Psixoterapevt Ramin Allahverdiyev: “Toksik maddələrin orqanizmdə yaratdığı mənfi dəyişimlər ən ağır narkotiklərə gətirib çıxarır”
“Toksikomaniyaya daha çox meylli olanlar yeniyetməlik yaş kateqoriyasına uyğun olan şəxslərdir”
“Toksiki maddələrə yönəlmənin əsas səbəblərindən biri əlçatanlığının olmasıdır”
Son illərdə toksikomanların - narkotikə alternativ maddələr, bəzi dərman preparatları və digər pisxoaktiv təsirə malik vasitələr istifadə edənlərin sayının artması müşahidə olunur. Məsələn, 2015-ci ildə ölkəmizdə 13 nəfər toksikoman qeydə alınıbsa, 2020-ci ildə onların sayı 122 nəfərə, 2024-cü ildə isə 1091 nəfərə çatıb.
Əlbəttə, narkotik asılılığı ilə yanaşı, toksikomaniya asılılığının artması həyəcanverici haldır. Çünki bir çox narkomanların həyat hekayələri onu deməyə əsas verir ki, toksiki maddələrdən istifadə ağır narkotik istifadəsinə və digər asılılıqlara çevrilir. Odur ki, bu mövuz ilə bağlı Xankəndi Unuversitetini müəllimi, psixoterapevt Ramin Allahverdiyevin fikirlərini öyrəndik.
- Ramin müəllim, sizcə, toksikomanların narkotikə alternativ maddələrə (toksik – müəl.) meylinin səbəbi nədir? Onlar narkotik tapmadıqlarına görə zəhərli maddələrlə yönəlirlər, yoxsa narkotikin burada rolu yoxdur?
- Ümumiyyətlə, toksikomaniyadan öncə biz psixoaktiv maddə istifadəsinə baxmalıyıq ki, əslində, toksiki maddələrin özləri də psixoaktiv maddələr siyahısına daxildir. Sadəcə olaraq, qanuni baxımdan qadağan olunan maddələrə daxil olmadığına görə, biz onu kateqoriyalaşdırıb toksikomaniya, narkomaniya və s. anlayışlarla ehtiva edirik. Toksiki maddələrə yönəlmənin əsas səbəblərindən biri əlçatanlığının olmasıdır. Çünki biz burada iki kateqoriyanı dəyərlənidiririk.
Birincisi, apteklərdə satılan müəyyən tabletka dərmanlardır. Onlar qadağan olunan dərman siyahısına aid deyil, amma istifadə edən şəxsdə müəyyən psixoloji-eyforiya, rahatçılıq, stressdən qaçış, depressiyadan uzaqlaşmaq kimi bəzi süni əsaslı illuziyalı düşüncələr ortaya çıxarırlar ki, səbəb olaraq da onlardan istifadə edirlər.
İkincisi, bildiyimiz kimi rəng, benzin, yapışqan, aseton və s. bu kimi maddələrdən istifadə də beyində müəyyən bir dəyişim ortaya çıxır – qısamüddətli rahatlama, donuqluq halı, stressdən qaçış və s. Bu kimi hallarda şəxs artıq o maddənin yenidən istifadəsini həyata keçirir, problemdən qaçış üçün özünə bir yol axtarır.
- Bəs toksikomanlar sadaladıqlarınızdan daha çox hansı maddələrə meyl edirlər?
- Onu konkret deyə bilmərik ki, daha çox hansı istifadə olunur, hansı daha az. Amma əlçatanlığını nəzərə alaraq desək, məsələn, öz təcrübəmdə benzin istifadəçiləriylə psixoterapiya aparmışam. Təcrübəmdə yapışqan istifadəçiləri də olub. Əsas apteklərdə satılan müəyyən dərmanlar var ki, onlar az öncə qeyd etdiyim kimi, qadağan olunan dərmanlar olmadığına görə, əldə olunması daha rahatdır. Və şəxslər də ondan istifadəni daha ön planda tuturlar.
Amma bunu da qeyd edə bilərik ki, zatən, ağır narkotilərə - opioidlərə, metamfetaminlərə, digər halusinogenlər və s. maddələrə başlanğıc əksər hallarda toksikomaniyanın tətikləyicisi kimi davam edir. Sözsüz ki, narkotiklərin ağırı, yüngülü olmur. Sadəcə olaraq müəyyən bir kateqoriyalaşdırma üçün bu sözdən istifadə edirik. Yəni şəxs qısa müddət üçün müəyyən bir dərmandan istifadə edir, rahatlıq tapır, komfort zonasını təyin edir, istənilən bir çətinliyə, ekstremal şəraitə düşdüyü an beyin ortaya yeni bir model qoya bilmir. Çünki şəxs onun üzərində sınama və yanılma təcrübəsi aparmayıb, şəxsən həyata keçirə bildiyi çox asan və elementar bir yoldur ki, dərmanı atıb rahatlayıb. Və bir müddətdən sonra şiddətli şəkildə tətikləyici gələndə şəxs artıq əvvəl istifadə etdiyi dərmanı yox, daha ağır narkotik maddələrə keçidi həyata keçirir ki, bunlar da bir az öncə qeyd etdiyim opioidlər, stimulyatorlardır.
- Ramin müəllim, toksiki maddə asılılığı narkotik asılılığından əsasən nəyə görə fərqlənir? Yeri gəlmişkən, reabilitasiyada bir şəxslə qarşılaşmışdım, o, narkotiklərə yönəlməmişdi, toksikomaniyadan müalicə alırdı. Niyə bəzilərində yalnız toksiki maddə asılılığı olur, narkotik maddəyə gedib çatmırlar?
- Burada bir məsələ var ki, biz əvvəllər maddə asılılığında “tolerantlıq” deyilən bir anlayışdan istifadə edirdik. Tolerantlıq nədir – bu narkomaniyada da var, alkoqolizmdə də var, qumar asılılığında da var. Məsələn, qumar asılılığında tolerantlığı belə deyə bilərik ki, şəxs əvvəllər 1 AZN-lə, 2 AZN-lə qumar oynayır, sonradan artıq tolerantlıq artdığına görə, şəxs miqdarı artırır. Bu, narkotikdə də belədir, məsələn, şəxs marixuana ilə başlayır, bir müddətdən sonra marixuana artıq ona bu həzzi vermədiyinə görə, daha fərqli maddələrə yönəlir. Amma biz insan orqanizminə individual yanaşmanı həyata keçirdiyimizə, fərdi fərqləri nəzərə aldığımıza görə, hər bir insanın yanaşma tərzi, dünyagörüşü, intellekt səviyyəsi, analitik yanaşması, müqayisəli təhlili fərqli olduğu səbəbindən, siz qeyd etdiyiniz şəxslərlə biz də rastlaşırıq ki, onlar həmişə bir maddədə qalırlar. Yəni bu müəyyən bir qorxu amilindən qaynaqlana bilər, özünə görə “məsuliyyət” proqramı qura bilər ki, mən ancaq bu maddədən istifadə edəcəyəm.
Ona görə də indi biz yeni təsnifatlara baxanda, məsələn, “tolerantlıq” sözünü istifadə etmirik. Yəni bir şəxsin asılı olması üçün onun tolerant olmasına ehtiyac yoxdur. Əgər şəxs müəyyən bir toksiki maddədən istifadə edirsə, biz ona da, meatmfetamin istifadə edən şəxsə də asılı deyirik. Bu gün zatən yaratdıqları fiziki, psixoloji, sosial dəyişim demək olar ki, eynidir. Yəni ikisini də ilk vaxtlarda eyforiya üçün istifadə edirlər. Yəni problemdən qaçış. Amma narkotikin də bir yazılmayan qanunu var ki, ilk vaxtlar müəyyən bir “həzz” versə də, müəyyən bir problemdən qaçışı ortaya qoysa da, sonradan artıq şəxs onu problemdən qaçış üçün həyata keçirmir. Normal bir insani yaşam üçün həyata keçirir ki, yuxusu qaydasına düşsün, ağrıları azalsın, iştah məsələsi bərpa olunsun, münasibətləri, aqressiyanı yoluna qoysun.
- Ramin müəllim, fiziki-biloji baxımdan toksiki maddənin orqanizmə narkotikdən fərqli təsiri olur? Və davranışda hansı fərqlər olur? Toksikomanların davranışı narkomanların davranışından fərqlənir?
- Biz konkret olaraq maddənin növünə görə dəyərləndirmə apara bilərik. Məsələn, metamfetamin istifadəsində şəxs həddindən artıq aktiv olsa da, müəyyən tolsik maddələrdə bunu müşahidə etmirik. Amma reallıq da onu göstərir ki, toksikomaniyaya daha çox meylli olan şəxslər yeniyetməlik yaş kateqoriyasına uyğun olan şəxslərdir. Yeniyetməlik yaş dövründə beyin hələ ki, tam inkişaf mərhələsinə çatmadığına görə, məntiqli düşünmür, rasional qərar verə bilmir, elə düşünür ki, elə problemin həlli bir dərmanın qəbuludur və ondan sonra keçir başqa maddəyə. Amma biz baxsaq, hər ikisində müəyyən bir eyforiya vəziyyəti ola bilər, müəyyən halüsinasiyalar ola bilər. Məsələn, halüsinogen maddələr kateqoriyasına aid olan bir maddədən istifadə edirlər, biz onu halüsinogenlərdə də, toksik maddələrdə də görürük. Apteklərdə satılan müəyyən dərmanlar da halüsinasiya verə bilər. Bu da şəxsin xoşuna gələr. Ona görə, sualınıza qısa və konkret cavab olaraq belə deyə bilərəm ki, şəxsin yaş kateqoriyasına, orqanizmin verdiyi cavaba, maddənin növünə görə, bu, dəyişən bir məsələdir. Biz konkret olaraq deyə bilmərik ki, toksik maddədən istifadə edən şəxs bu həzzi alır, amma narkotik maddədən istifadə edir, digər fərqli bir həzz alır.
- Bu sualı verməyim səbəbsiz deyildi. Biz bilirik ki, narkomanlar daha çox aqressiv olurlar. Toksikomanlarda da belə aqressiya müşahidə olunurmu?
- İstənilən halda beyin özünə xas komfort zona təyin edir. Bu toksiki maddələrdə də, narkotik maddələrdə də belədir. Maddənin qəbul zamanı gəldisə, şəxs o davranışı həyata keçirmədiyi təqdirdə, toksikomaniyada da, digər narkotik maddələrdə də biz aqressiyanı müşahidə edirik. Və alkoqolda da, hətta məsələn nikotində də hiss edirik. Kofe asılılığında da biz bunu hiss edirik. Burda fərq onda deyil ki, şəxs hansı maddəni qəbul edib. Burada növdən çox, maddəni hansı məqsədlə istifadə etdiyidir.
- Bilirk ki, “patı” deyilən metamfetamin orqanizmi içəridən çürüdür. Toksikomanlarda da belə hal yaşanırmı?
- Burada bir məslə var ki, məslən, metamfetamin, heroin, digər inyeksion yolla qəbul olunan maddələrdə maddənin orqanizmdə yaratdığı deformasiyalar sümük, dəri və əzələ parçalanmalarına gətirib çıxarır. Toksik maddələrdə inyeksion yolla qəbul olmadığına görə, biz o simptomları müşahidə edə bilmirik. Əsas toksik maddələrdən olan yapışqanı burun yoluyla qəbul edirlər, rəngi iyləyirlər, benzini iyləyirlər. Ona görə də, biz siz qeyd etdiyiniz orqanizmdə deformasiyaları toksik maddələrdə müşahidə etmirik. Amma problem ondadır ki, müşahidə etmiriksə, bu o deməkdir ki, bu daha yaxşıdır, o pisdir? Xeyr. Toksik maddələrin orqanizmdə yaratdığı mənfi dəyişimlər zatən gətirib ən ağır narkotiklərə çıxarır. Ona görə də bizim üçün vacib olan insanlar arasında “zərərsiz” kimi qeyd etdikləri maddələrə qarşı da mübarizəni artırmalıyıq ki, ən sonra ən ağır maddələrə gəlinib çıxılmasın.
Söhbətləşdi: Ülviyyə ŞÜKÜROVA
Stopnarkotik.az