Son günlər istər mətbuatda, istər də sosial şəbəkələrdə ciddi müzakirə mövzusuna çevrilən məsələlərdən biri Bakının bəzi ərazilərində insanların narkotik ticarətinə etirazı oldu. Məsələn, Abşeron rayonunun Masazır qəsəbəsi sakinlərinin narazılığına səbəb məhəllələrdə naməlum şəxslərin görünməsi və onların gecə saatlarında baş verən şübhəli hərəkətləri idi. Söhbət narkotik istifadəçilərindən gedir. Və sözsüz ki, narkotik istifadəçiləri narkotiki əldə edə bildiyi ərazilərdə gur toplaşır. Məntiqlə bunun əsas səbəbi o ola bilər ki, deməli istifadəçilər o ərazidə narkotik əldə edirsə, qəsəbə narkotik satıcılarının “məntəqəsi”nə çevrilib. Yəqin ki, narkodilerlər də elə ətraf ərazilərdə yaşayırlar.
Stopnarkotik.az olaraq narkomaniyaya qarşı mübarizədə cəmiyyətin bütövlükdə iştirakının mütləq olduğunu dəfələrlə qeyd etmişik. Şübhəsiz ki, bu məsələdə öndə aidiyyəti dövlət qurumları getməli, vətəndaşları da problemin həlli istiqamətində səfərbər etməlidir.
Konkret olaraq Masazırdan yayılan videoda sakinlərin artıq “hamı küçələrə yığılıb, narkoman axtarırıq. Biri qadın olmaqla 9 nəfər tutulub. Gələn 5 maşından birində narkotik çıxır” narazılığı altında bir neçə küçədə toplaşaraq narkotik istifadəçilərini axtardığı, əraziyə özlərinin nəzarət etdiyi göründü. Hansı ki, bu, olduqca müsbət haldır. Çünki əhali narkotikin artıq onun evinə, qapısının kandarına gəlib çıxdığının fərqindədir.

Bir daha vurğulayaq ki, Stopnarkotik.az olaraq bütün verilişlərimizdə, müxtəlif ekspertlərin dilndən, təhlil yazılarımızda çağırış etmişik ki, insanlar artıq reaksiya verməlidir. Çünki narkotiksiz həyat hər bir insanımızın, cəmiyyətimizin, övladlarımızın, dövlətin gələcəyidir.
Elə son günlər baş verən hadisələr də sübut etdi ki, bu gün qonşumuzda narkomaniya bəlası varsa, sabah onun bizim evə girməyəcəyinə zəmanət yoxdur. Məsələn, narkotik asılısı Nərgizin “Stop narkotik”ə müsahibəsində onun evinin, eləcə də Binəqədi qəsəbəsinin narkotik yuvasına çevrildiyi haqda açıq mesajlar verilirdi.
Masazırdan əvvəl Bakının “Sovetski”, “Kubinka”, “Papanin” məhəllələri narkotik yuvası idi. Bayıl, Binəqədi də elə bu cərgədə idi. Belə görünür ki, “Sovetski” və “Kubinka” söküləndən sonra narkotik alverçiləri də Bakının mərkəzindən Masazır, Binəqədi kimi ətraf qəsəbələrə köçdülər.
Bəs insanları nə məcbur etdi ki, arıtq özləri narkotik yuvalarına qarşı hərəkətə keçdilər? Ola bilməz ki, özləri narkotikə qarşı hücuma keçməyə məcbur olan insanlar bu ana qədər müvafiq rəsmi qurumlara müraciət etməsinlər. Anlaşılır ki, əhəmiyyət verilmədiyinə, reaksiya olmadığına, yaxud təsirli tədbirlər görülmədiyinə görə, özləri evlərini qorumaqdan ötrü qəti hərəkətə keçiblər. Artıq problem mediada, sosial şəbəkələrdə əks olunduqdan sonra aidiyyəti qurumlar tədbir görməyə başlayıblar.

Bir haşiyə çıxaraq qeyd edək ki, bu problemlərə göz yummaq, təsirli tədbirlər görməmək halı təkcə sözügedən hadisə haqqında yox, bütün sahələrdə mövcuddur. Çox zaman problemlər yalnız dərinləşdikdən, katastrofik nəticələr yaratdıqdan, ölüm, itim olandan sonra reaksiyalar verilir.
Baş verənlərə rəğmən, sıravi insanların narkotiklərə, narkomaniyaya qarşı ayağa qalxması müsbət haldır. Bu, narkotiklərə qarşı mübarizənin ictimai müstəviyə yayıldığını, əhalinin özünün narkotiklərə savaş açmağa qərar verdiyini ortaya qoyur. Sözsüz ki, narkotik yuvalarının qarşısının kəsilməsi narkomaniyaya qarşı mübarizənin uğurunun əsas zəmanətidir.
Yeri gəlmişkən, bir neçə kəlimə də narkotik aludəçilərinin müalicəyə özlərinin qərar vermə hüququnun olması barədə qeyd edək. ÜST protokollarına və rəsmi qanunlara görə, narkotik istifadəçisi müalicəyə özü qərar verməlidir. Reallıqda onların özünün buna qərar verməməsi sağlam cəmiyyətin sakit və asayiş içində yaşama hüququnun pozulmasına gətirir. Elə Masazırda narkotik istifadəçiləri ilə əhalinin arasında yaranmış münaqişə bu məsələnin nə qədər kəskin olduğuna dəlalət edir. Əslində, məsələnin məğzi artıq narkotik aludəçilərinin faktiki olaraq ərazini zəbt etməsinə və buranın əlverişli pritona çevirməsindən gedir. Və biz gözləsək ki, onların kefləri nə vaxt müalicə olmaq istəyəcək, nə vaxt anlayacaqlar ki, cəmiyyətə zərər verirlər, özlərini də, ailələrini də, ailələrinə heç dəxli olmayan yad insanları da fəlakətə sürükləyirlər, o zaman iş işdən keçmiş olacaq. Bu məsələnin bizim cəmiyyətə uyğun optimal həll yolu, çözüm mexanizmi tapılmalıdır. Hələlik bunun üçün optimal çevik yol onları məcburi reabilitasiya mərkəzlərinə müalicəyə yönləndirməkdir.
Ülviyyə ŞÜKÜROVA
Stopnarkotik.az