İran nümayəndə heyəti ABŞ Prezidenti Donald Trampın hədələrindən sonra İsveçrədə keçirilən danışıqlar meydanını tərk edib.
İslam Respublikası bu addımı amerikalı liderin bəyanatlarına etiraz olaraq atıb.
Məlumatlara görə, Tehran Vaşinqtondan tərəflərin bir-birini hədələməsini qadağan edən qarşılıqlı anlaşma memorandumunun birinci bəndinə əməl olunmasını tələb edir.
Qeyd edək ki, bundan əvvəl Tramp İranı Livanda nəzarətindəki qüvvələri problem yaratmağı dərhal dayandırmağa məcbur etməyə çağırıb. Əks halda, o, İrana çox ağır zərbə vuracağı ilə hədələyib.
Siyasi şərhçi Məhəmməd Əsədullazadə bildirib ki, bu cür hədələr danışıqlar prosesinə ümumən ziyan vura bilməz:
“İranla ABŞ arasında aparılan danışıqlarda müəyyən irəliləyişlər əldə olunub. Təbii ki, Donald Tramp yenidən İran Prezidentini hədələyib. Amma əldə etdikləri razılaşmada bir-birini hədələməmək müddəası da yer alıb. Tehran bu əsasda etiraz edərək, danışıqları tərk edəcəyini bildirib”.
Həmsöhbətimizin sözlərinə görə, Tramp özünü dünya lideri, İran üzərində qalib gələn prezident kimi göstərdiyindən ara-sıra belə açıqlamalar verir.
Amma bununla belə, M.Əsədullazadə düşünür ki, tərəflər arasında növbəti razılaşma əldə olunacaq:
“Bütün bunlara baxmayaraq, danışıqlar müsbət istiqamətdə gedir. Artıq ekspertlər qrupu da yaradılıb. Hörmüz boğazının açılması, nüvə məsələsi, sanksiya altında olan vəsaitlərin İrana qaytarılması, “Hizbullah”, Livan kimi məsələlər müzakirə olunur. Təbii ki, İsrail də çalışır ki, proses pozulsun. Tramp özü də növbəti dəfə İran liderləri barədə neqativ nəsə deyə bilər. Amma danışıqlar davam etdiriləcək. Düşünürəm ki, növbəti mərhələdə müəyyən razılaşma əldə oluna bilər”./bakupost.az