ABŞ Prezidenti Donald Tramp İrana qarşı hücumları dayandırıb Tehranla danışıqlara gedəndə demişdi ki, istədiyi nəticəni əldə etmədiyi təqdirdə İranın həyati vacib infrastrukturlarını məhv edəcək və onu “daş dövrü”nə göndərəcək. Ancaq görürük ki, Tramp indi tamamilə fərqli siyasət yürüdür, əvvəlki sərt ritorika ilə çıxış etmir.
Hörmüz boğazı üzərində ABŞ-nin “Apaçi” helikopterinin vurulmasından sonra Tramp sosial media hesabında yazıb: “Dünən gecə iranlılar Hörmüz boğazında patrul xidməti apararkən çox yüksək texnologiyalı “Apaçi” helikopterimizi vurublar. Hər iki pilot sağ-salmatdır. ABŞ bu hücuma mütləq cavab verməlidir”. Ancaq cavab o qədər də sərt olmadı. ABŞ İranın sahildəki hərbi məntəqlərinə atəş açmaqla kifayətləndi. ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) bunu özünümüdafiə məqsədli zərbələr adlandırdı.
Bundan sonra bu cür insidentlərlə tez-tez qarşılaşa bilərik. Hazırda ABŞ İranı dəniz blokadasında saxlayır. Tramp İranı iqtisadi məngənədə sıxmaqla, onu özünün tərtib etdiyi sövdələşməyə razı salmağa çalışır. Heç şübhəsiz ki, pərdəarxasında ABŞ və İran arasında hansısa danışıqlar gedir, lakin həmin danışıqların hansı mərhələdə olması və bunun nə ilə nəticələnəcəyi hələ aydın deyil.
ABŞ-nin başlıca tələbi İranın nüvə layihəsindən imtina etməsdir, lakin bu tələbin qəbul edilməsilə bağlı İran elitasında yekdil fikir yoxdur.
Digər yandan, İran-İsrail qarşıdurmasının hansı forma alacağı da naməlumdur. İsrailin Beyrutdakı şiə məhəlləsini bombalamasından sonra İranın İsraili ballistik raketlərlə vurması və İsrailin də İranın bir neçə mühüm hərbi obyektlərinə aviazərbələr endirməsinin ardından hər iki tərəfin hücumları dayandırması münaqişənin yeni xarakter alacağından xəbər verir. İran və İsrail arasında baş verən qarşılıqlı zərbələrə əsasən, Yaxın Şərqdə daha bir uzunmüddətli münaqişənin başlanması qənatinə gəlmək olar. Ərəb-İsrail münaqişəsinin öz yerini tədricən İran-İsrail qarşıdurmasına verəcəyi gözlənilir. Əgər İran-İsrail münaqişəsinin tarixinə diqqət etsək, onda görərik ki, keçən ilki 12 günlük müharibəyə qədər İran İsrailə qarşı yalnız vəkalət qüvvələrindən istifadə edib, özü isə münaqişəyə birbaşa qoşulmayıb.

Uzun illər ərzində İran sanksiyalardan yayınaraq neft və təbii qaz ixracından böyük miqdarda valyuta qazanıb. İran rəhbərliyi məhz bu pullar sayəsində nüvə proqramını inkişaf etdirib, çoxsaylı balistik raketlər hazırlayıb, onlar üçün “yeraltı şəhərlər” tikib, ölkənin bir çox zəruri qida məhsullarına olan tələbatını ödəyib. Əlbəttə, İran müharibədən öncə də iqtisadi çətinliklərlə üzləşmişdi və əhalinin bir hissəsi ciddi maddi sıxıntılar girdabında çabalayırdı. Lakin Əli Xameneinin söylədiyi kimi ölkə “dirəniş iqtisadiyyatı” çərçivəsində həyati fəaliyyətini sürdürə bilirdi. Xüsusən də İrana nüvə proqramını uğurla başa çatdırmaq üçün xarici təsirlərdən qorunmaq və sakitlik lazım idi.
Ancaq hazırda vəziyyət radikal şəkildə dəyişib, ölkə tamamilə başqa bir gerçəkiliklə qarşılaşıb, valyuta gəlirləri kəskin surətdə azalıb, digər yandan isə İsrail və ABŞ-dən gələ biləcək aviazərbə təhlükəsi İranın başı üzərindən asılıb. Hələ üstəlik, belə bir gərgin şəraitdə İranın iqtisadi və idarəetmə sistemi bir-birilə sıx bağlı olan üç böyük əngəllə üzləşib.
Birincisi, ABŞ və İsrail bombardmanları nəticəsində İranın hərbi obyektləri ilə yanaşı, onun sənayesinə, mülki infrastrukturlarına, inzibati binalarına, məktəblərinə,yanacaq anbarlarına böyük ziyanlar vurulub. İrandakı dağıntıların miqyası böyükdür və ölkə üzrə iqtisadi zərərin təxmini miqdarı 300 milyard dollara yaxındır. Dağıdılımış obyektlərin bir çoxu iqtisadi həyatın canlanması üçün təxirə salınmadan bərpa olunmalıdır. Amma vəsait çatışmazlığı ucbatından bunu etmək müşkül işə çevrilib.
İkincisi, artıq iki ildir ki, İran Mərkəzi Bankı inflyasiyanın qarşısını almaqda acizlik çəkir. İranda bir tərəfdən məmurları razı salmaq üçün onların məvaciblərini qaldırırlarsa, digər tərəfdən də, inflyasiyanın yüksələcəyi qorxusundan iqtisadiyyata sərmayə qoyulmur. İnflyasiyanın başılca səbəbi İranın idxal məhsullarından asılılığı və yuxarıda deyildiyi kimi, ölkəyə gələn valyutanın kəskin azlması ilə bağlıdır.

Üçüncüsü, İranın başlıca daşınma arteriyası olan Hörmüz boğazı bolkadaya alındığından ölkənin xarici aləmlə ticarət əlaqəsi çox zəifləyib. İran hakimiyyəti dəniz yoluna alternativ olan marşurutlardan istifadə etmək məcburiyyətində qalıb. Bu yollar vasitəsilə daşınmalar çətin və bahalı olmaqla yanaşı, həm də xeyli vaxt itkisinə gətirib çıxarır.
Beləliklə, İranın mövcud vəziyyəti öz leyhinə çevirə biləcəyi inandırıcı görünmür. Tehranla razılaşma əldə olunmayana kimi ABŞ Hərbi Dəniz Qüvvələri İranı dəniz blokadasında saxlayacaq və İran öz mövqeyindən geri çəkilmək istəməyəndə, onun mülki infrastrukturu mütəmadi şəkildə İsrailin əlilə məhv ediləcək. Məsələn, son toqquşmada İsrail İranın Məşhəd şəhərindəki neft-kimya kompleksinə zərbələr endirdi.
Bundan sonra biz illərlə sürəcək İran-İsrail münaqişəsinə şahidlik edə bilərik. ABŞ çalışacaq ki, münaqişə onun nəzarətindən çıxmasın, İran nüvə silahına yiyələnməsin. Bu müharibə zamanı İsrailin və İranın zəif tərəfləri əyani şəkildə üzə çıxdı. İsrailin zəif tərəfi, onun “dəmir qübbə”sinin İrandan gələn bütün raketləri dəf edə bilməməsiylə bağlıdır. İranın ən zəif tərəfi həyatı vacib infrastrukturlarının İsrail üçün asan hədəf olmasdır. Hələlik İsrail bu obyektlərə kütləvi zərbələr endirməyib, yəqin ki, buna ABŞ icazə verməyib.
Ola bilər ki, ABŞ Yaxın Şərqdə yeni hegemonluq metodu həyata keçirməyi planlayır və buna görə də Tramp İranı bombalamaqdan vaz keçib. Çünki ABŞ üçün Yaxın Şərqdə ən önəmli geostrateji məqsəd kiminsə məhv edilməsi yox, regionun bütövlükdə nəzarət altında saxlanılmasıdır./azpolitika.info