Zaur Quliyev: “Valideynlər övladlarının məcburi müalicəyə cəlb olunmasıyla bağlı məhkəməyə müraciət etməlidir”
“Bəzi valideynlər narkotikin fəsadlarını tam anlamır, yaxud da anlamaq istəmir”
“Hər bir valideyn narkotiklər barədə müəyyən qədər məlumatlı olmalıdır”
Bəlli olduğu kimi, hazırda Azərbaycanda 150-yə yaxın özəl reabilitasiya mərkəzi fəaliyyət göstərir. Lakin bəzi hallarda bu mərkəzlərin fəaliyyəti ilə bağlı müəyyən söz-söhbətlər yaranır. Məsələn, narkotik istifadəçilərinin əksəriyyəti könüllü müalicə almağa meylli olmadığından, yaxınları onu məcburi qaydada mərkəzə yerləşdirməyə məcbur olur. Asılı şəxs reabilitasiya mərkəzində könüllü qalmaq istəmədiyi üçün orada məcburi qaydada saxlanılır ki, müəyyən media subyektləri bunu “insan azadlığının qanunsuz məhdudlaşdırılması” kimi təqdim etməyə çalışır. Bu halda isə sözügedən mərkəzlərinin fəaliyyətinin hüquq müstəvisində tənzimlənməsi zərurəti ortaya çıxır. Odur ki, bu və digər məsələlərə tanınmış hüquqşünas Zaur Quliyevlə müsahibəmizdə aydınlıq gətirməyə çalışdıq.
- Zaur bəy, bir videoda bildirirsiniz ki, “bizə iradəni aşılamayıblar və valideynlərimiz qadağa qoyur, amma qadağanın niyə qoyulduğunu izah etmir”. Bu o deməkdir ki, maarifləndirmə ilk öncə valideynlər tərəfindən zəif aparılır. Yəni toplum olaraq tərbiyə prosesini yarımçıq aparırıq, boşluqlara yol veririk. Bəs, bu yanlışı necə düzəldə bilərik?
- Çox yerində verilmiş sualdır. Problem bundan ibarətdir ki, valideynlərin özü də bu barədə məlumatsızdır. Valideynlər özləri də narkotikin fəsadlarını tam dərk etmir, tam anlamır və yaxud da anlamaq istəmirlər. Məsələ burasındadır ki, narkotik istifadəçiləri ilk vaxtlarda bunu valideynlərindən gizlədə bilirlər. Niyə gizlədə bilirlər? Çünki valideynlər ilkin etapda bunu aşkar edə bilmirlər.
Birinci problem odur ki, valideynlər narkotiklər barədə peşəkar səviyyədə olmasa da müəyyən qədər məlumatlı olmalıdırlar. Necə ki, qadın evdə peşəkar kulinar deyil, amma evdə yeməyini bişirə bilir. Necə ki, ata peşəkar sürücü deyil, amma öz şəxsi avtomobilini idarə edə bilir. Eyni qaydada da valideynlər narkomaniya ilə bağlı sahədə peşəkar mütəxəssis olmasalar belə, amma bu barədə müəyyən nəzəri biliklərə malik olmalıdırlar ki, övladlarında bunu ilkin olaraq aşkar edə bilsinlər. Birinci boşluq bundan ibarətdir.
İkinci boşluq budur ki, övlad narkotikdən isitifadə edir, ilkin etapda valideynin məlumatsızlığı səbəbindən bunu gizlədir, sonradan bu elə həddə gəlib çatır, valideyn özü müəyyən edir ki, “mənim oğlum narkotik istifadəçisidir”. Burada daha böyük problem yaranır – necə deyərlər, valideyn el qınağından qorxduğu, çəkindiyi üçün bu dəfə başlayır övladını və yaxud övladının problemini cəmiyyətdən gizlətməyə. Nə vaxtında müalicə yollarını, nə vaxtında mübarizə metodlarını axtarmır, nə dispanserdə qeydiyyata imkan vermir ki, mənim övladımın adı orada qeydiyyata düşməsin, biabır olaram. Qohumlar bilməsin, dostlar bilməsin, ən vacibi düşmənlər bilməsin.
Biz dost qədər düşmənləri də sevən millətik, düşmənimizə də dəyər veririk. Nəticə etibarilə proses ikinci plana keçir. Valideyn deyir ki, mən zamanla onun pulunu kəsəcəm, özüm tərbiyələndirməyə çalışacam. Və yaxud fiziki güc tətbiq edəcəm, bir-iki şillə vuracam, döyəcəm, onda düzələcək. Amma bu yol, əksinə, əlavə problemlər yaradır. Döymək övladda aqressiya yaradır. Başa salmaq bir başqa cür aqressiya yaradır. Narkoman isə heç vaxt günahı özündə görmür, başlayır valideynləri günahlandırmağa ki, sən filan vaxt mənə sevgi vermədin, lazımi qayğı-diqqət göstərmədin, tarvma verdin – səhvi valideynlərdə axtarırlar. Yəni birinin üstünə beşini də qoyur. Tapılan “çıxış yolları” isə döymək, başa salmaq və maliyyəsini kəsmək olur. Bunlara əl atandan sonra övlad başlayır dələduzluğa, oğurluğa, kiminsə pulun mənimsəməyə, kiminsə etibarından sui-istifadə etməyə və s. Nəticə etibarilə bu yeni cinayətlərə yol açır.
- Hətta iş qətlə qədər gedib çıxır...
- Bəli. Bu, az ağır cinayətdən xüsusilə ağır cinayətə kimi gətirir ki, bəzən narkomanların istifadəçi olması onu başqa cinayətə də gətirib çıxarır. Ən son mərhələdə isə hansısa valideyn artıq mövcud vəziyyətlə barışır və övladını ümumiyyətlə ixtisara salır. Bəzi validenylər bu vəziyyəti anlayır, şüurlu şəkildə dərk edir, övladının müalicəsi yollarını axtarmağa çalışır, onları reabilitasiya mərkəzlərinə yerləşdirmək üçün addımlar atır. Orada da artıq növbəti problem yaranır – narkotik istifadəçisi olan şəxs müalicəyə uymur, razı olmur, müalicə olunmaq istəmir. Çünki heç bir xroniki xəstəliyi olan şəxs, xüsusilə burda psixoloji məqam varsa, hansı ki, narkotik aludəçiliyinin özü də psixoloji boşluqdan irəli gəldiyi üçün narkotik aludəçiliyi olan şəxs də özündə o xəstəliyi görüb qəbul etmədiyi üçün müalicə olunmaq istəmir.
- Çünki onlarda sağlam düşüncə olmur…
- Doğrudur, onlarda sağlam düşüncə olmur.

- Yeri gəlmişkən, Avropada narkotik istifadəçilərinin müalicəsi könüllü əsasla olur. Yəni istifadəçini məcburi reabilitasiyaya aparmaq olmaz. O, müalicə üçün könüllü qərar verməlidir. Amma Sizin də qeyd etdiyiniz kimi, belə şəxslərdə sağlam düşüncə olmur. Onlar bu qərarı verənə kimi aşırı dozadan ölə bilərlər. Burada doğru yanaşma və hüquqi müstəvidə tənzimləmə necə olmalıdır?
- Ümumiyyətlə, hazırda “12 Addım” proqramı ilə narkomanların və yaxud digər asılılıqları olan şəxslərin terapiya keçdiyi reabilitasiya mərkəzlərini mən alqışlayıram. Hətta bir köhnə sterotip var ki, keçmiş narkoman olmur. Artıq o mərkəzlər bu stereotipi sındırıb. Mən bunu alqışlayıram. Amma məsələ burasındadır ki, məsələn, hüquqi tərəfdən reabilitasiya mərkəzləri bu gün kor-koranə addım atırlar. Reabilitasiya mərkəzlərinin böyük əksəriyyəti məsələni hüquqi cəhətdən tənzimləməyə çalışmırlar. Reabilitasiya mərkəzləri nə edir? Valideyn reabilitasiya mərkəzinə əyani və yaxud da zənglə qiyabi formada müraciət edir ki, mənim övladım narkotik istifadəçisidir, onu mərkəzə yerləşdirmək istəyirəm. Və valideynlər deyir ki, özü gəlmək istəmir, siz aparın. Hansı ki, reabilitasiya mərkəzinin belə bir hüququ yoxdur və gedib onu məcburi gətirə bilməzlər, gətirmirlər də. Şəxs də sizin Avropa nümunəsində dediyiniz kimi, müalicəyə könüllü gəlmək istəmir. Valideyn də onu reabilitasiyaya məcburi gətirə bilmir. Hətta məcburi gətirmək istəyəndə iş ağır cinayətlərə kimi gəlib çıxa bilir. Valideyn hətta öz həyatı üçün öz övladından qorxmağa başlayır. Məsələ burasındadır ki, burada hansı yol tətbiq olunmalıdır? Şəxsin məcburi müalicəyə cəlb olunmasıyla bağlı valideynlər məhkəməyə ərziə ilə müraciət etməlidirlər. Burada artıq hüquqi yanaşma tətbiq olunmalıdır və bu, Azərbaycan qanunvericiliyində nəzərdə tutulub.
Mənim də reabilitasiya mərkəzlərinə, o cümlədən Anar Əliyevin rəhbəri olduğu “Sağlam Addım” Reabilitasiya Mərkəzinə təklifim bundan ibarətdir ki, siz bu işlə praktiki məşğul olan şəxslər olaraq bilməlisiniz, ola bilər, valideynlər bilməsin. Tövsiyə etməlisiniz ki, ay hörmətli valideyn, sənin hüququn var ki, qanunvericiliyə əsasən məhkəməyə müraciət edəsən və məhkəmədən həmin şəxsin narkotik istifadəçisi olduğunu, narkotik istifadəçisi olduğu üçün adekvat qərarlar verə bilmədiyini əsas gətirərək, sübut edərək onların məcburi müalicəyə cəlb olunmasıyla bağlı məhkəmədən qərar qəbul etməsini xahiş edəsən. Bu, əslində mümkündür, sadəcə praktikada bunun üçün dövlətin xüsusi müalicə mərkəzləri nəzərdə tutulub, bunu praktiki olaraq tətbiq etmək lazımdır ki, məhkəmələr şəxsin həmin sözügedən reabilitasiya mərkəzlərində müalicəsiylə bağlı da qərar qəbul edə bilsin.
Biz hazırda Anar bəylə bu məsələnin üzərində işləyirik. Bu istiqamətdə müəyyən hüquqi addımlar atmışıq. Düzdür, hələ konkret nəticə yoxdur, amma hesab edirəm ki, yaxın günlərdə bir hüquqi nəticə olacaq.
Sizin vasitənizlə də ictimaiyyətə bu barədə məlumat vermək istəyirik. Burada məqsəd sırf nə mənim, nə Anar bəyin rəhbəri olduğu reabilitasiya mərkəzinin maddi gəlir əldə etməsi deyil. Bizim məqsədimiz cəmiyyətimizin sağlam olmasıdır ki, övladlarımızı sağlam cəmiyyətdə böyüdə bilək. Hesab edirəm ki, bu istiqamətdə hər kəs, dövlətini, miləltini, eləcə də ailəsini və övladını sevən hər bir vətəndaş bir yumruq olmalıdır, birləşməlidir ki, cəmiyyətimiz sağlam olsun, sağlam cəmiyyətdə yaşayaq.
- Üzərində narkotiklə tutulan şəxslər dispanserdə məcburi müalicəyə cəlb edilir. Reabilitasiya mərkəzində sağalma prosesi keçdikdən sonra da məcburi müalicə onun üzərindən götürülmür. O, ya sağaldığı halda yenə 6 ay Maştağadakı Narkoloji dispanserdə məcburi müalicə keçməlidir ki, burada yenə də aktiv narkotik istifadəçisi olan adamların içinə düşür, onların mühitinə qatılır, ya da məcburi müalicə maddəsini ləğv etdirmək üçün məhkəməyə müaraciət etməlidir. Bu məsələnin hüquqi tənzimləməsini necə görürsünüz?
(Ardı var)
Söhbətləşdi: Ülviyyə ŞÜKÜROVA
Stopnarkotik.az