Məlum olduğu kimi, əvvəlcə İrana Hörmüz boğazı ilə bağlı 48 saat vaxt verən Donald Tramp, sonradan İranın enerji infrastrukturuna zərbələrə beş günlük fasilə verdiyini açıqladı. Bunu da onunla izahat etdi ki, guya ABŞ və İran son iki gündə Yaxın Şərqdəki vəziyyəti həll etmək üçün danışıqlar aparır. ABŞ Prezidenti tərəflərin guya 15 bənd üzrə razılığa gəldiyini bildirdi, lakin konkret olaraq yalnız bunlardan birini - İranın nüvə silahı hazırlamamaq öhdəliyini qeyd etdi. Lakin İran tərəfi bu məlumatı təkzib edir.
“Bloomberg” agentliyinin öz mənbələrinə istinadla yaydığı məlumata görə, Donald Trampın 48 saatlıq ultimatumdan vaz keçməsi İranın geri çəkilməsi yox, ABŞ müttəfiqlərinin təzyiqindən irəli gəlib. Qeyd olunur ki, Tramp İranın enerji infrastrukturunu məhv etmək təhdidindən imtina etmək və danışıqlara başlamaq qərarına, ABŞ müttəfiqləri və Körfəz ölkələri tərəfindən bu təhdidin təhlükələri barədə gizli xəbərdarlıqdan sonra gəlib.
“Bəzi müttəfiqlər Trampa müharibənin tez bir zamanda fəlakətə çevriləcəyi barədə xəbərdarlıq etdilər. Regional tərəfdaşlar ABŞ-yə İran infrastrukturuna bərpası mümkün olmayan zərərin vurulmasının münaqişə bitdikdən sonra İran dövlətinin dağılmasına səbəb ola biləcəyini çatdırıblar. Prezidentin İran təhdidindən imtina etməsi onun digər maraqları ilə də üst-üstə düşdü: məsələn, sarsılan bazarları sakitləşdirmək. Mənbələrə görə, Trampın ABŞ bazarlarında ticarətin açılmasından qısa müddət əvvəl elan etdiyi qərar(zərbələrin təxirə salınması qərarı-red.) qismən bu narahatlıqları aradan qaldırmağa yönəlmişdi və dərhal Brent xam neftinin qiymətlərinin kəskin düşməsinə, S&P 500 indeksində və ABŞ Xəzinədarlıq istiqrazlarında dirçəlişə səbəb oldu”, - deyə, qeyd olunur.
Agentlik yazır ki, Trampın məlum ultimatumdan vaz keçməsində Türkiyənin ABŞ və İran rəhbərliyi arasında ünsiyyət kanalı yaratmasının da rolu olub: “Bölgədə çalışan yüksək vəzifəli bir diplomatın sözlərinə görə, Trampın açıqlamasından əvvəlki günlərdə İranla ən aktiv qeyri-rəsmi ünsiyyət kanalları Türkiyə və Oman tərəfindən təşkil edilən kanallar olub. Həmçinin, Ər-Riyad, Yeni Dehli və Qahirə vasitəsilə də mesajlar ötürülüb. Lakin bu müzakirələrin Trampın qərarına hansı təsir göstərdiyi məlum deyil.
Digər ölkələr də onun təhdidlərindən sonra ABŞ ilə danışıqlar apardıqlarını təsdiqləyiblər. Böyük Britaniyanın Baş naziri Keir Starmer onun hökumətinin İranla danışıqlardan xəbərdar olduğunu bildirib.
"Xüsusilə Avropa müttəfiqləri İrandakı uzunmüddətli münaqişənin Ukraynadakı müharibəyə ayrılan resurslar və diqqət üçün təhlükə ola biləcəyindən narahatdırlar", - agentlik yazır.
Lakin İran Xarici İşlər Nazirliyi ABŞ və İran arasında hər hansı danışıqları təkzib edərək, ABŞ Prezidentinin açıqlamalarının "maliyyə göstəricilərini və neft bazarlarını manipulyasiya etmək üçün istifadə edilən saxta xəbərlər” olduğunu iddia etdi.
Sonda “Bloomberg” Trampın danışıqlar mövzusunda açıqlamalarına etimad olmadığını qeyd edib. Çünki o, dəfələrlə danışıqlardan hücum öncəsi fikir yayındırmaq üçün istifadə etdiyini göstərib.
Ona görə də Trampın barəsində söz açdığı danışıqların hansısa real nəticəyə gətirib çıxaracağına inam azdır: "Trampın uzun müddətdir ki, maksimalist təhdidlərdən geri çəkilmək təcrübəsi, İranın özünün nüvə danışıqlarını uzatmaq təcrübəsi və ABŞ-nin yeni hərbi əməliyyatlardan əvvəl Tehranla danışıqları yayındırıcı taktika kimi istifadə etməsi kimi faktlar diplomatların və treyderlərin danışıqların real razılaşmaya gətirib çıxara biləcəyinə şübhə etməsinə səbəb olur".
C.Məmmədli
Azpolitika.info