ABŞ-ın bombardmançı təyyarəsi qəzaya düşdü: ÖLƏNLƏR VAR

Los-Ancelesin şimal-şərqində yerləşən "Edvard" aviabazasından havaya qalxdıqdan qısa müddət sonra "B-52" bombardmançı təyyarəsinin qəzaya uğraması nəticəsində səkkiz ekipaj üzvü həlak olub.

Bu barədə bazanın rəhbərliyinin açıqlamasında bildirilib.

"Bu, əsl faciə idi və oradan sağ çıxmaq qeyri-mümkün idi", - deyə polkovnik Ceyms Heys mətbuat konfransında bildirib.

Məlumata görə ekipaj hərbi rəsmilərdən, mülki şəxslərdən və dövlət podratçılarından ibarət olub. Təyyarənin istehsalçısı olan "Boeing" şirkəti də uçuşda iki əməkdaşının olduğunu təsdiqləyib:

"Biz onların ailələri ilə əlaqə saxlayırıq və onlara lazımi dəstəyi təklif edirik".

Rəsmilərin sözlərinə görə, bazar ertəsi qəzaya uğrayan "B-52 Stratofortress" təyyarəsi planlaşdırılmış sınaq uçuşunu həyata keçirirdi və yerli vaxtla saat 11:20-də uçuşa başlamışdı.

Bazadan verilən məlumata əsasən, arxasında böyük qara tüstü izi buraxan bombardmançının qəzaya uğramasına xilasetmə xidmətləri dərhal reaksiya veriblər.

Sonda o da bildirilib ki, hadisə ilə bağlı araşdırma başlanılacaq, lakin dəqiq təfərrüat ictimaiyyətə təxminən altı aydan sonra məlum olacaq./oxu.az