“TikTok”da başlayan mübahisə bıçaqlanma ilə nəticələndi - 4 İL HƏBS CƏZASI

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa az ağır zərər vurmada təqsirləndirilən Amil Quliyevin (soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Hakim Firdovsi Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 4 il müddətə azadlıqdan məhrum edilib.

İttihama görə, hadisə 2025-ci ildə saat 21 radələrində paytaxtın Sabunçu rayonu ərazisində qeydə alınıb.

Belə ki, Amil Quliyevlə tanışı, zərərçəkmiş İlham Həsənzadə (soyadı şərtidir) arasında "TikTok" sosial şəbəkəsində canlı yayım zamanı mübahisə yaranıb. O, anlaşılmazlığı aydınlaşdırmaq məqsədilə zərərçəkmiş şəxsin çağırışı ilə hadisə yerinə gəlib. Burada tərəflər arasında şəxsi münasibətlər zəminində yenidən mübahisə yaranıb.

Bu zaman İlham Amili döyərək ona sağlamlığa zərər vurmayan bədən xəsarətləri yetirib. Təqsirləndirilən şəxs yerə yıxıldıqdan sonra qarşıdurma davam edib. O, zərərçəkmiş şəxsin altında qaldığı vəziyyətdə üzərində olan bıçaqla İlhama iki dəfə zərbə endirib.

Nəticədə zərərçəkmiş şəxs döş qəfəsinin sol yarısının yan səthinin döş və qarın boşluğuna nüfuz edən, dalağın, sol böyrəyin və diafraqmanın yaralanmasına səbəb olan, həmçinin sol tərəfli hemopnevmotoraksla müşayiət edilən bir ədəd deşilmiş-kəsilmiş yara alıb. Hadisə zamanı onun dalağı və sol böyrəyi cərrahi yolla çıxarılıb.

Bundan başqa, zərərçəkmişə qarının ön divarının daxilə nüfuz edən, qaraciyərin və mədənin yaralanmasına səbəb olan daha bir deşilmiş-kəsilmiş yara yetirilib. Məhkəmə-tibbi ekspertizanın rəyinə əsasən, zərərçəkmişə yetirilmiş hər iki xəsarət həyat üçün təhlükəli olmaqla sağlamlığa ağır zərərvurma kateqoriyasına aid edilib.

Beləliklə, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 126.1-ci maddəsi – qəsdən sağlamlığa ağır zərər vurma maddəsi ilə ittiham elan olunub.

Məhkəmə iclasında ifadə verən Amil Quliyev elan olunmuş ittiham üzrə özünü tam təqsirli bildiyini deyib. O, zərərçəkmiş şəxslə orta məktəbdə birlikdə oxuduqlarını, aralarında əvvəllər ciddi ədavətin olmadığını söyləyib.

Amilin sözlərinə görə, İlham Həsənzadə tez-tez ona sataşır, müxtəlif zarafatlar edir və mübahisəyə meyilli davranışlar nümayiş etdirirdi. Hadisədən bir gün əvvəl gecə saatlarında "TikTok" sosial şəbəkəsində keçirilən canlı yayım zamanı zərərçəkmiş şəxs ona nalayiq məzmunlu işarələr göndərib, bundan sonra tərəflər arasında söz mübahisəsi yaranıb.

Təqsirləndirilən şəxs bildirib ki, canlı yayım başa çatdıqdan sonra İlham ona zəng edərək görüşmək istədiyini deyib. Ertəsi gün isə zərərçəkmiş onu Sabunçu rayonu ərazisində yerləşən "Kənanın dükanı" adlı marketin yanına çağırıb.

O, həmin ünvana getdiyini, əvvəlcə aralarında söhbət olduğunu, daha sonra isə zərərçəkmişin nalayiq ifadələr işlətməsi səbəbindən ona bir zərbə vurduğunu deyib. Bundan sonra tərəflər arasında dava başlayıb və hər ikisi yerə yıxılıb.

Amilin ifadəsinə görə, yerdə olarkən İlham onun baş və üz nahiyəsinə zərbələr endirib. O isə qarşı tərəfin üstündən düşməsi məqsədilə üzərində olan bıçaqla iki dəfə zərbə vurub.

Hadisədən sonra ərazidən uzaqlaşdığını və istifadə etdiyi bıçağı yolda atdığını bildirən təqsirləndirilən şəxs iki gün sonra könüllü olaraq polis şöbəsinə gedərək təslim olduğunu deyib.

O, törətdiyi əməldən peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını və sonuncunun ona qarşı heç bir şikayət və tələbinin qalmadığını bildirərək, məhkəmədən bu halların nəzərə alınmasını xahiş edib./pravda.az