"Mən NATO-nu çox yaxşı tanıyıram. Təxminən 12 il ərzində şəxsən NATO standartlarını mənimsəməyimizi təmin etmək üçün çalışdım və hər il NATO-ya necə qoşulacağımız barədə nağıllar eşitdim. Təəssüf ki, biz heç vaxt ona qoşulmayacağıq!".
Bunu Ukraynanın Böyük Britaniyadakı səfiri və Ukrayna ordusunun keçmiş baş komandanı Valeri Zalujnı Kiyevdə keçirilən səfirlərin ümumi görüşündə deyib.
Zalujni Ukrayna mediasında yayımlanan açıqlamasında qeyd edib ki, Ukraynanın NATO-ya üzvlüyünün perspektivlərinə inanmır. O, ölkəsini digər təhlükəsizlik ittifaqlarının inkişafına diqqət yetirməyə çağırıb.
Görüşdə Avroatlantik inteqrasiya ilə bağlı müzakirə zamanı Zalujnı Ukraynanın Birgə Ekspedisiya Qüvvələri koalisiyasında iştirakını daha məqbul vatriant hesab etdiyini deyib. Keçmiş baş komandan hesab edir ki, Ukraynanın Birgə Ekspedisiya Qüvvələri koalisiyasına üzvlüyü təhlükəsizliyin təmin edilməsi üçün təsirli mexanizmdir. Bundan əvvəl Birgə Ekspedisiya Qüvvələrinin üzvləri "NATO-nu tamamlayacaq çoxmillətli dəniz qüvvələri" yaratmaq barədə niyyət memorandumu imzalayıblar.
Qeyd edək ki, Birgə Ekspedisiya Qüvvələri Böyük Britaniyanın rəhbərlik etdiyi və Şimali Avropa təhlükəsizliyini qoruyan 10 ölkədən ibarət hərbi əməkdaşlıq formatıdır. Bu qüvvələrə daxil olan əsas üzvlər Böyük Britaniya, Danimarka, Estoniya, Finlandiya, İslandiya, Latviya, Litva, Niderland, Norveç və İsveçdir. Ukraynanın təhlükəsizliyinin təmin edilməsi kontekstində səfir hesab edir ki, NATO deyil, məhz bu ittifaq daha təsirli ola bilər.
NATO-ya gəlincə, general bir qədər ziddiyyətli fikirlər səsləndirib. O hesab edir ki, Ukraynanın Alyansa qoşulmasının qarşısındakı əsas maneə "Ukrayna Silahlı Qüvvələrinin inkişaf səviyyəsi ilə İkinci Dünya Müharibəsi doktrinalarına əsaslanan bir təşkilata qoşulmağın mümkün olmamasıdır".
Zalujnı həmçinin Britaniya, ABŞ və digər ölkələrin üzvlüyünə baxmayaraq, NATO-nun imkanlarını mənfi qiymətləndirib: "NATO, çox güman ki, hazırkı formasında qalacaq və Ukraynanın Rusiya Federasiyası səviyyəsinin ən azı yarısına bərabər standartlara çatması 12 il çəkəcək".
Bununla yanaşı, Zalujnı etiraf edib ki, Ukraynanın NATO ölkələrinin hazırda sahib olduğu texnologiyalara ehtiyacı var, o cümlədən raketdən müdafiə və kosmik imkanlar sahələrində.
Xatırladaq ki, bir müddət əvvəl Ukrayna mediasında Zalujnının növbəti seçkilərdə Ukrayna Prezidenti postuna iddialı olduğu barədə məlumatlar yayılıb. Hətta qeyd edilib ki, sabiq baş komandan Prezident Volodimir Zelenski ilə görüşündə bu iddiasını şəxsən onun nəzərinə çatdırıb./azpolitika.info