"İşlə bağlı psixososial risklər hər il 840 min insanın ölümünə səbəb olur" - Beynəlxalq Əmək Təşkilatı

İş mühitindəki psixososial risklər hər il 840 min insanın ölümünə səbəb olur.

Bu barədə BMT-nin Beynəlxalq Əmək Təşkilatının (ILO) dərc etdiyi hesabatda bildirilir.

Məlumata görə, həddindən artıq iş yükü, məşğulluğun qeyri-sabitliyi, iş yerindəki təzyiq və digər amillər ölüm hallarına gətirib çıxarır. Bu risklər milyonlarla insanın sağlamlığına ciddi zərər vurur. Psixososial risklər, əsasən, ürək-damar xəstəliklərinin və psixi pozuntuların yaranmasına səbəb olur. Belə ki, bu səbəblərdən müvafiq olaraq 784 min və 56 min işçi həyatını itirir.

Risk faktorları sırasında işin qeyri-effektiv təşkili, çəkilən zəhmətlə alınan mükafatın uyğunsuzluğu və kollektiv daxilindəki mürəkkəb münasibətlər də yer alır. Bütün bunlar insult, ürək-damar xəstəlikləri, psixi sağlamlıq problemləri və intihar riskini əhəmiyyətli dərəcədə artırır.

Hesabata əsasən, işlə bağlı psixososial risklərdən qaynaqlanan ölümlər qlobal iqtisadiyyata da ciddi ziyan vurur. Bu amillərin yaratdığı iqtisadi itkilər dünya ÜDM-nin təxminən 1.37%-ni təşkil edir./oxu.az