Son onillikdə ölkəmizdə xüsusilə kəskinləşən narkomaniya problemi qarşısıalınmaz bəlaya çevrilib. Bunu rəsmi statistik göstəricilər də ortaya qoyur. Məhz bu göstəricilərə əsasən deyə bilərik ki, narkomaniyanın mənzərəsi 30 il əvvəl xeyli fərqli idi. Məsələn, 1995-ci idə Azərbaycanda narkotiklə bağlı cinayətlərin sayı 2827 idisə, bunun 1852-si narkotiklərin qanunsuz satışı, istehsalı, daşınması ilə, 918-I isə qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya edilməsi ilə bağlı idi. Yəni narkotiklərin qanunsuz satışı, daşınması göstəricisi (1852) ilə qanunsuz kultivasiya göstəricisi (918) arasında kəskin fərq mövcud deyildi, ikinci təxminən 2 dəfə az idi.
Hətta 2000-ci ilin rəqəmlərində bu fərq daha xeyli artıb. Belə ki, 2000-ci ildə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlərin sayı 2370 idisə, bunun 1989-u narkotikin istehsalı, satışı kimi cinayətlərlə, 330-u isə tərkibində narkotik maddələr olan bitkilərin kutivasiya edilmə sayı ilə bağlı olub.
2024-cü ildə narkotiklərin qanunsuz dövriyyəsi üzrə cinayətlərin ümumi sayı 8863 olub ki, bunun 8551-i narotikin istehsalı, satışı ilə, 229-u isə tərkibində narkotik maddələr olan bitkilərin kultivasiyası ilə əlaqədar olub.
Bütün bu göstəricilər onu deməyə əsas verir ki, zaman keçdikcə ölkəmizdə “qara bazar”da alıcısına çatan narkotik daxildə narkotik tərkibli bitklərin kultivasiyası hesabına yox, daha çox idxal, yəni kənardan gətirilən “mal”ın hesabına təmin olunub. Deməli, ölkəmizdə narkomaniyanın yayılmasında idxaldan asılı olan narkoticarətin payı get-gedə artır.
Ülviyyə ŞÜKÜROVA
Stopnarkotik.az
P.S. Mövzunu davam etdirəcəyik.