100 MİLYONLUQ CİNAYƏT İŞİNDƏ MUSAYEV- RÜSTƏMOV İZİ... - “Bank sistemimizin ağası bu iki nəfər idi”

Xəbər verildiyi kimi, “Aqrarkredit” (Bank olmayan kredit təşkilatı) QSC-dəki 100 milyonluq mənimsəmə ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməliyyat keçirib. Əməliyyat nəticəsində saxlanılan şəxlərin ötən ilə qədər “Aqrarkredit” QSC-yə rəhbərlik etmiş Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayevlə əlbir olduğunun müəyyən edildiyi və ona qarşı da cinayət təqibinin başlandığı bildirilir

Qeyd olunur ki, həbs edilən şəxslər M.Musayevlə əlbir olaraq xüsusilə külli miqdarda dələduzluq cinayəti törədiblər. Qeyd edək ki, M.Musayev həm də “Turanbank”ın faktiki sahibi kimi tanınır.

Stopnarkotik.az xəbər verir ki, hüquqşünas Əkrəm Həsənov bu hay-küylü cinayət işi və bu işdə adı keçən, bank çevrələrində uzun illərdir heç də birmənalı reputasiyaya mailk olmayan Məmməd Musayev barədə sosial şəbəkədə paylaşım edib.

Həmin paylaşımda Musayevin Mərkəzi Bankın sabiq rəhbəri Elman Rüstəmovla şəxsi münasbətləri xüsusi qabardılır: “İllərdir ki, Elman Rüstəmovun dostu olan bu adamın mənfi fəaliyyəti haqda yazıram. Bank sistemimizin ağası elə bu iki nəfər idi. Rüstəmov 4 il əvvəl getdi, amma "Bank Mamed" daha dayanıqlı idi. O, nəinki dövlətə məxsus “Aqrarkredit”in rəhbəri idi və Sahibkarlar Konfederasiyasının prezidentidir, həmçinin "Turanbank"ın da faktiki sahibi kimi tanınır (mətbuatda kifayət qədər yazı var və təkzib olunmayıb). Bu həmin "Turanbank"dır ki, bir ildən çoxdur hüquqlarını müdafiə etdiyim şəxsin oradakı əmanətini ala bilmirik. Bu barədə də dəfələrlə yazmışam: bank deyir ki, guya əmanəti qaytarıb, amma heç bir təsdiqedici sənədi yoxdur. Belə də bank olar? Son illər ərzində bank sisteminin, əmanətlərin təminatlı olmasının nüfuzuna bu bank kimi zərər vuran olmamışdı. Təklif edirəm ki, bu bankda da yoxlamalar aparılsın. Ekspert kimi pulsuz dəstək olmağa hazıram. Əmanəti qaytardığını sübut edə bilməyən bankda yəqin ki, bundan da böyük pozuntular var. “Aqrarkredit”lə də münasibətləri təftiş etmək lazımdır”./azpolitika