26 İyun Narkomaniyaya qarşı mübarizə günüdür!

Bu gün 26 İyun – Narkomaniya və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Beynəlxalq Mübarizə Günüdür.

Qlobal təhdid olmaqla yanaşı, narkomaniya ən başda Azərbaycanın gəncliyi, gələcəcyi, dövlətçiliyi üçün ilk yerdə gələn təhlükələrdən biridir. Çünki narkomanayanın hədəfi birbaşa ailələrə, vətəndaşa, gəncliyə yönəlib. Narkomaniya sadəcə bir fərdin asılılığı deyil, cəmiyyəti daxildən sarsıdan, ailələri dağıdan və gələcəyimizi məhv edən qlobal bəladır.

Bəzən narkotikə gedən yol bir anlıq maraqdan, ailədə böyüklərin laqeydliyindən, səhlənkarlığından və s. faktorlardan qaynaqlana bilir. Bəzən bir anlıq zəiflik insan ömrünü qaranlığa qərq edə bilər.

Narkotiki insan bədənini və psixikasını geridönülməz şəkildə məhv edir, ailələri dağıdır, uşaqları valideynsiz, valideynləri övladsız qoyur. Cinayətkarlığın sərhədlərini genişləndirir, çünki qanunsuz dövriyyə cinayət şəbəkələrini bəsləyir və sabitliyi pozur, başqa sözlə vətəndaş təhlükəylə üz-üzə qalır. Gənc və potensiallı işçi qüvvəsini sıradan çıxarır.

Narkomaniyaya qarşı hazırda əlimizdə olan ən təsirli silah maarifləndirmədir. Cəza tədbirləri qədər, erkən profilaktika və düzgün məlumatlandırma da vacibdir. Amma aidiyyatlı qurumlarla yanaşı, gənclərimizi bu bəladan uzaq tutmaq üçün hamımız məsuliyyət daşıyırıq. Valideynlər, müəllimlər və medianın üzərinə böyük vəzifələr düşür. Hərçənd narkomaniya yayılmaqda olduğuna görə, hələ ki, özümüzü, sağalam cəmiyyəti  qalib hesab edə bilmərik. Amma bu bizi ruhdan salmamalıdır. Sağlam gələcək, təmiz nəsil və güclü dövlət naminə bu təhlükəyə qarşı birlikdə mübarizə aparmalıyıq. Unutmayaq ki, insan iradəsi zərərli vərdişlərdən daha güclüdür. Həyat isə onu narkotiklə zəhərləmək, ağ ölümə fəda etmək üçün çox qısadır. Və əsl azadlıq narkotikdən asılı olmamaqdır. Unutmayaq ki, narkotiklə mübarizə həyatımızın hər anının ayrılmaz hissəsinə çevrilməlidir. 

Stopnarkotik.az