ABŞ “Qiyamət günü” təyyarəsinə 1 milyard dollar xərcləyəcək

Pentaqon E-4B “Qiyamət günü” təyyarəsinin modernləşdirilməsi üçün təxminən 1 milyard dollar xərcləyəcək.
Bu barədə məlumat Pentaqonun rəsmi saytında öz əksini tapıb.
Məlumata görə, “Strategic Mission Systems” şirkəti təyyarəyə texniki xidmət göstərilməsi və təkmilləşdirilməsi üçün Pentaqondan 984 milyon dollar alacaq.
Müqaviləyə görə, işlərin 24 iyun 2037-ci ilə qədər tamamlanması gözlənilir.
Qeyd edək ki, iyun ayının əvvəlində də ABŞ Hərbi Hava Qüvvələri nüvə münaqişəsində strateji qüvvələrə nəzarət etmək üçün yeni təyyarənin hazırlanmasını tələb etmiş və bu təyyarənin hazırlanması üçün 2,2 milyard dollara ehtiyac olduğunu bildirmişdi.
Yeni təyyarə köhnəlmiş E-4B təyyarəsini əvəz etmək üçün nəzərdə tutulub. Digər “Qiyamət günü” təyyarələri kimi, o da nüvə partlayışlarından və elektromaqnit impulslarından qorunacaq.
ABŞ prezidenti, müdafiə naziri və digər əsas vəzifəli şəxslər yerüstü qərargahları dağıdıldığı təqdirdə silahlı qüvvələrə buradan komandanlıq edə biləcəklər.
Müqaviləsi “Sierra Nevada Corporation” şirkəti ilə imzalanıb və əsas layihələndirmə mərhələsinin 2031-ci ilin sonuna qədər tamamlanması planlaşdırılır.