Taryel Əliyev: “Onları Azərbaycan Respublikasının təhlükəsizliyinə qarşı bir təhdid olaraq görürük...”
“Bütün hüquq mühafizə orqanlarından bu səlahiyyətlər alınmalı, narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı ayrıca bir dövlət xidməti yaradılmaldır. Hesab edirəm ki, ondan sonra mübarizədə daha səmərəli vəziyyətin şahidi olacağıq”
Azərbaycanda narkotik ticarətinin genişlənməsi ciddi narahatlıq doğurur. Təsadüfi deyil ki, hazırda ölkəmizdə bir çox dövlət qurumları narkomanlığa və narkotiklərin qanunsuz dövriyyəsinə qarşı ciddi mübarizə aparır.
Rəsmi məlumatlara əsasən, ölkəmizə narkotikin 95 faizi məhz qonşu İrandan daxil olur. Maraqlıdır, aidiyyəti qurumlar, xüsusilə də Dövlət Sərhəd Xidməti və Dövlət Gömrük Komitəsi tonlarla narkotikin ölkəmizə daxil olmasının qarşısını almaqda nə üçün acizdirlər?
Stopnarkotik.az bu və digər suallara ehtiyatda olan polkovnik Taryel Əliyevlə müsahibədə cavab tapmağa çalışıb. Həmin müsahibəni oxucularımıza təqdim edirik. Buyurun, izləyin.
- Taryel müəllim, sirr deyil ki, Azərbaycan dövləti öz sərhədlərini qorumaq üçün yetərli imkanlara malikdir. Bəs necə olur ki, İrandan ölkəmizə tonlarla narkotik daxil olur?
- Statistikaya görə, ümumiyyətlə mövcud yanaşma da belədir ki, Azərbaycana narkotik vasitələrin böyük əksəriyyəti İrandan gəlir. Bilirsiniz ki, İranla bizim həm dəniz, həm quru sərhədimiz var. Təbii ki, quru sərhədimiz varsa, hava sərhədimiz də var. Hava yolu ilə bizim klassik mənada anladığımız şəkildə təyyarə ilə narkotikin gətirilməsi çox çətindir, hətta deyərdim ki, mümkün deyil. Çünki hava limanlarında, aeroportlarda təyyarəyə miniş zamanı daha ciddi yoxlamalar keçirilir. Ona görə, bu variantı biz istisna edirik.
O ki qaldı dəniz və quru yolu ilə narkotik gətirilməsinə, həqiqətən də bu yollarla İrandan Azərbaycana narkotikin gətirilməsi çox geniş vüsət alıb. Və hal-hazırda bu gətirilmə üsulları fərqlidir. Misal üçün, dənizdə qayıqlarla, quru sərhədində isə bəzi hallarda dronlarla, bəzi hallarda canlı şəxslərin sərhəddən keçirməsi vaistəsilə Azərbaycana narkotik gətirilir. Narkotikin İrandan Azərbaycana gətirilməsini aşkar olunmuş faktlar üzərində deyirik. Yəni tutulan narkotikin miqdarına və araşdırma nəticəsində onların həqiqətən İrandan gəldiyinə dəlalət edən sübutlar olduğu üçün belə deyirik. Axı, nə qədər də tutulmayan narkotik vasitələr var. Ümumiləşdirmə nəticəsində belə qərara gəlmək olar ki, həqiqətən, bu, bizim üçün böyük bir problemdir.
İndi niyə tutulmur və niyə qarşısı alınmır? Mən deməzdim ki, tutulmur. Əgər tutulmasaydı, o statistik hesabatlar və rəqəmlər də olmazdı. Yəni tutulur. Ola bilsin ki, hamısı tutulmur. Bu da mümkündür.
Əlbəttə, bizim dövlət sərhədləri istər texniki vasitələrlə, istər canlı qüvvə ilə yüksək səviyyədə qorunur. Amma, görünür, hardasa belə variantlar, belə yollar var ki, bu narkotik vasitələr hələ də gəlir. Təbii ki, bunun üçün ilk növbədə sərhədin mühafizəsinə cavabdeh olan orqanlar və şəxslər öz fəaliyyətlərini redaktə etməlidir. Əlavə lazımi tədbirlər hazırlanmalı və həyata keçirilməlidir.
Mən sizə bir misal danışım. Azərbaycanın İranla sərhəddində elə yerlər var ki, nazik bir çaydır, çayın bu tərəfi Azərbaycan Respublikası, o biri tərəfi İran İslam Respublikasıdır. Yadımdadır, təcrübəmizdə belə bir hadisə olmuşdu. Üzr istəyirəm, kənddə bildiyimiz uzunqulaq elə alışmışdı ki, onun üzərinə müəyyən əşyaları yükləyirdilər, bir çubuq vururdular, çayı o tərəfə keçib, İrana gedirdi. İran tərəfi də onu qarşılayır, apardığı yükü boşaldır və buradan sifariş olunan digər yükü yükləyir, çubuğu vururdular, uzunqulaq Azərbaycana gəlirdi. Bu qaçaqmalçılığın qəribə bir yolu idi. Təbii ki, bu işlərin üstü açılırdı, şəxslər məsuliyyətə cəlb olunurdu və s. Düzdür, o hadisədə uzunqulağın aparıb-gətirdiyi yük narkotik deyildi. Amma demək istəyirəm ki, bu vasitə ilə narkotiki də gətirmək olar.
Narkotik qaçaqmalçılarının özlərinin də kifayət qədər güclü texniki vasitələri - gecə görmə cihazları var, siqnal raketləri, odlu silahları var. Biz dəfələrlə eşidirik və şahid oluruq ki, sərhədi keçəndə silahlı müqavimət göstərirlər, atəş açırlar. Onların içindən yaralanan, məhv olunan qaçaqmalçılar olur. Yəni bu dinamik bir prosesdir və onun da qarşısını almaq hələ ki, tam şəkildə mümkün olmayıb. Bunu bugünki təcrübə göstərir.
Amma güman edirəm ki, onun qarşısının tam alınmasına doğru işlər sürətlənməlidir. İndi elmi-texniki tərəqqi inkişaf edib. Kiçik dronlar çıxıb. Bu dronlara götürə bildiyi qədər - yarım kiloqram, bir kiloqram narkotik qoyurlar, gəlir çayın bu tərəfinə, burada da adam qəbul edir, vəssalam. Ona görə, bunların hər biriylə bağlı operativ tədbirlər görülməlidir.
Ümumiyyətlə, sizə öz fikrimi deyim ki, hal-hazırda Azərbaycanda narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı bir neçə hüquq mühafizə orqanı, deyək ki, Dövlət Sərhəd Xidməti, Dövlət Gömrük Komitəsi və s. qurumlar fəaliyyət göstərir. Narkotik cinayətlərinə qarşı mübarizə ilə bağlı əsas hüquq mühafizə orqanı Daxili İşlər Nazirliyidir. Həmçinin, prokurorluq, Dövlət Təhlükəsizlik Komitəsi və s. Amma mənə elə gəlir ki, bu orqanların hamısından bu funksiyalar alınmalı, ayrıca bir mərkəzi icra hakimiyyəti orqanı yaranmalıdır.
- Yəni narkotiklə mübarizə aparan xüsusi qurum yaranmalıdır?
- Bəli, xüsusi bir qurum yaranmalıdır. Hal-hazırda bizdə Narkomanlığa və Narkotiklərin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası var. Amma o ictimai əsaslarla fəaliyyət göstərən bir orqandır. Hüquq mühafizə orqanlarının, digər mərkəzi icra hakimiyyəti orqanlarının rəhbər şəxsləri o Komisisyada təmsil olunurlar. Komissiyanın sədri Azərbaycan Respublikası baş nazirinin müavinidir. Mən o qurumun fəaliyyətinin səmərəliliyini aşağı salmaq istəmirəm. Lakin mən narkotiklərin qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mərkəzləşdirilmiş icra hakimiyyəti orqanı, yaxud sırf dövlət xidməti kimi bir qurumun yaranmasını çox zəruri hesab edirəm. Açığını deyək ki, bizim cəmiyyətdə bəzi hallarda müxtəlif orqanların bir-birinə qarşı qısqanclığı amili də var. Bu qısqanclıq amilinin aradan qaldırılması üçün dediyim xidmətin yaranması vacibdir.
Deyək ki, narkotik hansısa bir yolla sərhəddən keçdi, misal üçün iş gəlib Daxili İşlər Nazirliyinə çıxdı. Bu orqanlar arasında araşdırma istər-istəməz hara gedib çıxacaq? Dövlət sərhədinin mühafizəsində hansısa bir boşluğun olmasına! Bunların arasında artıq bəlli bir münasibətlər yaranır. İstintaqı aparan orqan sərhədin qorunmasında mövcud olan boşluqla bağlı xüsusi təlimat çıxarıb oraya göndərməlidir, həmin şəxslər cəzalanmalıdır və s. Digər nüanslar da var, mən onların hamısına toxunmaq istəmirəm. Amma mənə elə gəlir ki, bütün bu orqanlardan səlahiyyətlər alınmalı, ayrıca bir dövlət xidməti şəklində mərkəzi icra hakimiyyəti orqanı yaradılmaldır. Hesab edirəm ki, ondan sonra narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı mübarizədə biz daha səmərəli vəziyyətin şahidi olacağıq.
- Sizcə, belə bir qurum yaransa, narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısını almaq mümkün olacaqmı?
- Mən deyə bilmərəm ki, o qurum yarananda narkotiklərin qanunsuz dövriyyəsi yüz faiz dayanacaq. Mümkündür ki, yenə hansısa üsullar tapacaqlar. Bilirsinizmi, narkotiklərin qanunsuz dövriyyəsində çox böyük, külli miqdarda pullar var. Heç kim o “qazanc”ının əlindən çıxmasını istəmir. Ona görə, narkotik qaçaqmalçıları başqa üsullar axtaracaqlar, tapacaqlar. Biz oxuyuruq, görürük, sərhəd yoxlamasından keçəndə narkotiki kapsul şəklində udurlar. Bu, nəyə görə belədir? Biz bu yolu bağlayırıq, başqa yol fikirləşirlər. O yolu da bağlayanda, bunlar başqa yol fikirləşirlər. Bu, əksliklərin vəhdətinin mübarizəsi şəklində bir mübarizədir. Hüquq mühafizə orqanları nə qədər operativ olarsa, onların üsul-vasitələrini nə qədər tez aşkar edərsə, narkotikin dövriyyəsinin qarşısını almaq o qədər asan olacaq.
- Heç kimə sirr deyil ki, İranın narkotik ticarəinin başında SEPAH durur. Siz necə düşünürsünüz, ABŞ-la İsrailin İrana hücumları bu problemin qarşısını qismən də olsa, ala bilərmi? Yəni bizə ən çox narkotik İrandan daxil olduğuna görə bu sualı ünvanladım...
- Fevral ayının 28-dən ABŞ-la İsrail İrana qarşı genişmiqyaslı hərbi əməliyyat həyata keçirirlər. Sözsüz ki, biz bu əməliyyatın gedişi və nəticələri barədə ancaq KİV-lərdən məlumat əldə edirik, ona görə oradakı vəziyyəti dəqiq deyə bilmərik. Misal üçün, Amerika mətbuatı yazır ki, İran böyük dağıntılara, təlafata məruz qalıb. İran mətbuatı isə deyir ki, Amerika tərəfi daha böyük dağıntılara məruz qalıb, daha çox itki verib. Eyni zamanda, Amerika və İsrailin həyata keçirdiyi hərbi əməliyyatların məqsədi barədə də cürbəcür fikirlər danışılır. Bəzən deyirlər ki, məqsəd rejimi çökdürməkdir, dəyişdirməkdir. Bəzən deyirlər ki, İranın xəritəsini dəyişdirməkdir və s. Yəni bütün bu informasiya bolluğunun içində bizim arzuladığımız həm Azərbaycana qarşı tutduqları mövqeyə, ümumiyyətlə bölgədə həyata keçirdikləri fəaliyyətinə görə İran rejiminin daha demokratik, daha dünyəvi rejimlə əvəz olunmasıdır. Əgər bu, baş verərsə, onda istər SEPAH, istər İranın digər orqanlarının fəaliyyəti normallaşar. Orqan nədir? Orqan həmin dövlətin ideoloji xəttini, tutuduğu yolu müdafiə edir, ona çalışır. Əgər dövlətin qarşısına qoyduğu funksiyalar, ideoloji yolu dəyişərsə, sözsüz ki, SEPAH və digər orqanlar da dəyişəcək.
Açığını deyim ki, SEPAH-ın Azərbaycana qarşı mübarizəsi təkcə narkotiklərin qanunsuz dövriyyəsini təşkil etmək deyil, digər qanunsuz fəaliyyətləri də var. Mənim orqanlarda işlədiyim dövrdən də yadımdadır. İndiki son dövrlərdə, lap bu yaxın günlərdə DTX-nın yaydığı məlumatdan da görünür ki, onlar hər cür təxribatçı addımlara əl atırlar.
Yeri gəlmişkən, başqa bir məsələni də deyim. Əgər İranda rejim dəyişikliyi baş verərəsə, böyük ehtimalla Azərbaycanın quru sərhədlərinin də açılması tez bir zamanda baş verəcək.
- Bu gözlənilir?..
- Mən belə bilirəm ki, Azərbaycanda quru sərhədlərinin açılması İran rejiminin süqutuna bağlı ola bilər. Yəni bu, tezləşdirə bilər.
- Mətbuatdan da oxuyuruq ki, Azərbaycan narkotik cinayətləri ilə mübarizədə Amerika ilə sıx əməkdaşlıq edir. Məsələn, ABŞ ölkəmizə müasir avadanlıqlar, xüsusi öyrədilmiş itlər və s. verib. Sizcə, bütün bunlar narkotiklərlə mübarizədə yetərlidirmi?
- Təbii ki, xüsusi texniki vasitələrin, axtarış itlərinin Azərbaycan sərhəd xidmətinin və digər orqanların istifadəsində olması narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizəni xeyli asanlaşdıracaq. Lakin mənim həmişə sevdiyim bir ifadə var. Onu sizin üçün də səsləndirim: “Misri qılınc Koroğlunun əlində olanda misri qılıncdır. Əgər o Keçəl Həmzənin əlində olarsa, adi bir dəmir parçasıdır”. Ona görə, texniki vasitələrin olması şərt deyil. Onlardan istifadə bacarıqları olmalıdır, onlar düzgün tətbiq olunmalıdır. Eyni zamanda, insan faktorunu heç vaxt unutmaq olmaz. Mən dəqiq bir fakta əsaslanmıram, sadəcə fikir olaraq bildirirəm, belə bir ehtimal mümkündür ki, hansısa narkotik qaçaqmalçısı öz malını keçirmək istəyir, bilir ki, burada yaxşı pul qazanacaq. Orqanlarda hansısa bir adam tapır, ona bəlli bir məbləğ verir, deyir ki, “mənə 10 dəqiqəlik qapı açın”. Bunları biz eşidirik. Mən bunları fakt kimi yox, ehtimal kimi deyə bilərəm. Tutaq ki, bəlli bir məbləğin müqabilində orqandakı adam deyir ki, saat 12 ilə 12.10 arasında oradan keçə bilərsən. Təbii ki, əgər belə faktlar varsa, araşdırılmalıdır. Sadəcə olaraq, vurğulamaq istəyirəm ki, insan faktoru çox vacibdir. Texnika, texnologiya nə qədər inkişaf etsə də, bilavasitə o işi icra edən şəxslərin özünün vicdanı, professionallığı, gözütoxluğu vacib faktorlardır.
- Bəlli olduğu kimi, süni intellekt zamanına gəlib çıxmışıq. Hər sahədə süni intellekt özünü göstərir. Bu sahədə də süni intellektin imkanlarını tətbiq etmək mümkündür?
- Düzü, mənim dəqiq fikrim yoxdur ki, süni intelelkt bu sahədə necə tətbiq oluna bilər. Narkotik bir maddədir, insanlar onu əldə edir. Süni intellekt o maddələrin sərhəddən keçirilməsində və yaxud alqı-satqısnda istifadə oluna bilər. Misal üçün, əvvəllər narkotik vasitələri ünvana və yaxud şəxslərə maşınla və s. yollarla çatdıran adamlar olurdu. Üz-üzə gəlirdilər, o malını verirdi, bu pulunu verirdi. Amma indi sadəcə sosial şəbəkələrdə alver edirlər. Məsələni o qədər sadələşdiriblər ki, hətta vaxtilə xüsusi xidmət orqanlarının istifadə etdiyi üsul və metodlarla bir-birinə çatdırma edirlər, bir gizli saxlanc yeri olur, ona yerin konumunu göndərir, deyir ki, filan yerdədir, aparıb qoyur oraya, bir neçə saat sonra digər şəxs gedib götürür.
Ümumiyyətlə, cinayətkarlıqla mübarizə gücləndikcə, cinayətkar tərəf cinayətin törədilməsinin üsul və vasitələrini təkmilləşdirir. Onlar təkmilləşdirdikcə, hüquq-mühafizə orqanları onların qarşısını almaq üçün öz işlərini təkmilləşdirməlidirlər. Bu, daimi bir mübarizədir, nə vaxt qurtaracağı da bəlli deyil.
- Siz İrandakı rejim dəyişikliyi ilə bağlı məsələyə toxundunuz. Tutaq ki, Azərbaycana İrandan hansısa təhlükə ola bilər və bunun üçün sərhədlər qapalıdır. Bəs, Gürcüstanla sərhədlər nə üçün açılmır?
- Bu məsələ bizim hazırkı söhbətimizin mövzusu deyil. Mən sadəcə İran rejiminin bizə vurduğu zərərin bir xəttini demək istəyirdim. İran Azərbaycana təkcə narkotik ixrac etmir, həm də bir dini cərəyan olaraq, Azərbaycan əhalisinin beyninə bəlli bir ideyalar yerləşdirir. Mən bir dəfə bu barədə qəzetə müsahibə vermişdim. Orada da Azərbaycanın quru sərhədlərinin niyə bağlı olmasını təhlil etmişdim. Azərbaycanın quru sərhədləri nə Rusiya-Ukrayna müharibəsinə, nə də başqa bir yerdəki münaqişələrə görə bağlı deyil. Azərbaycanın quru sərhədləri məhz İrandan ixrac olunan ideoloji səbəblərə görə bağlıdır.
Gürcüstana gəlincə, məhz elə ən böyük təhlükə Gürcüstan ərazisindədir. Mən bunu əvvəl də demişəm. Bir daha təkrar etməkdə bir qəbahət görmürəm. Gürcüstanda yaşayan əhali arasında İranın təsiri çox böyükdür. Oraya həm narkotik, həm də ideya ixrac olunur. Təbii ki, bunların arxasında böyük maliyyə dayanır. Burada şəxslərə maaş verirlər, onları hazırlayırlar. Və onları Azərbaycan Respublikasının təhlükəsizliyinə qarşı bir təhdid olaraq görürük. Ona görə, mən dedim ki, İran İslam Respublikasında rejim dəyişərsə, onlar bu proksi qüvvələr yaratmaq ideyasından əl çəkərlər. Bu işi maliyyələşdirməzlərsə, təbii ki, oradakı qüvvələr də yavaş-yavaş haqqın yoluna qayıdacaqlar, Azərbaycan üçün təhlükə olmaqdan vaz keçəcəklər.
Amma indilik görünür ki, İran özünə yeni ali dini lider seçdi, hələ biz bilmirik onun siyasəti necə olacaq. Ümidvarıq ki, onun siyasəti əvvəlkilərin siyasəti kimi olmayacaq. Xüsusən də Azərbaycana zərər vermək istiqamətində addımlar atmayacaq. Əgər bu cür yanaşarlarsa, təbii ki, quru sərhədləri də açılacaq, narkotiklərin dövriyyəsi də azalacaq. Və biz də istəyərik ki, 40 milyona nəfərə yaxın Azərbaycana türkü ilə yaxşı münasibətlərimiz olsun. Bu, çox vacibdir.
Hazırladı: Ülviyyə ŞÜKÜROVA
Stopnarkotik.az