Narkomaniyaya qarşı mübarizədə əsas amillər maarifləndirmə, qanunsuz narkotik dövriyyəsinə qarşı təsirli tədbirlər, istifadəçilərin reabilitasiyası və s. kimi addımlardır. Bura qanuni zəmində bəzi dəyişikliklər də daxil edilə bilər. Məsələn, narkotik istifadəçilərinin həbsxanaya yox, məcburi reabilitasiyaya göndərilməsi kimi. Yaxud real narkotik alverçilərini əsl istifadəçilərdən ayırmaq üçün qanun çərçivəsində mümkün addımlar araşdırılmalıdır. Çünki satış ittihamından yayınmaq üçün kiçik miqyaslı narkotik alverçilərinin, yaxud kuryerlərin özlərini “narkotik vasitələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə edən şəxs” kimi qələmə vermələri mümkün ola bilər. Misal olaraq, aşağıdakı statistik göstəricini nümunə göstərə bilərik:
2025-ci ildə qeydə alınmış 31 852 cinayət hadisəsinin 7 763-ü, yaxud 24,4 faizi narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı olub. Həmin cinayətlərin 63,5 faizini satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma, 33,3 faizini eyni hərəkətləri satış məqsədilə etmə, habelə bu maddələri istehsal etmə, göndərmə, yaxud qanunsuz olaraq satma, 2,4 faizini qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmə, 0,8 faizini isə güclü təsir edən və ya zəhərli maddələrin satış məqsədilə qanunsuz dövriyyəsi ilə bağlı cinayətlər təşkil edib.

Belə təəssürat yaranır ki, narkoşəbəkə taktikasını dəyişdirib -“zakladka”nı müştəriyə çatdıran kiçik alverçilərlə kuryerlər satış maddəsi ilə həbsə düşməkdən yayınmaqdan ötrü istifadəçi kimi hərəkət edirlər. Bunun qarşısını almaq üçün birdəfəlik istifadəyə qanun müstəvisində rəsmi qeydiyyata düşmək şərti ilə icazə verilə bilər. Şəxsi istehlak miqdarından artıq narkotik maddələri saxlayan və s. əməlləri törədən, ancaq rəsmi qeydiyyata düşməyənlər isə müalicə müddətində azadlıqdan müvəqqəti məhrumetmə şərti ilə məcburi reabilitasiyaya yerləşdirilə bilər.
Çünki heç bir istifadəçi sağlam düşüncəyə malik olmur. Narkotik onun bu qabiliyyətini əlindən alır. Bu addımı belə əsaslandırmaq olar ki, onsuz da 234.1.-ci maddə ilə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
|
|
Xeyli miqdar (qramla) |
Külli miqdar(qramla) |
Xüsusilə külli miqdar (qramla) |
||
|
Marixuana (kannabis): |
|
|
|
||
|
qurudulmuş |
5 |
500 |
50000 |
||
|
qurudulmayan |
25 |
2500 |
250000 |
||
|
Kokain |
0,02 |
1 |
300 |
||
|
Metadon |
0,02 |
1,6 |
160 |
||
|
Xaşxaş kütləsi: |
|
|
|
||
|
qurudulmuş |
10 |
1000 |
100000 |
||
|
qurudulmayan |
50 |
5000 |
500000 |
||
|
Tiryək (o cümlədən ekstrasiya edilən) |
0,5 |
50 |
5000 |
||
|
Amfetamin |
0,15 |
2 |
400 |
||
|
Heroin |
0,15 |
2 |
800 |
||
Qəbul etsək ki, həbsə atılan adam üçün oradakı vaxt reabilitasiyaya sərf edəcəyi zamanla müqayisədə itirilən, hətta onu məhv edən müddətdir, məsələyə fərqli prizmadan yanaşa bilərik. Çünki burada həm də həbsə gedən istifadəçinin islahı məsələsi var. Məlumdur ki, həbsxanaya gedən bir istifadəçi və hətta kiçik miqyaslı narkotik alverçisi də islah olunmur. Çünki həbsxanada narkotik dövriyyəsinin yoxluğu inandırıcı deyil. Hətta, əksinə, yalnız istifadə ittihamı ilə həbsə düşən şəxs türmədə daha da “peşəkarlaşır”, azadlığa narkoşəbəkə ilə əlaqələr qurmuş halda çıxır və fəaliyyətinə “bariqa” kimi davam edir.
Bundan başqa, nəzərə alsaq ki, Azərbaycana İrandan “qara bazar” üçün gələn narkotik əsasən üzərinə psixotrop maddələr çiləməklə əldə olunmuş qurudulmuş marixuanadır, onun da həbsə aparan miqdarı 5 qramla (xeyli miqdar) 500 qram (külli mqidar) arasında dəyişir, bu ittihamla tutulmuş şəxsin 500 qram marixuananın hamısını özünün bir aylıq ehtiyacı üçün “ehtiyat fond” olaraq alması inandırıcı deyil. Ona görə ki, narkotik istifadəçiləri əsasən bir-birini tanıyırlar və hətta bəzi hallarda narkopriton olaraq getdikləri məkanda birgə istifadə edirlər. Bu zaman onlardan hansındasa narkotik yoxdursa, üstündə narkotik olanın digərinə narkotiki satması tam məntiqlidir. Hətta şəxs narkotiki şəxsi istehlak qədərindən “ehtiyat fond” qismində özü üçün alıbsa belə, ona müştəri düşən digər istifadəçiyə satması mümkündür. Bu, ölkənin “qara bazar”ında satılan digər narkotiklər üçün də keçərlidir.
Bu səbəbdən, narkotik vasitə və psixotrop maddələri şəxsi istehlak mqidarından artıq əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma ilə ələ keçən şəxslərin özlərini istifadəçi olaraq qələmə verən “bariqa” olmaq ehtimalı tam mümknüdür, göz ardına vurulmamalıdır.

İslah deyil, daha böyük təcrübə...
Digər məsələ kimi, az öncə toxunduğumuz - həbsə atılıb cəzaçəkmə müəssisəsindən “peşəkar bariqa” kimi çıxan püxtələşmiş keçmiş istifadəçilərə və həbsxanada itirilən vaxta diqqət etmək lazımdır. Məlumat üçün bildirək ki, Azərbaycanda dövlətin 2023-cü il ərzində hər bir məhbusun həbsxanada saxlanılması üçün xərci gündəlik orta hesabla 9,32 avro olub. Ola bilsin ki, o vaxtdan bu məbləğ artıb, amma onun haqqında dəqiq məlumat olmadığı üçün bu rəqəmə istinad etməli olacağıq. Beləliklə, Azərbaycanda avronun bu günki kursu 1.9556 AZN olduğuna görə, bir məhbusun saxlanması xərci bir gündə 18,226 AZN edir ki, bunu da 19 AZN civarında hesab edə bilərik. Bir məhbusun xərcini bir günə 18,22 AZN olmaqla bir aylıq 546,78 -təqribi 547 AZN götürə bilərik. Bu məbləğ 365 günə vurduqda bir məhbus üçün 6,652,56 AZN, təqribən 6,653 AZN edir. 2025-ci il ərzində ölkədə qeydə alınmış 31 852 cinayət hadisəsinin 7 763-nün narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar olduğunu və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət törətmiş 5 657 şəxsin müəyyən edildiyini, 5657 nəfərin həbsxanaya göndəriləcəyini ehtimal etsək, onların həbsxanada saxlanma xərcləri 37.636.021 AZN - 37 milyon 636 min 21 manat edir. Əlimizdə 5657 nəfərin neçə nəfərinin narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma, nə qədərinin isə eyni hərəkətləri satış məqsədilə etməsinə dair dəqiq rəqəmlər olmadığına görə 37 milyon 636 min 21 manatın hansı hissəsinin narkotik istifadəsi ilə həbsə girənlərə sərf edildiyini dəqiq deyə bilmirik.
Amma hesab edək ki, dövlət özəl reabilitasiya mərkəzləri ilə anlaşıb, onlara müəyyən güzəştlər etmək əvəzində aylıq 547 AZN müqabilində istifadəçilərin müalicə-bərpa prosesini apara bilər. Onsuz da həmin məbləğ həbsdə istifadəçiyə sərf olunur. Hələ biz digər rəsmi qurumların xərcini, vaxt itkisini buraya əlavə etmirik. Hansı ki, həmin məbləğ də üst-üstə qeyd olunan vəsaitə yaxındır.
Əlbəttə, o başqa məsələdir ki, dövlət büdcəsindən hər ay bir məhbus üçün ayrılan 547 AZN təyinatı üzrə xərclənirmi? Çünki əksər məhbusların ailə üzvlərinin həbsxanaya ərzaq və digər təyinatlı (gigiyenik vasitələr, alt paltarı və s.) məhsulları apardığı sirr deyil. Elə isə gəlin görək, dövlətin büdcəsindən həbsxanaya ayrılan maliyyə vəsaitlərini istifadəçilərin daha da “peşəkarlaşıb”, oradan “narkotik dünyası ilə əlaqələr qurmuş narkotik alverçisi” kimi çıxması cəmiyyət, dövlət, elə həmin şəxslərin özü üçün nə qədər məqsədyönlüdür və düzgün strategiyadır? Bir halda ki, həbsxanalarda islah prosesi yoxdur, çünki olsaydı təkrar cinayətkarlıq günbəgün artmazdı, bəlkə heç olmasa ölkədəki kriminogen fonu azaltmaq, elə narkotik istifadəçilərinə də 2-ci şans vermək üçün qanun müstəvisində dəyişikliklərə getməyə ehtiyac var?! Beləliklə, həbsxanaya “axan milyonlar” da narkotik istifadəçilərinin sağalmasına, onların bərpa olunmasına xərclənə bilər...
Ülviyyə ŞÜKÜROVA
Stopnarkotik.az