SOSİAL ŞƏBƏKƏLƏRDƏ AÇIQ "NARKOTİK BAZARI" - Rəsmi qurumlar hara baxır?!

Narkotik satışının önəmli hissəsi sosial şəbəkələr üzərindən gerçəkləşir. “Şəxsiyyəti istintaqla araşdırılan İranlı narkotacir” terminini narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı törədilən cinayətlərdə tez-tez eşidirik.

İrandan yollanan narkotikləri daxili "qara bazar"a çatdıranlar və satışı həyata keçirənlər isə adətən Azərbaycan vətəndaşları olur. Hüquq mühafizə orqanları narkotiklərin qeyri-qanuni satışına qarşı əməliyyatlar aparırlar, amma nəzərə alsaq ki, satışların əksər hissəsi sosial şəbəkədən koordinasiya edilir və idarə olunur, deməli, mübarizə çərçivəsində işin önəmli hissəsi elə sosial şəbəkələrdə narkotik satışı aparan səhifələrin, profillərin bağlanması olmalıdır. Hansı ki, əsasən də "TikTok" sosial şəbəkəsində narkotik satan səhifələr “ayaq tutub yeriyir”.

Məsələn, "TikTok"-da aktiv şəkildə izləyicilərin qarşısına çıxan “Pati kola ot” adlı səhifənin üzərindəki +989927974251 telefon nörməsi İrana aiddir və Azərbaycan, Rusiya və Gürcüstan bayraqları var. İşin ikrah doğuran tərəfi budur ki, səhifədə düzgün iş quran adamların yazması istənir. Səhifədə paylaşılan videoda isə Azərbaycan vətəndaşları olan müxtəlif şəxslərin İranlı Mehdi ilə iş gördüyü, onun “malını payladığını” və ona xəyanət etsə videosunun paylaşılmasına razılığını bildirir. Videonun altında isə “Mannan pul alib aldadandi bu” yazılır.

Bu şəxslərin arasında qadınlar da var. Belə görünür ki, "İranlı Mehdi" adı altında özünü tanıdan şəxs bizim vətəndaşların arasından seçdiyi narkokuryerləri və kiçik narkotik alverçilərini hər ehtimala qarşı şantaj etmək üçün onların “sədaqət video”larını öncədən tələb edir. Bu “bariqa” videolarında oğru dünyasını mədh edən müsiqilər fonu zənginləşdirmək üçün istifadə olunur. Həmçinin, narkotiklərin gizlədildiyi yerlər də işarələrlə göstərilir.

Daha bir maraqlı nüans isə iranlı narkotacirin azərbaycanca yazması və düzgün iş görənlərə yaxşı pul vəd edilərək əlaltı axtarılmasıdır. Narkotik satışı səhifələrindən “Fatime.iran; pati.kola.m40.iiran; pati.kola.ot51” və s.-lərini misal çəkə bilərik.

Sözümüzün əvvəlində də dediyimiz kimi, narkotik satışı sosial şəbəkələrdə geniş yayıldığından belə səhifələrin bloklanması da narkotik əməliyyatları çərçivəsində aparılması, araşdırılması vacib məsələdir. Aidiyyəti orqanları bu məsələni diqqətdə saxlamağa çağırırıq.

Zənnimizcə, indiki dövrdə sosial şəbəkə dəllalarına qarşı mübarizənin əsas yolu süni intellektin köməyilə narkotik satan səhifələrin avtomati bloklanmasının alqoritmik proqramla təminatı ola bilər.

Ülviyyə ŞÜKÜROVA    

Stopnarkotik.az    

P.S. 2025-ci ilin avqustun 8-də Rusiyaya sifariş yükü aparmaq üçün İrana yollanan və avqustun 15-də Astara gömrük postunda saxlanan, maşına yüklənmiş 34 ədəd kahı bağlamasının içindən 28 kiloqram 560 qram marixuana çıxan Ramil Nəbiyevin ifadəsində də sifarişçinin adının iranlı Mehdi olması diqqəti cəlb edir. Belə təəssürat yaranır ki, iranlı Mehdi cənub qonşumuzdan olan narkotik alverçilərinin ümumi şifrəli adıdır.