Arzuxan Əlizadə: “Narkotik təkcə İrandan transfer olunmur, ölkə daxilində də belə siqnallar var ki…”
“Əvvəlki narkotiklərin təsirindən qurtarmaq olurdusa, yeni sintetik narkotiklərdən yaxa qurtarmaq çox çətin olur”
Bütün dünya dövlətlərində narkotiklərin qanunsuz dövriyyəsinin hədəfi daha çox gənclərdir. Məqsəd onları doğru yoldan azdırmaq, əyri yola salmaq və bununla böyük pullar qazanmaqdır. Hazırda Azərbaycan gənci də narkotik mafiyalarının hədəf dairəsindədir.
Ölkəmizə narkotik vasitələrin əsasən İrandan gəldiyi məlumdur. Amma iş bununla bitmir. Çünki artıq ölkə daxilində də süni narkotik vasitələrin hazırlandığı haqda iddialar var. O cümlədən, millət vəkili Arzuxan Əlizadə də “Stop narkotik”ə müsahibəsində bu haqda ciddi fikirlər səsləndirib. Stopnarkotik.az həmin müsahibəni oxucularına təqdim edir:
- Arzuxan bəy, bir neçə ay əvvəl saytımıza müsahibənizdə belə bir fikir bildirmişdiniz ki, demək olar hər gün İrandan Azərbaycana narkotik idxal olunur. Bu gün də həmin fikrinizin üzərində dayanırsınız?
- Birmənalı olaraq. Azərbaycana daxil olan narkotik vasitələrin böyük əksəriyyəti İrandan gəlir. İrandan Azərbaycana təkcə narkotik deyil, eyni zamanda yanlış dini təsəvvürlər də ixrac olunmaqda idi. Hər iki transfer Azərbaycan xalqının genefonduna yönəlmiş zərbə kimi qəbul edilməlidir.
Mənim tələbə yoldaşlarımın içində - istər gömrükdə, istər sərhəd xidmətində, istər hüquq-mühafizə orqanlarında işləyənlər var. Onlarla təmaslarımızda deyirlər ki, mütəmadi olaraq, hər gün belə cəhdlər olur. Qarşısı alınır, amma bunda çox ciddi problemlər yaşamaqdayıq. Xüsusilə cənub bölgəsində bu bəlaya yoluxanların sayı kifayət qədər çoxdur. Bir müddət əvvəl bu həndəsi silsilə ilə artırdı. Amma son dövrdlərdə daha da güclənib.
Ərazi bütövlüyümüzü bərpa edəndən sonra əsas hədəflərimizdən biri narkomaniyaya qarşı mübarizədir ki, bununla bağlı dövlət strukturlarında çox ciddi işlər aparılmaqdadır. Amma görünən ondan ibarətdir ki, hansısa görünməz əllər bu mübarizədə nəyəsə nail olmağa qarşıdırlar. Bu da başadüşüləndir. Dünya üzrə götürsək, narkotiklərin qanunsuz dövriyyəsindən ildə on milyardlarla vəsait əldə olunur və bu vəsait cinayətkar fəaliyyətə -silahlar alınmasına, terrorçu qrupların maliyyələşməsinə, terror aktlarının həyata keçirilməsinə yönəldilir, bu böyük şəbəkədir. Bu şəbəkənin istiqaməti insanlığa qarşıdır.
Xüsusilə gənclərimizin bu geridönməz bəlaya yoluxması bizim genefondumuza çox böyük zərbədir. Narkotik üzündən ailələr dağılır, yeni ailələrin qurulmasında çox böyük problemlər yaşanır. Bu bəladan qurtarmaq çətin olur. Narkotik istifadəsi də artır. Rəsmi statsitika tam olaraq narkomanların sayını əhatə etmir. Bəlkə də bu say yarı-yarıyadır. Narkotikin dövriyyəsinə rəhbərlik edən həmin cinayətkar şəbəkə daha çox insanı əhatə etməyi hədəfləyir. Artıq orta məktəb şagirdlərini narkotik istifadəsinə təhrik edirlər. Yaşlı insanlar içində narkotik asılılığından müalicə alıb, yenə ona qayıdan var. Görünən budur ki, narkotik asılılığından yaxa qurtarmaq olduqca çətindir. İradə olmalıdır, təkcə müalicə effekt vermir. Bəzən müəyyən dövr sonra qayıdış baş verir. Narkotik asılılığından qurtarmış insanları bəzən sakit narkotik aludəçisi kimi qəbul edirlər ki, müəyyən dövr ərzində istifadə etmir. Təəssüf ki, tanıdığımız ailələr var, hansı ki, narkotik istifadəsi nəticəsində dağılıb.
Mənim özümə müraciətlər əsasında bir neçə dəfə yaşadığım Bakıxanovda seçildiyim dairənin əhatə etdiyi ərazinin bir hissəsində yerləşən reabilitasiya mərkəzində yerləşdirdiyimiz xəstələr olub. Həmin mərkəzi idarə edənlər oğlumun dostlarıdır. Müraciət edənlərin bir çoxunun sağalmasına səbəb olmuşuq. Onlarla mütəmadi əlaqə saxlayırıq ki, yenidən narkotikə qayıtmasınlar. Amma bu çox çətindir. Çünki kənar təsir var, hər gənc o təsirdən çıxa bilmir. Onlar 6 ay ərzində müalicə olunur, cəmiyyətə inteqrasiya olunur, bir müddətdən sonra çox hallarda işsizlik, məşğuliyyət növünün olmaması kimi problemlər yenidən onları bu bəlaya düçar edir. Və artıq 2-ci, 3-cü müalicə effekt vermir. Ona görə, bu xalqımız üçün böyük bəladır. Azərbaycan xalqının genefonduna böyük zərbədir.
Bizim cənub zonası ilə təmaslarımız var. Cənubda hər zaman mühafizəkarlıq olub. Amma təəssüf ki, indi təkcə kişilər arasında deyil, qadınlar, qızlar arasında da narkotiklərin yayılması hallarına şahidlik edirik. Bu yaxınlarda Masallıdan olan qazimizin toy məclisində iştirak etdim. Orada toy məclisindən sonra çay süfrəsində qazilərimizlə söhbət oldu. Partiyamızın rayon təşkilatı fəaliyyət göstərir və orada çoxsaylı qazi üzvlərimiz var. Onlar dini-inanclı gənclərimizdir və bununla çox ciddi mübarizə aparırlar. Və yaxın çevrədə narkotik satışı ilə məşğul olanlara qarşı həm hüquq-mühafizə orqanları ilə birlikdə, eyni zamanda da fərdi qaydada ciddi tədbirlər görürlər. Müəyyən qədər nəticələr nail olublar, amma tam qarşısının kəsilməyinə nail ola bilməyiblər.
Azərbaycanda Narkomaniyaya və Narkotiklərin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komisisyası var. 2000-ci ildən başlayara qartıq 5-ci kampaniya keçirilməkdədir. Mütəmadi olaraq statistik məlumatlar, həmçinin hüquq-mühafizə orqanları ilə bu prosesdə iştirak, həmçinin DİN nəzdində Baş Narkotiklərlə Mübarizə İdarəsi var, amma bəzi hallarda biz görürük ki, görülən tədbirlər effekt vermir. Görülən budur ki, cəmiyyət bütövlükdə bu mübarizədə iştirak etməlidir.
- İrandan gələn narkotiklər fonunda daxili bazarda sintetik narkotiklər çoxalıb və qiymət aşağı düşüb. Bu vəziyyətdə biz narkotiklərin qarşısını ala biləcəyikmi və bunun üçün nə edə bilərik?
- Birmənalıdır ki, biz bunun qarşısını almalıyıq. Ən sərt tədbirlər həyata keçirilməlidir, xüsusilə narkotik vasitələrin satışı və qanunsuz dövriyyəsi ilə məşğul olanlara qarşı. Əslində, narkotik təkcə İrandan transfer olunmur, ölkə daxilində də belə siqnallar var ki, həmin o “patı”, “şüşə” deyilən kimyəvi vasitələrlə hazırlanan müxətlif narkotik vasitələr çox ucuz qiymətə təklif olunur deyə, maddi imkanları ən zəif olanlar da bundan istifadəyə meyllənirlər. Yeni süni narkotik vasitələr daha tez təsir edir və daha böyük asılılıq yaradır. Əvvəlki narkotiklərin təsirindən qurtarmaq olurdusa, yeni sintetik narkotiklərdən yaxa qurtarmaq çox çətin olur. Bir çox hallarda ölümlə nəticələnir. Qiyməti aşağı olduğuna görə, hətta orta məktəb şagirdləri arasında yatyılmasına cəhdlər olub. Dəfələrlə bununla bağlı müraciətlər olub.
Məsələn, Balaxanı qəsəbəsindən bizə müəllimlər müraciət etmişdi ki, müəyyən insanlar var, gəlirlər, azyaşlı uşaqların əliylə müəyyən həbləri uşaqlara təlqin edirlər ki, bunlar çox yaxşıdır. Bu məsələdə hüquq-mühafizə orqanları daha sərt üsullardan istıfadə etməlidirlər. Amma təəssüf ki, bir çox hallarda hətta bu sahədə dövlətin siyasətini yürütməli olan ayrı-ayrı şəxslərin də həmin prosesdə, əskinə, əks cəbhədən fəaliyyət göstərməyinə şahidlik edirik. Düzdür, onların qarşısı alınır, amma çox böyük gəlir gətirdiyi üçün bir çox hallarda ayrı-ayrı insanlar da buna şirniklənirlər. Nəticə etibarilə anlamırlar ki, bu xalqımızın gələcəyi üçün çox böyük təhdid törədir.
İrandan transfer olunan narkotiklərə gəldikdə isə, dünya inkişaf edir, bütün sahələr üzrə yeni texnoloji imkanlar açılır. Verilən məlumatlardan görürük ki, dronlar vasitəsilə narkotikin Azərbaycana, sərhədin bu yanına göndərilməsi baş verməkdədir. Biz dronlardan müharibə zamanı istifadə etdik. Amma indi görürük ki, İrandan narkotik dronlar vasitəsilə bizə yönləndirilir.
İnternet üzərindən narkotikin yayılması baş verir. Və bununla həm cinayətkarların sayı artır, həm aztəminatlı təbəqədən olan gənclərin içindən seçərək onları şirnikləndirirlər, buna yönəldirlər. Narkotik vasitələrin yayılmasında onlardan istifadə edirlər. Gənclərə də həbs həyatı yaşayırlar, nəticədə hər iki tərəfdən onların gələcəyinə qara ləkə salınır, zərbə vurulur.
- Məlum olduğu kimi, 44 günlük savaşdan sonra, bu dəfə ölkəmizə qarşı “narkotik müharibəsi” elan olundu. Doğrudur, dövlətimiz bütün resurslarını işə salıb, lakin təəssüf ki, hələ də bu “savaş”daqalib hələ bilmirik. Necə edək ki, bu məsələdə tam irəli gedək, prosesi nəzarətə alaq?
- Əslində sirr deyil ki, torpaqlarımız işğal altında olan dönəmdə İranla 132 kilometrlik sərhədimiz nəzarətdən kənar idi, faktiki heç sərhəd bərkitmə xəttləri də yox idi. O da sirr deyil ki, Azərbaycanın işğal altında olan əraziləri, xüsusilə Arazboyu vadisi narkotikin istehsalı bölgəsinə çevrilmişdi. Orada narkotik vasitələr istehsal olunurdu, bizim cənub qonşumuz bilavasitə bunda iştirak edirdi. Onların iştirakı ilə ermənilər narkotik plantasiyaları salmışdı. Eyni zamandan, həmin ərazidən narkotik transferi üçün də istifadə olunurdu. Biz o əraziləri işğal etməklə həmin bəlanın qarşısını aldıq. Artıq həmin ərazilərdə narkotik becərilməsinin qarşısı alınıb. Sərhəd bərkitmə işlərinə başladıq. Bizimlə paralel olaraq İran tərəfi də sərhəd bərkitmə işlərini apardı. Belə sual ortaya çıxdı ki, bəs 30 il ərzində sərhədbərkitmə xəttləri niyə yox idi, rahatlıqla keçib gəlirdilər, burada plantasiyalar salır, narkotik dövriyyəsin həyata keçirirdilər? Biz bunun qarşısını aldıq.
Necə ki, 44 günlük savaşla Azərbaycan regionun rahatlıqlarını dəyişdi, eləcə də narkotikin satışı-dövriyyəsi ilə məşğul olan böyük klanların planının üzərindən xətt çəkmiş oldu. Buna baxmayaraq, Azərbaycana qarşı narkotikin ötürülməsi savaşı başlayıb. Bu əvvəlkindən daha güclü formatda başlayıb. Çünki bundan əvvəl ərazilərimizdə rahatlıqla fəaliyyət göstərə bilirdilərsə, bunun qarşısı alınıb. Ona görə başqa formatda bizə qarşı müharibəyə başlayıb.
Narkotik daha böyük düşməndir. Biri var ki, düşməni görürsən, amma narkotik görünməz düşməndir. Narkotik istifadə edənlərin nəsil artırma imkanları sıfırlanır. Gələcək həyatı puç olur, adam sıradan çıxmış şəxsə çevrilir. Təəssüflər olsun ki, yeni qurulan ailələrin sayı azalır. Qurulan ailələrdə də 50%-in üstündə boşanmalar olur. Bunların bir hissəsi də narkotik aludəçiliyi ilə bağlıdır. Valideynlər övladlarını izləməlidirlər.
- Narkomanların yaşı hər il daha da azalır. Statistikaya görə, ölkəmizdə rəsmi 47 minə yaxın, qeyri-rəsmi isə bundan 7-10 dəfə çox narkotik istifadəçisi var. Yəni təxminən, 300-350 min narkotik istifadəçisi olduğu bildirilir. Sizcə, 10 milyonluq əhali üçün bu “təhlükəli rəqəm” hesab oluna bilər?
(Ardı var)
Hazırladı: Ülviyyə ŞÜKÜROVA
Stopnarkotik.az