NARKOTİCARƏTDƏN ORQAN SATIŞINA… - Ölkəmizin adı orqan tranzitində hallanır / Video

Stopnarkotik.az sayıtnda mayın 30-da İrandan Azərbaycana Biləsuvar Gömrük Məntəqəsindən keçməklə külli miqdarda narkotik vasitə gətirən TIR sürücüsünün Abşeron polisi tərəfindən saxlanılmasından bəhs edən xəbər yayıldı. Hansı ki, məlum əməliyyat nəticəsində ölkələrarası yükdaşıma fəaliyyəti ilə məşğul olan 47 yaşlı Emin Əhmədovun saxlanılaraq, idarə etdiyi iritonnajlı yük maşınından 8 kiloqrama heroin və 3 kiloqramdan çox metamfetamin aşkarlanması haqda xəbər verilmişdi.

Əlbəttə, Azərbaycana narkotikin əsasən İrandan keçdiyini xatırlatmağa lüzum yoxdur. Çünki bu, dəfələrlə sübut olunmuş faktdır. İranla Azərbaycan arasında mal-məhsul mübadiləsi sərhəd məntəqələrində yerləşən gömrük postları vasitəsilə baş verir. Bunlar Cənub-Astara gömrük postu, Astara keçid məntəqəsi, Biəsuvar keçid məntəqəsi, Culfa gömrük postu və Şahtaxtı gömrük postudur. Gülfa və Şahtaxtı gömrük postu Naxçıvan ərazisində yerləşir. Cənub-Astara gömrük postu Astara rayonunun Suparibağ kənd inzibati ərazi dairəsindədir. Astara keçid məntəqəsi eyniadlı rayon ərazisində, Biləsuvar keçid məntəqəsi eyni adlı rayonun ərazisində yerləşir.

Burada qeyd etmək yerinə düşər ki, nə hikmətdirsə, qaçaqmalçılıqla sərhəddən keçirilən narkotiklər əsasən Biləsuvar gömrük postundan ötürülmüş yüklərin içində aşkarlanır. Yəni belə anlaşılır ki, Biləsuvar gömrük postundan qaçaqmal ötürmək daha rahat başa gəldiyinə görə, narkoşəbəkələrin də seçimi buradan olur. Yəqin ki, bunu gərəkdirən şərtlər üzündən.

İlk öncə paytaxt Bakıya məsafə məsələsinə baxaq. Astaradan Bakıya məsafə təxminən 232-285 km-dir. Avtomobillə bu yolu qət etmək adətən təxminən 3-3.5 saat vaxt alır. Biləsuvardan Bakıya məsafə isə 154 km ilə 177 km arasında dəyişir. Bu məsafəni avtomobillə qət etmək adətən 2 saat 15 dəqiqə - 2 saat 30 dəqiqə vaxt alır. Yəni ölkənin iqtisadi mərkəzinə - Bakıya malları çatdırma məsafəsi baxımından Biləsuvarın daha əlverişli mövqedə olduğu görünür. Xəritədən də göründüyü kimi, Biləsuvarın coğrafi yerləşməsi ölkənin daha içinə döğru mövqedədir ki, bu da onu narkotik və digər ehtimal olunan qaçaqmalçılıq üçün çevik çatdırılma baxımından əlverişli edir. Təsadüfi deyil ki, mayın 30-da Biləsuvardan narkotik keçirən TIR sürücüsü də yükü birbaşa Abşerona gətirib, elə orada da polis tərəfindən yaxalanıb.

**

Bəs, Biləsuvar gömrük postunu qaçaqmalçılıq üçün vazkeçilməz edən nədir? Buradan daşınan qaçaqmal yalnız narkotikdən ibarətdir? Məsələn, niyə Astaradan keçirilən narkotiki ifşa etmək olur, Biləsuvardan yox? Biləsuvar yalnız narkotik tranziti üçün rol oynayır? Ola bilər ki, Biləsuvar gömrüyündən yalnız narkotik yox, daha əhəmiyyətli qeyri-leqal mallar keçirildiyinə görə, bura qlobal transmilli cinayət mafiyasının hədəfindədir və bu səbəbdən oranın effektiv mühafizəsi axsayır?   

Yuxarıda dediyimiz kimi, Astara ilə müqayisədə Biləsuvarın qaçaqmal üçün daha əlverişli olmasının səbəblərindən biri bəlkə də ərazi baxımından paytaxt istiqamətinə tez əlçatan olmasıdır. Təbii ki, məsafə qısa olduğuna görə logistika şərtləri da əlverişli olur. Yenə də təsadüfi deyil ki, elə bu səbəbdən Biləsuvar gömrüyü beynəlxalq daşımalarda da narkotik tranziti kimi istifadə olunur. Bu qəbildən hadisələrə nəzər saldıqda, 2025-ci il sentyabrın 27-də 500  milyon dollarlıq (200 kq) heroinin də Biləsuvar Gömrük Məntəqəsindən daxil olaraq, Gürcüstana keçməsini misal çəkmək olar. Onu da nəzərə alaq ki, bu və bu kimi nümunələr ifşa edilmiş hallardır. Amma Biləsuvar gömrüyünün qaçaqmal tranziti üçün əlverişli olması, buradan keçirilən narkotik və s. qeyri-leqal malların rahat ötürülməsinin səbəbi həm də bu ola bilər ki, buradan daha vacib mallar daşına bilər, yalnız narkotik yox. Narkotik bunun yalnız görünən tərəfi ola bilər. Məsələn, dünya miqyasında narkotikdən daha bahalı qeyri-qanuni orqan ticarəti də mövcuddur. Və bunun kölgədə saxlanması üçün narkotik ticarəti barədə informasiya ümumi qaçaqmal tranzitinin görünən tərəfi kimi aradabir sızdırıla bilər. Əgər Azərbaycan qlobal narkotik şəbəkələri tərəfindən tranzit nöqtəsi kimi istifadə olunursa, orqan mafiyası tərəfindən də eyni məqsədlə istifadə oluna bilər. Amma bu dəfə əks istiqamətdə-narkotik üçün İrandan Azərbaycana, orqan ticarəti üçün Azərbaycandan keçməklə əks istiqamətə.

**

Təsadüfi deyil ki, Azərbaycan Respublikası Avropa Şurasının İnsan Orqanlarının Alveri ilə Mübarizə Konvensiyasını ratifikasiya edib. Bu addım ölkəmizin qanunsuz transplantasiya şəbəkələrinə qarşı beynəlxalq əməkdaşlığını və hüquqi bazasını daha da gücləndirir. Hüquq-mühafizə orqanları (Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti) sosial şəbəkələrdə orqan satışı ilə bağlı elanları və gizli fəaliyyət göstərən transmilli şəbəkələri araşdırır və cinayət işləri qaldırırlar. 

Və Qlobal Mütəşəkkil Cinayətkarlıq indeksi, həmçinin Avropa Şurası və DW kimi media qurumları tərəfindən aparılan beynəlxalq araşdırmalarda Azərbaycanın qanunsuz insan orqanı ticarəti şəbəkələrində tranzit ölkə kimi adı hallanır. Bu cür qanunsuz əməliyyatlarda xarici (məsələn, İsrail və ya Almaniya) vətəndaşlar alıcı kimi çıxış edir.

Ötən illərdə yayımlanan hesabatlar müxtəlif postsovet və ya Yaxın Şərq ölkələrindən (Ukrayna, Moldova, Rusiya) olan donorların aldadılaraq Azərbaycana gətirildiyini və burada orqanlarının çıxarılaraq başqa ölkələrə (məsələn, Avropa və ya Latın Amerikasına) daşındığını və ya köçürüldüyünü bildirir. Məsələn, “Deutsche Welle”nin ZDF və “Der Spiegel” ilə əməkdaşlıqda hazırladığı 2025-ci il aprelin 22-si tarixli videomaterialda qanunsuz insan orqanları ticarətindən bəhs edilir. Materlada qeyd olunur ki, jurnalistlər qrupu aylarla prosesin izinə düşüb. Videoda Keniyanın Eldoret şəhərinin mərkəzində əsasən Almaniya və İsraildən olan xəstələrə xidmət göstərən və Azərbaycan kimi Qafqaz ölkələrindən olan donorlarla qarşılaşan bir transplantasiya klinikasının olduğu, həmçinin, alıcıların orqan alverçilərinə 200 000 avroya (222 000 ABŞ dolları) qədər pul ödəyə bildikləri halda, hər böyrək üçün 4000 avro ödəyərək yaxşı qazanc əldə etdiklərinə əmin olan gənc keniyalılardan da söhbət açılır. Azərbaycan qanunvericiliyinə görə, insan orqanlarının alqı-satqısı qəti şəkildə qadağandır. Azərbaycanda narkotik ticarəti də qadağandır, amma bu o demək deyil ki, narkoticarət baş vermir.

Yuxarıda qeyd etdiyimiz kimi, 2026-cı ilin 26 mayında Azərbaycan Avropa Şurasının (AŞ) İnsan Orqanlarının Alverinə Qarşı Konvensiyasının ratifikasiya prosesini tamamladı.

**

Nəzərə alsaq ki, İslam İnqilabı Keşikçiləri Korpusu – SEPAH İran iqtisadiyyatının əhəmiyyətli bir hissəsinə (milli ÜDM-in üçdə birinə qədər), o cümlədən quru və dəniz sərhədlərinə və limanlarına nəzarət edir, həmçinin, insan haqları təşkilatları və müxalifət resursları (məsələn, Transform İran və ya İran Milli Müqavimət Şurası) iddia edirlər ki, sərhədlərarası genişmiqyaslı qeyri-leqal biznes və insan alveri tam sərhəd nəzarətini təmin edən təhlükəsizlik qurumlarının xəbəri və ya razılığı olmadan mövcud ola bilməz, eləcə də ABŞ Maliyyə Nazirliyi də daxil olmaqla beynəlxalq qurumlar İranı dəfələrlə təşkilatı sistemli qaçaqmalçılıqda və fəaliyyətlərini maliyyələşdirmək üçün beynəlxalq narkotik ticarətində iştirak etməkdə ittiham ediblər, İranın, ələlxüsus arxa planda SEPAH-ın bu sferada da qlobal orqan ticarəti şəbəkələrilə birgə işlədiyini güman etməyə əsas var. Ən önəmlisi də İranın bu alverinin bizim ərazimizdən keçən nöqtəsidir.

Hazırladı: Ülviyyə ŞÜKÜROVA

Stopnarkotik.az