ƏRDOĞAN-ZEYDİ GÖRÜŞÜNDƏ QARIŞIQLIQ: İraqlı nazir müqaviləni imzalamağa tərəddüd etdi - VİDEO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla İraq Baş naziri Əli əz-Zeydi arasında Beştəpədə keçirilən görüşdən sonra baş tutan imza mərasimində gözlənilməz an yaşanıb.

İki ölkə arasında müxtəlif sahələr üzrə əməkdaşlığı nəzərdə tutan müqavilələr bir-birinin ardınca imzalanarkən, İraq nəqliyyat naziri Vəhb Həsəni “İnkişaf Yolu” layihəsi ilə bağlı sənədi imzalamayıb.

Mərasim canlı yayımlandığı üçün baş verənlər kameralara düşüb. Nazir sənədi imzalamadıqda İraq Baş naziri Əli əz-Zeydi vəziyyətə müdaxilə edib.

Zeydi nazir Həsəniyə müqaviləni iştirakçıların qarşısında imzalamağı tapşırıb.

Baş nazirin göstərişindən sonra Həsəni sənədi imzalayıb və mərasim davam edib.

İlk anda nazirin müqaviləni imzalamaqdan imtina etməsi müxtəlif suallar doğursa da, sonradan hadisənin siyasi fikir ayrılığı ilə bağlı olmadığı bildirilib.

Məlumata görə, İraq nümayəndə heyəti arasında yaranan texniki nasazlıq səbəbindən sənədin imzalanması zamanı qısa anlaşılmazlıq yaşanıb.