“Ailədə şəxsiyyəti alçaldılan yeniyetmələr narkotikə başlayır” – HƏKİM-PSİXOLOQ

Günay Babayeva: “Yeniyetmələr ailədə öz rolunu görməyəndə gedib cəmiyyətdə öz yerini tapmağa çalışır”

“Asılılarla işləmək çox çətindir, adi bir söz onların intiharına gətirib çıxara bilər”

“Yeniyetmələrdə düşüncə və davranış eyni anda hərəkət etmir...”

“Biz təsdiqləyirik ki, tam sağalmaqdan söhbət getmir, çünki orqanizm artıq zədə alıb... amma hamı bu sözü işlətsə ki, “heç bir narkoman sağalmır”, onda narkotiklərdən istifadə edənlər artacaq”

Narkotik istifadəçilərinin reabilitasiya prosesinə cəlb edilməsinə müxtəlif yanaşmalar var. Məsələn, Avropa ölkələrində yanaşma belədir ki, aktiv istifadəçilər sağalmaya özləri qərar verməldirlər. Amma o da məlumdur ki, narkotik olan yerdə iradədən danışmaq əbəsdir. Narkotik istifadəsini iradənin zəifliyinə yox, asılılıq xəstəliyinə bağlayırlar. Aktiv narkotik istifadəçisində sağlam düşüncə olmur ki o, sağalmağa qərar versin. Hətta keçmiş narkotik istifadəçiləri bildirirlər ki, istifadəçi yalnız “dib” görəndən sonra narkotikdən üzülüşməyə qərar verir.

Həmçinin, istifadə müddəti artdıqca narkotikin vurduğu fəsad da artır. Hətta indiki sintetik narkotiklər bircə istifadədən insanı asılı edir və ilk dəfədən öldürə də bilir. Belə olan halda “dib”lərə qədər getməyin insanın bütün sferalarını tam məhv edəcəyini bilə-bilə, o “dib”ə çatmadan istifadəçini sağalmağa könüllü qərar verməyə necə razı salmaq olar, bunun yolu nədir? Bu və digər suallara Bakı Narkoloji Dispanserinin həkim-psixoloqu Günay Babayeva ilə müsahibəmizdə aydınlıq tapmağa çalışdıq.

- Günay xanım, Avropa ölkələrinin yanaşmasına görə, narkotikdən xilas olmağa könüllü qərar vermək mütləq olsa da, o da məlumdur ki, narkotik istifadə edən insanda sağlam düşüncədən söhbət gedə bilməz. Həm də “yeni nəsil” sintetik narkotiklər məhvolma prosesini tezləşdirir, sağalma qərarını verməyə vaxt qalmaya da bilir. Belə olan halda atılacaq addım nə olmalıdır? Narkotiklərin fəsadı ağırlaşana, həmçinin, aşırı dozadan ölüm baş verənə qədər istifadəçini sağalmağa necə razı salmaq olar?

- Bilirsinizmi, ilk növbədə biz istifadəçinin istifadə müddətinə baxmalıyıq ki, bu müddət çoxdur, azdır?! Biz anamnez toplayanda baxırıq, əgər istifadəçi yeni başlayıbsa, bunun səbəbini tapmalıyıq. Yəni hansı mühitə düşərək narkotikə gedib, hansı problemlərlə üzləşib ki, özünü narkotikdə tapıb və s. Biz buna baxmalıyıq. Yox, əgər istifadə müddəti 5 ildən artıqdırsa, biz prosesin əvvəlinə qayıda bilmirik. Bizə hal-hazırda o insanın sağalamlığına qovuşması lazımdır. Bəli, biz təsdiqləyirik ki, tam sağalmaqdan söhbət gedə bilmir. Çünki orqanizm artıq zədə alıb. Bizə lazımdır ki, onun sağlamlığını az da olsa bərpa edək və cəmiyyətə adaptasiya edək ki, istifadəçi narkotikdən uzaqlaşsın. O, sağlam həyat tərzi sürərək istər-istəməz sağlam düşüncəyə, sağlam addımlara meyl edəcək. Məqsəd odur ki, istifadəçi narkotikdən uzaqlaşaraq öz sağlamlığını həm mediakmentoz, həm psixoloji olaraq dəstəkləsin. Bunun üçün də bizə ailə dəstəyi, sosial mühit lazım olur. Biz bir şəxsi evə qapadaraq sağalda bilmərik. Biz o şəxsi cəmiyyətə adaptasiya etməliyik, təbii ki, nəzarət altında. Çünki bu insan uzun müddət istifadə edib və onun bədənində olan ağrılar var, onun psixoloji durumu hələ tam hazır deyil. Onlar psixoterapiyalar, qrup terapiyalarına cəlb olunmalıdır. O, bu terapiyalara qatılmalıdır və orada özü kimi bir neçə nəfəri görməlidir ki, onların hansı yollardan keçdiyini görsün.

Əgər biz bir şəxsin sağalmasını istəyiriksə, onu qarşısına alternativləri qoymalıyıq, necə ki, uşaqlar dünyaya gələndə valideynlərinin səsini yox, emosiyalarını, reaksiyalarını görürlər. Bu anda da belədir. Biz asılıların qarşısına qoymalıyıq ki, sağlam həyat tərzi necədir, insan özü ilə necə mübarizə aparmalıdır. Hər bir insanın başına iş gələ bilər. Bəs, bununla necə mübarizə aparmaq olar?! Biz bunları göstərə, onlarla terapiya edə və yaxınlarının dəstəyi ilə onlara yaxınlaşa biliriksə, deməli, sağlamlıq üçün yol açmışıq. Üstəlik, əgər biz o şəxslərin sağlamlığını istəyiriksə, istər-istəməz keçmişində olan problemlərlə və yaxud ailədəki problemlərlə - çünki ailə natamam ailə ola bilir və yaxud da valideynlərlə övlad arasında düzgün münasibət olmaya bilir - biz ilk növbədə valideynlərlə işləməyə başlayırıq. Çünki valideynin gücü, motivasiyası və inancı yüksək olarsa, istifadəçi ondan ruhlanacaq. Fərq etmir, övlad neçə yaşda olur-olsun, istər-istəməz başını geri çevirəndə arxada valideynini görmək istəyir. Ona görə, biz valideynlərin əhval-ruhiyyəsini, övladlarının sağalması üçün nələrdən keçəcəklərini, “bu etapda sizin də dəstəyiniz lazımdır, siz dəstək göstərsəniz daha da yaxşı olacaq”, deyə valideynlərin rolunu göstəririk və o zaman istifadəçi şəxsin sağlamlığına yol açırıq. Övlad baxır ki, mən xəstəyəm və müalicə alıram, valideynim ruhdan düşmür, məndən öz sevgisini əsirgəmir, mənə dəstək göstərməyə çalışır, bu halda istər-istəməz əhval-ruhiyyəsi artır. Əhval-ruhiyyə də artıqca nə baş verir – şəxs cəmiyyətə adaptasiya olmaq istəyir.

Təkcə valideyinlə iş bitmir, o, düşünür ki, mən yetkin insanam, sağalacağam, işləyəcəyəm, valideynimə dəstək olacağam, özümü şəxsiyyət kimi formalaşdıracağam, insanlara örnək olacağam... Bu kimi motivasiyalarla şəxs istər-istəməz beynində - şüuraltında neqativdən qaçmağa başlayır. Şəxs neqativdən qaçdığı müddətdə biz şüuraltında yatan neqativləri araşdırmağa başlayırıq. Yəni şəxs hansı etapda neqativlərlə üzləşib, hansı travmalarla üzləşib, həmin travmaları yavaş-yavaş onun qəbullanmasına yol açırıq - bu baş verib, necə baş verib, sən bunu yaşamısan, bunu yaşadıqdan sonra sənin həyatında olan dəyişikliklər və  sənin bu günki həyatın, gələcək planların – bunları bir texnika kimi işləməyə başlayırıq. O zaman şəxsin motivasiyası təbii ki, artır.

Asılılarla işləmək çox çətindir. Çünki adi bir söz, terapiyada səhv hərəkət belə onların intiharına gətirib çıxara bilər. Və yaxud gedib kimlərəsə zərər yetirə bilərlər. Ona görə, biz nə qədər maksimum çalışsaq ki, onların ruhunun sağlamlığı üçün ətraflarındakı sevdikləri ilə bərabər dəstək göstərək, burada sağlamlıqdan söhbət gedə bilər. Yenə dediyim kimi, burada yüzdə yüz tam zəmanət yoxdur, amma qismən buna nail ola bilirik. Onlar hiss etməlidirlər ki, tək deyillər. Gəlin etiraf edək ki, bizim cəmiyyətdə hamı onlardan uzaqlaşır, elə bil onları təcrid etmək istəyirlər. Bu, düzgün deyil. Hamı bu sözü işlətsə ki, “heç bir narkoman sağalmır”, onda gəlin açıq deyək, narkotiklərdən istifadə edənlər artacaq. Amma narkotikin insana, cəmiyyətə verdiyi zərərləri araşdırsaq, qəbul edəcəyik ki, bəli, istifadəçi gənclər bu səhv addımı atıblar, amma onları uzaqlaşdırmaq daha yaxşı olar.

- Ümumlikdə, asılılığın kökü kimi psixoloji travmalar başlıca səbəb olaraq götürülür...

- Təkcə onu deməyək. Səbəblər müxtəlifdir – bioloji, psixoloji, genetik faktor var. Yəni deyə bilmərik ki, səbəb sırf travmalardır. Elə insanlar var ki, orada travmadan söhbət getmir, mühit faktoru var. Əsasən də narkotikə o yeniyetmələr başlayır ki, ailədə şəxsiyyəti alçaldılır, aşağılanır, ailədə öz rolunu görmədiyi halda gedib cəmiyyətdə öz yerini tapmağa çalışır. Xüsusən də o yeniyetmələr ki, ona deyilir – sən bunu bacarmazsan, sən bunu etməzsən. O da qınaqdan qaçmaq üçün bir dəfə sınayır, iki dəfə sınayır, özünə arxayın olur ki, mənə heç nə olmaz, beləcə də narkotikə başlayırlar.

**

- Onu da nəzərə alaq ki, çətinliksiz, problemsiz həyat olmur. Sizcə, hansısa problemi, travmanı irəli sürüb narkotik istifadəsinə, yaxud başqa pis vərdişə qurşanmağa haqq qazandırmaq, bəraət qazandırmaq doğru yanaşmadırmı? Əgər problem varsa, onun həlli yolları da var və indiki dövrdə problemin həlli yolu üçün vasitə tapmaq əvvəlki dövrlə müqayisədə çətinləşməyib ki, asanlaşıb. İndi maarifləndirmə də çoxdur, psixoloq xidməti var və s. Necə edək ki, problemin çözümünə gedək, narkotikə yox?

-Bəli, heç kim deməsin ki, bəzi ailələrdə travma olmur, çətinlik olmur, hər şey dörd dördlükdür, idealdır. Bəzən ailədə dava-dalaş olur, ata ilə ananın mübahisəsi olur. Mən həmişə deyirəm, mübahisə varsa, inkişaf var. Deməli, kimsə nəyisə düzəltmək, nəyisə irəli aparmaq istəyir. Bundan qorxmaq, çəkinmək lazım deyil. Susmaq o demək deyil ki, mən razıyam. Susmaq içinə qapanmaqdır. Olmaz. Mübarizə lazımdır. Əsasən də uşaqların ərgənlik dövrlərində baş verən hadisələrlə uşaqlar düşünürlər ki, travma alıram. Bəli, qəfildən baş verən faciəli hadisələrdən heç kəs sığortalanmayıb. Olur ki, kimsə valideynini itirir, kimsə təbii fəlakətlə üzləşir, bundan sığortalanmamışıq. Cinsi istismara məruz qalan uşaqlarda da travmalar baş verir. Amma bizdə “dinlənilməyən ailə” faktoru da var. O uşaqlar ki ailələrdə dinlənilmir, valideyn səhv edirsə, yaxud yüksək səslə danışırsa, o uşaqdan üzr istəmirsə, uşaqda istər-istəməz inciklik, küskünlük yaranır. Bu inciklik, küskünlük yeniyetməlik dövründə daha da artır. Səbəb o ola bilər ki, yeniyetməlik insan psixologiyasının ən çətin dövrüdür. Çünki düşüncə və davranış eyni anda hərəkət etmir. İnsan bir cür düşünür, başqa cür davranır. Çünki burada bədən aktiv şəkildə mübarizə edir, hormonlar daha aktiv olur, insan buna görə əsəbi, gərgin olur, fikrini düzgün ifadə edə bilmir. Bu zaman qarşısındakı insan onu başa düşməlidir. Əgər o, başa düşülməsə gedib sevgini kənarda, zərərli vərdişlərdə axtarır. Düşünür ki, “məni heç kim istəmir, mən özümü başqa cür rahatlaşdıra bilərəm. Bunu hamı edir, mən etsəm nə olar ki...”. Bu kimi suallarla bir də ayılırsan ki, həmin zərərli vərdişin istifadəçisisən.

Hər zaman valideyinlərimizə də vurğulayıram – övladın əsəbidirsə, sevin, çünki o, reaksiyasını bildirir. Əgər bir uşaq 5-7 yaşında özünü müdafiə etmək üçün qışqırır, ağlayır, yaxud bir şey istəyirsə, onu tələb edirsə və buna “yox” deyirsənsə, onun da izahını ver ki, niyə “yox” deyirsən. Sən uşağa “yox” deyirsənsə və o “yox”un izahını vermirsənsə, sonra o uşağın 12-13 yaşında bizə deyirsən ki, mən övladımla bacarmıram. Niyə? Çünki 5-7 yaşında uşağı dinləmədiyinizə, uşağın istəklərini önəmsəmədiyinizə görə, 12 yaşında orqanizm istər-istməz gərgin olur, plyus da istədiklərini əldə etmədiklərinə görə daha da gərginləşir, aqressiv olur. Aqressiv olduğuna görə də evdən qaçışlar başlayır, valideynə qarşı “məni heç kəs istəmir” kimi düşüncələr formalaşır və cəmiyyətə çıxır.

- Yəni artıq uşaq da valideyni “saymır”...

- Bəli. Belə bir diaqnoz var idi - onu artıq xəstəlik təsnifatından çıxardıblar - “düzgün tərbiyə olunmamış uşaqlar”. Bunu deyəndə valideynlər təəccüblənirlər, bu “olar-olmazın fərqinə varmaqdır”, yəni “yox” nəyə görədir, “hə” nəyə görədir. O zaman ki, biz uşaqlara “yox”u öyrədirik və izah edirik ki, səbəbi budur, uşaq sabah özü bir addım atanda onun fərqinə varacaq ki, bu addımı atımmı, atmayımmı?!

- Necə düşünürsünüz, yeniyetmə və gənclərə sağlam həyat tərzi, idman və kreativ fəaliyyətləri təşviq etmək üçün hansı metodlar daha effektivdir? Ümumiyyətlə, sağlam həyat tərzi, idman kimi fəaliyyətlər narkomaniyadan çəkindirməkdə nə qədər təsirlidir? Belədirsə, psixoloji dayanıqlıq üçün daha çox hansı idman növü asılılığın heç yaranmaması baxımından daha effektivdir?

(Ardı var)

Söhbətləşdi: Ülviyyə ŞÜKÜROVA

Stopnarkotik.az