İstanbulun Bakırköy rayon prokurorluğunun apardığı araşdırmada dövlət iş yerlərində işləyən bəzi şəxslərin cinayətkar qrupla əlbir olduğu bildirilir.
Stopnarkotik.az xəbər verir ki, məlumata görə, bu qrup məhkəmə işçilərinin, polis və gömrük əməkdaşlarının köməyi ilə axtarışda olan şəxslər, İnterpolun qırmızı bülleteni ilə axtarılanlar, avtomobillər və gömrükdən keçənlərlə bağlı gizli məlumatlar əldə edib.
İstanbulda başlayan əməliyyat Muğla, Bursa, Ədirnə, Çanaqqala, Sivas, Tekirdağ, Diyarbəkir, İzmir, Balıkesir, Ankara və Kayseri də daxil olmaqla 12 şəhərdə keçirilib. Saxlanılması qərara alınan 50 nəfərdən 37-si saxlanılıb.
Saxlanılanlar arasında 15 gömrük işçisi, 10 polis işçisi, 2 nəzarətli azadlıq xidməti işçisi, 2 vəkil, 1 gömrük rəisinin müavini və 1 məhkəmə katibi olduğu bildirilir.
Araşdırma vaxtı bank hesabları da yoxlanılıb. Bildirilir ki, iş üzrə əsas şəxslərdən biri olan Serkan Cemal G.-nin bank hesabından təxminən 5 milyard 408 milyon TL pul keçib. Onunla İbrahim T. arasında 79,6 milyon TL pul köçürüldüyü, İbrahim T.-nin bank hesabına girən və çıxan pulun ümumi məbləğinin isə 193 milyon TL olduğu müəyyən edilib.
Stopnarkotik.az