Rusiya Ukraynada apardığı və faktiki olaraq dalana dirəndiyi Ukrayna müharibəsi səbəbindən ən yeni tarixinin bəlkə də ən üzücü, ən miskin və aciz günlərini yaşayır. Ucsuz-bucaqsız əraziləri və təbii sərvətlərinə rəğmən heç cür gözünü qonşu torpaqlardan, ölkələrdən, xalqlardan yığa bilməyən, imperiyaçı, şovinist mahiyyətini hər addımda büruzə verən hazırkı Kreml rəhbərliyi Rusiyanı həm fiziki, həm də mənəvi cəhətdən elə bir duruma salıb ki, onun bir zamanlar toxunulmaz hesab edilən bütün “qırmızı cizgiləri” silinib.
Rusiyanın şəhərləri, zavodları, limanları, hərbi və mülki infrastrukturu bombalanır, ordusu yarımcan, yerində sayan, gözdən düşmüş vəziyyətdədir, iqtisadiyyatı resesiya yaşayır, bütün aparıcı enerji və silah bazarlarını itirib, daxildə bütün mənəvi dəyərlər, haqq, ədalət ayaqlar altına atılıb, xaricdə fiziki və mənəvi “izqoy” vəziyyətinə gətirilib. 21-ci əsrdə adi internetdən belə az qala məhrum edilən əhali ölkəni tərk etmək üçün yollar axtarır və sair.
Bütün bunların fonunda Rusiya 9 may “Qələbə paradı”na hazırlaşır və onun ölkə tarixində Rusiyanı ən zəif, düşkün, aciz simada göstərəcək bir parad olacağı gözlənilir. Artıq bunu Kremlin açıqlamalarından da görmək olar.
Belə ki, Rusiya hakimiyyəti Moskvada ənənəvi olaraq keçirilən dəbdəbəli “Qələbə paradı”nın fiziki miqyasını kəskin şəkildə azaltmaq qərarına gəlib. Rusiya Müdafiə Nazirliyi dünən bəyan edib ki, 9 may paradı hərbi texnika olmadan keçiriləcək. “Qırmızı meydan”dan tanklar və raket sistemləri keçmiyəcək. Bunun əvəzinə yalnız yürüş kolonları iştirak edəcək.

Həmçinin, Suvorov və Naximov adına hərbi məktəblərin və kadet korpusunun tələbələri də paradda iştirak etməyəcəklər. Bunun əvəzinə, böyük ekranda videoçarxlar veriləcək. Orada "xüsusi hərbi əməliyyat”dakı qoşunların, eləcə də raket qüvvələrində və gəmilərdə xidmət edənlərin “fəaliyyəti” əks etdiriləcək.
Rusiya Müdafiə Nazirliyi bu paradın yarımçıq və “qısır” təşkilini izah etməyə çalışarkən bəyan edib ki, “qərar əməliyyat vəziyyətinə görə verilib”. Yəni, “əməliyyat vəziyyəti” yumşaq desək, ürəkaçan deyil. “Dünya lideri” Rusiya həm parada çıxaracaq çoxsaylı hərbi texnika tapa bilmir, çünki bütün qoşunlar Ukraynadadır, həm də tapsa belə, onların Rusiyanın paytaxtında, onun da mərkəzi meydanında təhlükəsiz hərəkətinə zəmanət verə bilmir! Çünki bu texnika artıq Ural dağlarını da aşa bilən Ukrayna PUA-ları və hətta raketləri üçün asan hədəf ola bilər.
Bu acınacaqlı reallıq Vladimir Putinin müharibəyə başlayarkən qarşıya qoyduğu əsas mqəsədlərdən birinə - Ukraynanın demilitarizasiyasına nə dərəcədə nail olduğunun bariz göstəricisidir...

Qeyd edək ki, Rusiyada 2008-ci ildən başlayaraq, hərbi paradlar ağır hərbi texnikanın və Strateji Raket Qüvvələrinin raket sistemlərinin iştirakı ilə keçirilib. Bu sarıdan 2015-ci ildəki qələbənin 70 illik ildönümü paradı rekord qırıb. Krımın ilhaqından sonra eyforiya yaşayan Keml həmin il “Qırmızı meydan”dan müxtəlif modellərdə 194 təkərli və tırtıllı nəqliyyat vasitəsi, havadan 140 təyyarə və vertolyot keçirdi.
Ukraynada müharibə başlayandan sonra isə parad şousu “əriməyə” başladı. Son illərin ən zəif paradı 2024-cü ildə keçirildi – cəmi 61 hərbi texnika və 15 təyyarə. İndi məlum olur ki, bu ilki parad ondan da zəif olacaq – “dünyanın ikinci ordusu” yalnız meydandakı ekranda görünəcək. Yəni, internetdən imtina ərəfəsində olan Rusiya öz hərbi gücünü ancaq “virtual aləm”də təqdim edə biləcək...

Belə görünür ki, bu paradın xarici qonaqlar sarıdan da bəxti gətirməyəcək. Belə bir sönük şou kimə lazımdır ki?
2026-cı il paradında hansı xarici liderlərin iştirak edəcəyi hələ də məlum deyil. Ötən gün Vladimir Putinin mətbuat katibi Dmitri Peskov ötən illərdən fərqli olaraq nəinki parada qatılacaq, hətta dəvət edilmiş xarici liderlərin (adətən onların adları xeyli əvvəldən məlum olurdu) adlarını çəkməkdən imtina edib.
"Onları daha sonra elan edəcəyik", - deyə Peskov vəd edib.
Putinin köməkçisi Yuri Uşakov isə “bir neçə xarici siyasətçinin” Putinin qonağı olacağını deyib, lakin o da həmin adamların adlarını açıqlamayıb.

Bu arada Slovakiyanın “Putin aşiqi” Baş naziri Robert Fitsonun “Qələbə paradı”na qatılmaq planlarındakı uğursuzluq da simvolik anlam daşıyır. Belə ki, Fitso daha əvvəl 9 mayda mütləq Moskvaya səfər edəcəyini və parada qatılacağını açıqalmaşdı. Lakin bir neçə gün əvvəl Latviya və Litvanın onun təyyarəsinin öz hava məkanından keçməsinə icazə vermədiyi məlum oldu. Daha sonra Estoniya da oxşar qərar verdi və Fitso Polşadan keçmək üçün "dəhliz" istədi. Ancaq görünür, bu cəhd də baş tutmadı. Belə ki, Fitso son olaraq bu il paradda iştirak etməmək qərarına gəldiyini açıqladı...
Acınacaqlı olan isə həm də odur ki, Rusiyanın indiki hakimiyyəti öz irticaçı və işğalçı siyasətilə təkcə özünün deyil, zamanında qonşu xalqların da İkinci Dünya Müharibəsində - Rusiya, Ukrayna, Belarus torpaqlarında verdiyi saysız-hesabsız qurbanların xatirəsinə kölgə salır. O insanlar öz həyatlarını bu cür “gələcək” üçün qurban verməmişdilər.../azpolitika.info