacaq qənaətinə kömək edir. Məsələn, BMW. Məşhur elektrik avtomobili i3-ün qapı panellərində və salon hissələrində çətənə lifli biokompozitlərdən istifadə edir.
Volkswagen / Audi- süni dəri əvəzinə sənaye çətənəsindən hazırlanan ekoloji LOVR adlı materialı avtomobil interyerlərində tətbiq edir.
Mercedes-Benz şirkəti E-Class model avtomobillərin istehsalında kimyəvi plastik və metalı təbii bitki lifləri (çətənə, kətan, sisal və s.) ilə əvəz edir.

Qida kimi istifadəsinə gəlincə, öncə qeyd edək ki, heyvandarlıqda sənaye çətənəsindən istifadə olunur. Kanada, ABŞ, Almaniya, Fransa və Çin kimi ölkələr çətənə toxumu, cecəsi və yağını heyvan yemi (əsasən quşlar, mal-qara və ev heyvanları üçün) kimi istifadə edir. Səbəb - yüksək protein, sağlam yağlar (Omeqa-3 və Omeqa-6) və liflə zəngindir. Heyvanların ət və süd keyfiyyətini artırır, həmçinin xəstəliklərə qarşı immuniteti gücləndirir. Heyvanlara birbaşa yaşıl bitki deyil, yağ çıxarıldıqdan sonra qalan çətənə cecəsi (hempseed cake) və ya toxumları verilir. ABŞ-ın Qida Təhlükəsizliyi Agentliyi (FDA) çətənə toxumu yemlərini təsdiqləyib, lakin tərkibindəki THC və CBD miqdarına ciddi nəzarət olunur. Avropa İttifaqı (Aİ) qanunvericiliyinə görə sənaye çətənəsi heyvanlara əsasən yaşıl yem (silage) kimi deyil, daha çox əlavə protein mənbəyi kimi verilir.
İnsan qidasına gəlincə, Manitoba Harvest (Fresh Hemp Foods): Dünyanın ən böyük çətənə qida markalarından biridir. Çətənə ürəkləri (təmizlənmiş toxum), çətənə yağı və protein tozları istehsal edir. Victory Hemp Foods - xüsusilə qida sənayesi üçün neytral dadlı çətənə zülalları və kulinariya yağları hazırlayan, innovativ ABŞ şirkətidir.
Canah International - Avropanın ən böyük çətənə emalçılarından biridir. Sertifikatlı üzvü qida brendlərinə çətənə toxumu, yağı və lifləri tədarük edir.
Hemp Foods Australia - Avstraliyanın qabaqcıl brendidir. İmmunitet dəstəkləyici bulyonlar, orqanik çətənə toxumları və yağları təklif edir.

HPS Food & Ingredients - Qlobal qida sənayesi üçün yüksək keyfiyyətli bitki mənşəli proteinlər və çətənə unları istehsal edən tədarükçüdür. Protein tozu - vegan və idman qidalanmasında zəngin amin turşusu mənbəyi kimi istifadə olunur. Çətənə unu - qlütensiz çörək-bulka və bişinti məhsullarının istehsalında tətbiq edilir. Əgər qida sahəsinə düzgün yanaşabiləcəyimizdən əmin ola bilmiriksə, digər sahələrdə bu bitkini tətbiq edə bilərik.
Düşünürük ki, hələlik bu qədər yetərlidir. Elə təkcə bu sahələri işə salmaqla Azərbaycanda narkomaniyanın qarşısnın alınmasına işsizliyin aradan qaldırılması ilə töhfə vermək olar. Hansı ki, narkomaniyanın tüğyan etməsinin səbəblərindən biri də iqtisadi problemlər və işsizliktir. Çox şeydə olduğu kimi, burada da yerimizdə saymaydayıq, gerdiə qalmışıq. 100 il əvvəl deyildiyi kimi, “xaricilər göydə balonla gəzir, biz hələ avtomobilə minməyirik”.
Bizdən olan təklifi irəli sürmək, cəmiyyətin gözünü açmaqdır. Ən azından bu bitkini yandırmaqdansa, başqa ölkəyə satmaq daha məntiqli olar. Mexanizm məsələsini, bunun necə reallaşdırılacağını isə qoy hökumət düşünsün.
Bütün deyilənlərə əlavə edək ki, yazılanlarla yanaşı, çətənənin narkotik kimi tibbi məqsədlərlə sərbəst istifadəsinə əsla və qətiyyən icazə verilməməlidir.
Hazırladı: Ülviyyə ŞÜKÜROVA
Stopnarkotik.az