Arzuxan Əlizadə: “Narkomanların sayının artması dövlət və cəmiyyət üçün təhlükə mənbəyinə çevrilir”
“Azərbaycanda rəsmi qeydiyyatda olanların sayından bəlkə də 10 dəfə artıq narkoman var və bunların sayı getdikcə artmaqdadır”
Bütün dünya dövlətlərində narkotiklərin qanunsuz dövriyyəsinin hədəfi daha çox gənclərdir. Məqsəd onları doğru yoldan azdırmaq, əyri yola salmaq və bununla böyük pullar qazanmaqdır. Hazırda Azərbaycan gənci də narkotik mafiyalarının hədəf dairəsindədir.
Ölkəmizə narkotik vasitələrin əsasən İrandan gəldiyi məlumdur. Amma iş bununla bitmir. Çünki artıq ölkə daxilində də süni narkotik vasitələrin hazırlandığı haqda iddialar var. O cümlədən, millət vəkili Arzuxan Əlizadə də “Stop narkotik”ə müsahibəsində bu haqda ciddi fikirlər səsləndirib. Stopnarkotik.az həmin müsahibəni oxucularına təqdim edir:
(Əvvəli bu linkdə: https://stopnarkotik.az/az/orta-mktb-sagirdlrini-narkotik-istifadsin-thrik-edirlr-millt-vkili.html)
- Narkomanların yaşı hər il daha da azalır. Statistikaya görə, ölkəmizdə rəsmi 47 minə yaxın, qeyri-rəsmi isə bundan 7-10 dəfə çox narkotik istifadəçisi var. Yəni, təxminən, 300-350 min narkotik istifadəçisi olduğu bildirilir. Sizcə, 10 milyonluq əhali üçün bu, “təhlükəli rəqəm” hesab oluna bilər?
- Bəli, çox böyük və təhlükəli rəqəmdir. Bu, artıq təxminən Azərbaycan əhalisinin 2,5% -i deməkdir. Qeyri-rəsmi statistik rəqəmlər də var, proqnozlar da bunu deməyə əsas verir. Qeydiyyata düşənlər faktiki olaraq bir neçə mərhələni keçmiş və statsitikaya düşən rəsmi narkomanların sayıdır. Amma, sizin də qeyd etdiyiniz kimi, statsitikaya düşməyən kifayət qədər, bəlkə də rəsmi saydan 10 dəfə artıq narkoman var və bunların sayı getdikcə artmaqdadır. Bunun qarşısı alınmalıdır. Bu, dövlətimiz, cəmiyyətimiz üçün böyük bir bəladır. Dövlətin əsaslarını sarsıdacaq qədər böyük bəladır.
“Bəzi hallarda narkotik vasitələrin Azərbaycan ərazisinə ixrac olunmasının qarşısı alınmır...”
- Bəzən aidiyyəti qurumların işində də nöqsanlara rast gəlirik. Məsələn, sərhədin o tayından – İrandan nəqliyyat vasitələri gəlir, sərbəst şəkildə Türkiyə və Gürcüstan ərazisinə keçir, orada tonlarla narkotik aşkarlanır. Sizcə, bunun qarşısını necə almaq olar?
- Bəli, o hallar da var. Belə hallar olub ki, bizim cənub sərhədimizdən, gömrükdən keçərək gürcüstana daxil olub. Gürcüstan gömrüyündən aşkar olunub ki, orada külli miqdarda narkotik mövcuddur. Bayaq qeyd etdim, müvafiq qurumlar ki var - onlar bu hallara qarşı ciddi mübarizə aparmalıdırlar - onlara həvalə olunub ki, bu hallara qarşı ciddi mübarizə aparsınlar, bəzi hallarda onların səhlənkarlığı, bəzi hallarda peşəkar olmamaları, amma daha çox özlərinin də bu prosesdə bilavasitə iştirakçı olmaları səbəbilə narkotik vasitələrin Azərbaycan ərazisinə ixrac olunmasının qarşısı alınmır. Qeyd etdiyim kimi, qanunsuz vasitələrdən də istifadə olunur, sərhədin bir qədər nəzarətdən kənar qala biləcək hissələrindən keçirməyə cəhdlər olunur. Amma hesab edirəm ki, bizim sərhəddimiz tam olaraq ciddi şəkildə qorunmaqdadır. Bunun qarşılığında drondan istifadə etməklə, yaxud hansısa formada narkotik vasitələri ötürməyə çalışırlar. Amma təbii ki, bu istiqamətdə dünya miqyaslı böyük bir şəbəkə fəaliyyət göstərir. Təkcə Azərbaycan hüquq-mühafizə orqanları ilə bu məsələnin qarşısını almaq mümükün deyil. Çünki elə böyük şəbəkələr var ki, hətta dövlət siyasətinə də təsir edirlər. Məsələn, Kolumbiya ilə bağlı ciddi proqnozlar var. Eləcə də bir sıra ölkələrdə dövlətin ən ali strukturlarında təmsil olunan şəxslərin bu narkotik vasitələrin dövriyyəsi ilə bilavasitə məşğul olduğu və milyardlarla vəsait əldə etməsi ilə bağlı məlumatlar var. Əfqanıstanda da proses uzun müddət bu cür davam edib. Burada milyardlarla vəsaitdən söhbət gedir. Səhv etmirəmsə, bu yaxınlarda Kolumbiyada bir narkokartel lideri zərərsizləşdirildi, onun dəfnində on minlərlə adam iştirak etdi. Bu da böyük bir bəladır və cahillikdən irəli gəlir.
Bu məsələni ora gətirirəm ki, maarifləndirmə proqramları həyata keçirilməlidir, narkotik vasitələrin insan sağlamlığına və bütövlükdə cəmiyyətə verdiyi, verəcəyi zərərlər mütəmadi diqqətə çatdırılmalıdır. Son günlərdə narkotik vasitələrə aid bir çarxa rast gəlmişəm. Bu üsullardan istifadə edərək cəmiyyətə təsir göstərmək lazımdır. Narkomanların sayı artdıqca, bu dövlət, cəmiyyət üçün təhlükə mənbəyinə çevrilməkdədir.
- Bəzən belə fikirlər səsləndirilir ki, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə aparan ayrıca bir qurum yaradılmalıdır. Siz bu barədə nə düşünürsünüz?
- Hesab etmirəm ki, ayrıca bir qurum yaradılmasına ehtiyac var. DİN-in nəzdində narkotiklərə qarşı baş idarə var, Dövlət Komissiyası fəaliyyət göstərməkdədir. Dövlət Komissiyası mütəmadi olaraq dövlət başçısı qarşısında hesabatlıdır, məlumatlar verilir. Sadəcə olaraq, mövcud qurumların strukturlarını bir qədər də bərkitmək, nəzarəti artırmaq, onların səlahiyyətlərini genişləndirmək, eyni zamanda təkcə qadağalarla, həbslərlə deyil, maarifləndirici vasitələrlə, təbliğatla da prosesin qarşısını almağa yönəlmiş addımlar atılmalıdır.
“Ölkə daxilində ən ucuz sintetik narkotiklərin istehsalı ilə bağlı siqnallar var”
- Azərbaycana narkotik vasitələrin 95%-i İrandan daxil olsa da, belə məlumat var ki, ölkə daxilində də psixotrop maddələr hazırlanır. Nədənsə, cəmiyyət olaraq belə halların aşkarlanması faktı ilə qarşılaşmamışıq. Sizcə, bu şəxslər toxunulmazdır, yoxsa iddialar əsassızdır?
- Xeyr, iddiaları əsassız hesab etmirəm. Bununla bağlı mütəxəssislər də qeyd edirlər, ən ucuz sintetik narkotiklərin ölkə daxilində istehsalı ilə bağlı siqnallar var. Görünən bundan ibarətdir ki, bu prosesin arxasında onları himayə edən kifayət qədər güclü kimlərsə dayanır. Ona görə, təəssüflər olsun ki, onların istehsalı ilə bağlı məsələlər, statsitik məlumatlar sona qədər cəmiyyətə əlçatanlığı ilə tədim olunmur. Amma istənilən halda bu fakt var. Bu faktların qarşısının alınması, təbii ki, yenə də qeyd edirəm, hüquq-mühafizə orqanlarının üzərinə çox böyük məsuliyyət qoyur. Birmənalı olaraq iddia edirəm ki, ölkə daxilində də o sintetik vasitələrin istehsalı ilə bağlı müəyyən quruplar iştirak edirlər. Hətta belə siqnallar da var ki, cənubda (İran nəzərdə tutulur-müəl.) həmin vasitələri istehsal edən “mütəxəssislər” gəlib burada əyləşiblər, burada istehsalla məşğuldurlar ki, daha təhlükəsiz fəaliyyət göstərsinlər. Bir tərəfdən baxanda sərhədi keçmir, digər tərəfdən də həmin o vasitələri daha ucuz əldə etmək mümkündür deyə, görünür, hansısa gizli məkanlarda məşğul olurlar. Həmin məkanlar da mütləq tapılmalı, onlar təcrid edilməlidirlər ki, ən azından, ölkə daxilində bu prosesin qarşısı alınmış olsun.
- Müsahibələrinizin birində belə bir fikir səsləndirmişdiniz ki, qanundankənar qurumlar narkotik ticarətinin yayılmasında maraqlıdır. Maraqlıdır ki, söhbət hansı qurumlardan gedir?
- Təbii ki, cinayətkar qruplaşmalardan söhbət gedir. Bu qruplaşmaların üzvləri hətta hüquq-mühafizə orqanlarının içində də, müəyyən dövlət qurumlarının içində də ola bilər. Hətta müəyyən səlahiyyətli şəxslər də ola bilər. Çünki burada çox böyük vəsaitdən söhbət gedir. Ona görə də bunula bağlı müəyyən proqnozlar var, müəyyən məlumatlar da yox deyil. Amma bir daha qeyd edirəm ki, bizim müvafiq qurumlarımız, xüsusilə də hüquq-mühafizə orqanları ciddi fəaliyyət göstərməkdədirlər.
Bir bəlanı da deyim ki, əgər bu gün mövcud statsitikaya baxsaq, həbs olunan və həbs həyatı yaşayanların kifayət qədər ciddi bir hissəsi - 3/1 hissəyə qədər deyilir - narkotik vasitələrin istifadəsi, ticarəti, dövriyyəsi ilə məşğul olan məhbuslardır. Bu da artıq çox ciddi məsələdir. Təbii ki, hüquq-mühafizə orqanları bu istiqamətdə ciddi fəaliyyət göstərməkdədirlər, amma istənilən halda daha ciddi effekt əldə olunması üçün bu səylər bir qədər də artırılmalıdır.
“Gələcəkdə qanunun bir qədər də sərtləşdirilməsi baş verə bilər”
- Hazırda narkotik ticarəti ilə əlaqədar qanunun sərtləşdirilməsi haqda fikrilər səsləndirlir. Siz necə düşünürsünüz, bu dəyişikliklər narkotik satışının qarşısının alınmasına təsir göstərə bilərmi? Ümumiyyətlə, Siz özünüz, millət vəkili olaraq, parlamentdə bu məsələ ilə əlaqədar hansısa təklif verməyi düşünürsünüz?
- Təbii ki, proseslərin gedişindən asılı olaraq bu istiqamətdə təkliflərimiz ola bilər. Qanunvericiliyin sərtləşdirilməsi prosesi də də ola bilər. Çünki günümüzdə getdikcə müasir dövrün çağırışlarına cavab verəcək qanunvericilik bazasının formalaşdırılmasına ehtiyac var. Azərbaycanda narkotiklərlə mübarizə və onların qarşısının alınması üçün qanunverici baza mükəmməldir. Normativ bazalar mükəmməldir. Amma gələcəkdə qanunun bir qədər də sərtləşdirilməsi baş verə bilər. Biz bu yaxınlarda Cinayət Məcəlləsində əlavə maddələrin qəbulunu gerçəkləşdirdik. Gələcəkdə də qanunun sərtləşdirilməsi istiqamətinə təşəbbüslər ola bilər. Amma bir daha qeyd edirəm ki, təkcə qadağalarla, cəzalarla bu bəlanı önləmək mümkün olmayacaq. Bu bəlanı önləmək üçün cəmiyyətin bu prosesdə iştirakına çox ciddi ehtiyac var və heç kəs bu məsələyə göz yummamalıdır. Göz yummamalıdır ki, “mənim qonşumda narkotik aludəçisi var, amma məndən kənardır”. Sabah o bəla sənin ailənə də sirayət edə bilər. Ona görə, bütövlükdə cəmiyyəti təmizləmək üçün hər birimiz ciddi və effektiv fəaliyyət göstərməliyik.
- Bir məqama da aydınlıq gətirək. Sizcə, artıq övladları bu xəstəliyə bulaşan ailələr nələri bilməlidirlər? Təbii ki, maarifləndirmə çox vacibdir. Sizcə, maarifləndirmə bu gün yüksək səviyyədə aparılırmı, ya hansısa başqa işlər də görülməlidir?
- Maarifləndirmə var, amma çatışmayan cəhətlər də var. Sona qədər effekti yoxdur deyə, hesab edirəm ki, maarifləndirmə və məlumatlandırma baxımından bir qədər də ciddi fəaliyyətə ehtiyac var. Əks halda, bu gün narkotikin yaratdığı bəlalardan və gələcəyimizə yönəlmiş çox ciddi fəlakət səviyyəsində olan bəladan söhbət açmazdıq. Statsitik məlumatlar deməyə əsas verir ki, narkotik istifadəçilərinin sayı artır, əhatə dairəsi genişlənir. Görünən budur ki, fəaliyyət sona qədər effektli deyil. Və maarifləndirmə, məlumatlandırma da sona qədər effektli deyil. Ailədə valideynlər bir çox hallarda narkotikdən istifadə edən övladının hərəkətlərini doğru-düzgün qiymətləndirə bilmir. Hesab edirlər ki, görünür yorğundur, hansısa başqa narahatlıqları var. Bəzən onun kimlərlə oturub-durması ilə o qədər maraqlanmırlar. Bunun obyektiv və subyektiv tərəfləri də var. Deməzdim ki, narkotik vasitələrlə ancaq sosial cəhətdən aztəminatlı ailələrin övladları məşğul olurlar. Heç də belə deyil. Əvvəllər narkomaniya daha imkanlı adamların xəstəliyi idi. Bu gün də o imkanlı ailələrin övladları daha bahalı narkotiklər istifadə edirlər. Bahalı narkotiklərdən istifadə edənlər bir o qədər də hiss olunmur. Adlar çəkmək istəmirəm, amma məlumatlar var ki, hansısa konkret sahələrdə fəaliyyət göstərən, istər müğənnilər, istər digər sahələrdə fəaliyyət göstərənlər olsun, bunlar narkotik istifadə edirlər. Əslində, cəmiyyətdə də böyük əksəriyyət bilir ki, bunlar narkotik asılılığında olan şəxslərdir, bunlara normal baxırlar, hesab edirlər ki, bunlar hərəkətlərində adekvatdır. Əksinə, cəmiyyətə təsir etmək imkanı olan o cür şəxslərin narkotik aludəçisi olması daha çox gəncin onlara baxaraq narkotik bəlasına yolxumasını rəvac verir. Ona görə də, kimlər ki, narkotikdən istifadə edirlər, aludəçidirlər, bununla bağlı cəmiyyətin özünün bir müqavimət gücü olmalıdır. Onları hansısa bir tədbirə dəvət etməməlidirlər, onlara mövqelərini daha sərt bir formada bildirməlidirlər ki, cəmiyyətin bir qınağı olsun. Cəmiyyətdə qınağa tuş gələn həmin pis vərdişə yoluxmuş şəxslər, təbii ki, öz əməlinə diqqət yetirmiş olacaq, ən azından aludəçilikdən əl çəkməyə cəhd edəcək. Digər tərəfdən də, ondan ibrət götürmək istəyənlərin sayı sıfırlanacaq.
“Bu istiqamətdə mən özüm də təşəbbüslə çıxış edəcəyəm...”
- Heç kim üçün sirr deyil ki, Azərbaycanda 150-yə yaxın özəl reabilitasiya mərkəzi fəaliyyət göstərir. Sizcə, artıq bu reabilitasiya mərkəzlərinin fəaliyyətinin qanunla nizamlamaq vaxtı çatmayıbmı?
- Hesab edirəm ki, vaxtı çoxdan çatıb. Əksinə onlara dəstək verilməlidir. Bir çox hallarda onların fəaliyyətinə maneçiliklər törədilir. Bir faktı deyim-iki il bundan əvvəl Bakıxanov qəsəbəsində yerləşən reabilitasiya mərkəzinin Sabunçu qəsəbəsində filialı mövcud idi. Onlar bizim cənub bölgəsində reabilitasiya mərkəzi açmağa cəhd göstərdilər. Uyğun məkan seçildi, yer icarəyə götürüldü, avadanlıqlar daşındı, mütəxəssislər cəlb olundu, tam olaraq işə başlamaq ərəfəsində - kifayət qədər müraciətlər var idi, onlara həm cənub bölgəsindən olan, ölkədən kənarda yaşayan iş adamları, kim qardaşı ilə, kimi övladı ilə bağlı, kimi yaxın ətrafında olan qohumu ilə bağlı müraciətlər etmişdilər ki, həmin şəxsləri mərkəzə yerləşdirsinlər - bunu qarşısını aldılar. Müəyyən qurumların içində olan müəyyən nüfuzlu şəxslər təxribatlar törətdilər, həmin reabilitasiya mərkəzini fəaliyyət göstərəcəyi yerin yaxınlığında yaşayan qonşuları nəyinsə müqabilində mərkəzin əleyhinə qaldırdılar ki, burada narkomanlar yığışacaq və s. Nəticədə həmin mərkəzin açılmasına ciddi şəkildə maneə törətdilər, müəyyən qədər də buna nail oldular. O reabilitasiya mərkəzini açmaq istəyənləri təxribata çəkdilər. Onları polisin başqa motivlə saxlamasına nail oldular. Düzdür, aydınlaşdı ki, onların prosesdə heç bir iştirakı yoxdur və dərhal da sərbəst buraxıldılar. Amma istənilən halda o mərkəzin açılmasına çox ciddi təsir göstərdilər. Nəticə etibarilə mərkəzin açılmasının qarşısını aldılar. Hesab edirəm ki, bu istiqamətdə qanunvericilikdə ciddi dəyişikliklərə gedilməlidir. Və yəqin ki, gələcəkdə bu istiqamətdə mən özüm də bir təşəbbüslə çıxış edəcəyəm.
Hazırladı: Ülviyyə ŞÜKÜROVA
Stopnarkotik.az