İrandan gələn narkotikin gömrükdə aşkarlanması səfirliyi niyə narahat edib? - MÜSAHİBƏ

Politoloq Əli Mustafa: “İran Amerikanın Azərbaycana verdiyi aparatla gömrükdə 90 milyonluq narkotik aşkarlnamasından məmnun olmalıdır”

Xəbər verdiyimiz kimi, 15 noyabr tarixində Astara Gömrük Məntəqəsində Estoniyaya aparılması nəzərdə tutulan və bazar qiyməti 90 milyon ABŞ dolları olan heroin ələ keçirildi. 28 noyabrda isə ABŞ-nin Azərbaycandakı səfirliyi ölkəmizin gömrük işçilərinə narkotik vasitələri aşkar etməyə imkan verən texnika təqdim edildiyini bildirdi. Bu barədə səfirliyin "X" sosial şəbəkəsindəki hesabında paylaşım edildi.

Dekabrın 3-də İranın Azərbaycandakı səfirliyi isə ABŞ-ın Bakı səfirliyinə ünvanlanmış bəyanat verdi ki, ABŞ-ın “reklam kampaniyaları” reallığı gizlədə bilməyəcək. Səfirlik iddia etdi ki, ABŞ və müttəfiqləri 20 ildən artıq müddətdə Əfqanıstanda narkotik istehsalını və qaçaqmalçılığı artırmaqda mühüm rol oynayıb.

İranın Azərbaycandakı səfirliyinin 90 milyon dollarlıq heroinin aşkarlanmasının ardınca belə bir bəyanat verməsi bir sıra suallar doğurur. Bu, ilk növbədə belə bir təəssürat doğurur ki, sanki İran sərhəddən keçirilməsinə cəhd olunan heroinin aşkarlanmasından yox, narkotikin məhz ABŞ-ın verdiyi texnika ilə üzə çıxarılmasından qeyzlənib. Bununla ABŞ səfirliyinə də açıq eyham vurub ki, “bizdən narkotik daşınırsa da, heç kim təmiz deyil, elə ABŞ da Əfqanıstanda narkotiklə məşğul olub. Yəni biz nəyiksə, ABŞ da eynisidir”, - demək istəyib.

Əlbəttə, ABŞ Əfqanıstanda nə edibsə, bu, onun öz işidir, bizim üçün o qədər də maraqlı deyil. Digər tərərfdən, ABŞ-ın Əfqanıstandakı varlığı artıq tarix olub, indi keçmiş haqda danışmaqdansa, bu günümüzə qiymət verməliyik. Məhz bu səbəbdən də, İran səfirliyinin ABŞ-ın illər öncə Əfqanıstanda “narkotik əkib-becərməsi” haqda iddiası molla rejiminə haqq qazandırmaq, bununla özünə təskinlik hüququ vermir.

Digər tərəfdən, Azərbaycana qaçaqmalçılıqla daxil olan, yaxud tranzit keçən narkotikin İran mənşəli olduğu bəlli olsa da, səfirliyin “başqasının gözündə kərən axtarması” heç də məntiqli deyil. İranı nə qıcıqlandırır: narkodövlət olduğu halda “imicinin” korlanması, yoxsa törətdiyi əməlin üstünün açılması? Bəlkə, bunların hər ikisinin ABŞ-ın veridyi aparatın vasitəsilə baş verməsi? Bu və digər suallara politoloq Əli Mustafa ilə müsahibəmizdə cavab tapmağa çalışdıq.

- Əli bəy, bir neçə gün əvvəl İrandan gətirilən 90 milyon dollarlıq heroin Astara gömrüyündə ələ keçirildi. Belə görünür ki, İrana məxsus heroinin ABŞ-ın Azərbaycana verdiyi aparatla aşkarlanması molla rejiminin qəzəbinə səbəb olub. Əks halda, səfirliyin bu cür kəskin bəyanat yaymasına ehtiyac var idi?

- İrandan davamlı olaraq Azərbaycana narkotikin gəldiyi, hətta bəzən onun qayıqlarla, dronlarla daşındığı barədə mətbuat hər zaman məlumat verir. Və yəqin ki, Azərbaycan tərəfi də zaman-zaman İran tərəfinə öz etirazlarını bildirir, bu fəaliyyətin əngəllənməsinin vacibliyini qeyd edir. Ola bilsin, İran tərəfi rəsmi cəhətdən maraqlıdır ki, bu məsələlər baş verməsin. Amma bu məsələlər o qədər çox baş verir ki, istər-istəməz belə şübhə yaranır, sanki bu işin arxasında hansısa rəsmi məqamlar var. Yəni onların da əli bu işin içində var ki, bu işlər olur.

Konkret olaraq Amerikanın belə bir aparat verməsi və o aparatın sayəsində qaçaqmalçılıqla narkotikin daşınmasının qarşısının alınması müsbət haldır. Normalda İran bunu dəstəkləməli, alqışlamalı idi. Amma səfirlik sanki məmnun olmaq əvəzinə, vaxtilə - Amerikanın Əfqanıstanda olduğu vaxt narkotik dövriyyəsinin artdığını qeyd edir.

İran nədən narahatdır? Əgər Amerika belə bir aparat veribsə, biz o narkotikin qarşısını almışıqsa, məncə, İran trəfi də məmnun olmalıdır.

Yeri gəlmişkən, o bəyanatda İran deyir ki, biz bu sahədə fəaliyyət göstəririk, Avropa da bunu bilir, Azərbaycan da bundan razıdır və s. Açığı, düşünürəm ki, burda anormal bir şey yoxdur. Amerikanın verdiyi aparatın sayəsində 90 milyon dollarlıq narkotik daşınmasının qarşısı alınıb. İran tərəfi də deyir ki, onlar da narkotikin əleyhinədirlər. Deməli, Amerikanın etdiyi İranın da işinə yarayıb. Bu səbəbdən, İran bundan məmnun olmalıdır.

- Amma əksini görürük, sanki İranın xoşuna gəlmir ki, bu ölkədən ötürülən narkotik aşkarlanır…

- Anlaşılan odur. Bəli, onlar görürlər ki, Azərbaycan tərəfinin etibarlı müdafiə imkanları yaranıb və narkotik daşınmasının qarşısı alınır. Görünən budur, təbii ki, səfir bunu çox diplomatik qaydada ifadə edib. Birbaşa onu ittiham etmək düz deyil, çünki o da deyir ki, biz dövət olaraq narkotikə qarşıyıq, o istiqamətdə çalışırıq, mübarizə aparırıq.

İranla ABŞ arasında fikir ayrılığı, münaqişə, xüsusilə nüvə proqramları ilə bağlı bir gərginlik var. Bu aspektdən onlar ABŞ-ın açıqlamasını təqdir etmirlər. Amma, açığı da görünən odur ki, sanki, bu aparatın Azərbaycana gətirilməsi, sərhəddə quraşdırılması İranın işinə yaramır. Sanki, bu, İranın hansısa siyasətini əngəlləyib. Bu təəssürat var.

Düşünürəm ki, ABŞ-ın da gördüyü iş, onların səyləri narkotikin qarşısının alınmasıdırsa, bunu edib. İran da ABŞ-ın bu addımını alqışlamalı idi. Amma alqışlamaq çətindir, çünki narkotik İran ərazisindən gələrkən aşkarlanıb. Belə çıxır ki, İran tərəfinin eyibi ortaya çıxıb, bu da səfiri məmnun etməyib. Narazılıq oradan qaynaqlanır. İndi bu eyibin ortaya çıxması səfiri məmnun etmir, yoxsa narkoticarətin qarşısının alınması məmnun etmir, bunlardan hansıdırsa, gərək səfirin özü ilə dəqiqləşdirək. Soruşaq ki, onu narahat edən İranın imicinə dəyən zərərdir, ABŞ-la İran arasında gərginlikdir, yoxsa narkotik daşınmasının qarşısının alınmasıdır? Səfir konkret cavab versə, daha doğru olar.

Amma bütün hallarda düşünürəm ki, ABŞ belə bir avadanlıqla Azərbaycana dəstək verirsə, bu alqışlanmalıdır. Çünki narkotik əhalimizi, gənclərimizi zəhərləyir. Çox təəssüf ki, bu zəhərin də bir qayda olaraq böyük hissəsi İrandan gəlir. Yəni səfir nə deyir-desin, hər bir hada məsuliyyəti başa düşməlidir. İran dövləti narkotiklə yalandan, dildə yox, gerçəkdə mübarizə aparmalıdır. Aparmırlarsa, biz də həmin avadanlığı alıb gətirməklə narkotikin qarşısını alırıq.

Əfqanıstanda nə baş verib, nə olub, o da bəllidir, o keçmişə aiddir. İndi isə ABŞ konkret olaraq narkotik dövriyyəsini əngəlləyir. Bilirik ki, son vaxtlar da Tramp Venesuela ilə qarşıdurmada narkotik məsələsini önə çəkir. Maduronu narokartelin rəhbəri kimi qəbul edir, narkotik daşıyan mafiya rəhbəri kimi hədəf seçib. Görünən odur ki, ABŞ narkotikə qarşıdır. Azərbaycana da avadanlıq verməklə kömək edir ki, biz İrandan gələn narkotikin qarşısını alaq. Səfir də bunu alqışamalıdır və İranda narkotik ticarəti ilə kim məşğul olursa, İran dövləti onunla ciddi məşğul olmalıdır.

- Noyabrın 20-də İrandan uçuş aparatı vasitəsilə 33 kq narkotikin Azərbaycana keçirilməsinin qarşısı alındı. Ümumiyyətlə, İran Azərbaycana PUA-larla narkotik keçirməyi adət halına gətirib. Narkotik qaçaqmalçıları bu qədər dronu necə əldə edirlər? Nəzərə alsaq ki, yəqin bu dronlar kustar üsulla düzəldilmir. Yaxud narkotik qaçaqmalçılarının dron əldə etməyi belə asandırmı?

- Məncə, sualın dəqiq cavabını biz bilmirik, İran tərəfi bilir. Amma ehtimalları deyim ki, İran teokratik dövlətdir, orada adam dövlət əleyhinə bir kəlimə danışanda onun dərhal aşkar edirlər, tənbeh edirlər, tuturlar və s. Bizim milli fəallara qarşı orada hər zaman bir repressiya var. Bütün bunlar onu deməyə əsas verir ki, İrandakı rejim çox da boş rejim deyil, əksinə çox həssas, çox qətidir. Ona görə də, ola bilməz ki, davamlı olaraq İrandan Azərbaycana narkotik gəlsin, bunu dəniz yolu ilə, dronlarla, sərhəd gömrük məntəqəsindən keçirməyə cəhd edirlər. Bunlar onu deməyə əsas verir ki, bir formada bu narkotik ticarətinin arxasında rəsmi məqamlar var. Yəni İran dövlətinin rəsmi qurumları gerçəkdən narkotikə qarşı ciddi mübarizə aparsalar, bu şeylər baş verməz. Deməli, o hansısa formada tənzimlənir. Sıravi şəxslər bu qədər böyük cəsarət sahibi ola bilməzlər ki, Azərbaycana kiloqramlarla narkotik göndərsinlər. Bəs, onlar İranın içində necə hərəkət edirlər? Bunun polisi, jandarmı, SEPAH-ı, filanı var. Hüquq-mühafizə orqanları hara baxır ki, narkotik İranın böyük ərazisindən rahatlıqla gəlir, sonra da sərhəddən Azərbaycana keçir? Deməli, hansısa formada rəsmi dairələr bu işlə məşğuldur, amma dövlət bütövlükdə bununla məşğul deyil.

Bəzən də görürsən ki, dövlətin bir qurumu narkotikə qarşı mübarizə aparır, başqa bir qurumu gizli şəkildə narkoticarəti himayə edir. Düşünürəm ki, İranda hansısa rəsmi dairələr bu cinayətkar fəaliyyəti himayə edir. Ən vacb məsələ budur. Bu cinayətkarlığı himayə edən dairələri müəyyənlədirmək lazımdır, təbii ki, İran dövləti onları özü cəzalandıra bilər. Və yaxud Azərbaycan tərəfi məsələ qoya bilər ki, bu fəaliyyətinizi dayandırın. Özünüz orada nə iş görürsünüz görün, amma bizə göndərməyin, Azərbaycana ixrac etməyin. Bizim gəncləri, ağlı başında olmayan, hələ hər şeyi dərk etməyən azyaşlı uşaqları, bəzən hətta məktəbliləri belə narkotikə dadandırırlar, sonra potensial aludəçiyə, müştəriyə çevririrlər. Bu qınanmalı şeydir, millətin gələcəyinə qarşı ən böyük cinayətdir. Bizim haqqımız var ki, İran tərəfinə deyək, bunu etməyin. Ya özünüz etmirsinizsə, sizdəki hansısa şəxslər edirsə, qarşısını alın. Bəlkə onların da narkotik mafiyası var. Bütün halarda İran dövləti buna görə məsuliyyət daşıyır.

Xatırlayırsınız da, 12 günlük İran-İsrail müharibəsində Azərbaycan heç bir müdaxilə etmədi, əksinə İsrail tərəfinə bildirdi ki, Güney Azərbaycana zərbə endirməsin. O vaxt uydurma xəbərlər yaydılar ki, guya Azərbaycan ərazisindən dronlar gəlib, nəsə olub. Təbii ki, bunlar əsassız dezinformasiya idi. Yəqin oradakı insanların beynini zəhərləmək üçün şayiələr yaydılar, olmayan yerdən ittiham etdilər. İndi bizim də haqqımız var, tələb edək ki, dayandır bu cinayətkar fəaliyyəti. Ola bilməz ki, 2 dəfə gələr, 3 dəfə gələr, bunu ayrı-ayrı adamlar, fərdlər bacarmaz. Əvvəla edirlərsə, bu yenə sənin məsuliyyətindir. Sən hara baxırsan ki, ölkəndə cinayətkarlıq baş alıb gedir, hələ üstəlik bizə də əl uzadırlar?!

Yəni bütün hallarda İran dövləti məsuliyyət daşıyır, işin içində deyilsə belə. Oradan Azərbaycana narkotik daşınmasına imkan verməməlidir. Daha da pisi odur ki, bu işin içində rəsmi məqamların özləri də var. Əgər  belədirsə, bu üçqat cinayətkarlıqdır. Düşünürəm ki, dövlət oaraq, millət olaraq İranın bu hərəkətlərini qınamalıyıq, deməliyik ki, bu biabırçılıqları dayandır. Narkotiki satmaq, yaymaq birbaşa xalqa qarşı soyqırım cinayətinə bərabər bir cinayətdir.

Söhbətləşdi: Ülviyyə ŞÜKÜROVA

Stopnarkotik.az