RUSLAN EYYUBOVUN HƏBSİNİN ŞOK DETALLARI – Rəhbərlik etdiyi boya zavodunda sintetik narkotik hazırlanır?

İki gün əvvəl 6,4 milyon manatdan artıq aksizsiz siqaret qaçaqmalçılığı ilə bağlı aparılan istintaq çərçivəsində tanınmış iş adamı, “NB” Şirkətlər Qrupunun və “Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı” ASC-nin faktiki rəhbəri Ruslan Eyyubov saxlanıldı. Dünən isə o, Xəzər dənizinin sahilində, Şüvəlan qəsəbəsində yerləşən 15 hektarlıq nəhəng ərazisindəki malikanə və oradakı limanı ilə gündəmə gəldi.

Əlbəttə, R.Eyyubov sıradan bir iş adamı olsaydı, bəlkə də onun həbsi mətbuatda bu qədər rezonansa səbəb olmazdı. Lakin onun Prezidentin Təhlükəsizlik Xidmətinin sabiq rəisi, Prezident Katibliyinin hazırkı rəhbəri, general-polkovnik Bəylər Eyyubovun qardaşı oğlu olması məsələyə xeyli rəng qatır. Söhbət ondan gedir ki, məhz B.Eyyubovun “çətiri altında” olan R.Eyyubov illərdir qanunsuz yollarla böyük sərvət sahibi olsa da, kimsə onun fəaliyyətini araşdırmağa cəsarət etməyib. Görünür, artıq “Eyyubovlar klanı”nda “yarpaq tökümü” başladığından, ən əsası isə Ruslan Eyyubovun rəhbərliyi altında illərdir qaçaqmalçılıq yolu ilə ölkəyə milyonlarla manatlıq tütün məhsulları və digər qanunsuz malların daxil olması faktı aşkara çıxarıldığından, iş adamı bu dəfə həbsdən yayına bilmədi.

Yuxarıda da qeyd etdiyimiz kimi, ölkə mətbuatı R.Eyyubovun qaçaqmalçılıq yolu ilə ölkəyə külli miqdarda tütün məhsulu gətirdiyi haqda geniş məlumat verib. O cümlədən, müvafiq qurumlar da bu barədə rəsmi açıqlama yayıb. Bəs, onun rəhbərliyi altında ölkəyə qanunsuz yollarla daha hansı məhsullar daxil olub? Zənnimizcə, əslində Ruslan Eyyubovun həbsinin detalları məhz bu sualın cavabında saxlanılır. Hansı ki, bu haqda Stopnarkoptik.az-a anonim mənbələrdən şok informasiyalar daxil olub. Bu haqda az sonra.

İndi isə bir az əvvələ gedib xatırladaq ki, dekabrın 12-də Dövlət Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin Hövsan Məntəqəsinin rəisi Fərid Usubov, Bakı-Hövsan Beynəlxalq Ticarət Dəniz Limanının rəisi Rəşad Daşdəmirov, idarənin əməkdaşları Heydər Eyvazov və Tamerlan Axundzadənin həbs edilməsi ilə bir sıra məqamların ortaya çıxması davam edir. Hansı ki, ilk həbs dalğasının ardınca DGK-nin əməkdaşı Tahir Tahiri İrana qaçdı. Nəzərə alsaq ki, Azərbaycana qanunsuz yollarla daxil olan tütün məhsuallarının, o cümlədən də narkotikin mənbəyi İrandır, bu qaçış özü ilə yetərli qədər sual doğurur. Belə təsəvvür yaranır ki, T. Tahiri DGK-nin içində İrandan qaçaqmalçılıqla gətirilən məhsulları, bəlkə də narkotiki yerbəyer edən “vint”lərdən biri olub.

Məlumat üçün bildirək ki, DGK-nin Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin Hövsan Məntəqəsinin rəisi Fərid Usubov general-leytenant Cəbrayıl Usubovun oğludur. General Usubov isə Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin müavini olub. Hansı ki, 2020-2025-ci illərdə XDMX-nin birinci müavini Bəylər Eyyubov olub, indi isə onun əsasında yaradılan qurumun rəhbəridir. İki gün əvvəl saxlanılan Ruslan Eyyubovun Bəylər Eyyubovun qardaşı oğlu olduğunu nəzərə alsaq, aydın olur ki, Hövsan limanının rəisi Fərid Usubov həbsi ilə Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Həsən Eyyubovun vəzifəsindən azad edilməsi, eləcə də Ruslan Eyyubovun saxlanılması təsadüfi deyil. Yəni işbirliyinin təməlləri çoxdan atılıb.

Prosesdə digər çox maraqlı məqamlar da var. Dekabrın 12-də baş tutan həbslərin açıqlanan səbəbi Türkan ərazisində keçirilən əməliyyatda bir neçə yük avtomobilində 1 milyon 700 min manatdan artıq dəyəri olan 962 min 98 qutu aksiz markası olmayan tütün məmulatlarının aşkar edilməsi oldu. Əməliyyatdan xəbər tutan qaçaqmalçılar digər iki konteynerdəki 3 milyon manatdan çox dəyəri olan siqareti ölkədən Bakı-Hövsan Beynəlxalq Ticarət Dəniz Limanının bir neçə əməkdaşının köməkliyi ilə çıxarıb. Yəni “Tütün mafiyası” dəniz yolu ilə gətirdikləri qaçaqmalın izini itirib. Elə Bakı-Hövsan Beynəlxalq Ticarət Dəniz Limanının tabe olduğu Dövlət Gömrük Komitəsi Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin rəisi general-mayor Həsən Eyyubov da 5 milyonluq qaçaqmal işinin güdazına gedib.

Bu işin maraqlı bir nüansı da qaçaqmal tütünün BƏƏ-də şirkətlərin birindən alınaraq İrana, sonra Hövsan dəniz limanına gətirilməsidir. Qaçaqmal Hövsan Limanına çatanda isə bu vaxt limanda növbədə olan gömrükçülər vəzifələrindən sui-istifadə edərək, siqaret yükünün gizli şəkildə ölkəyə keçirilməsinə şərait yaradıblar. Belə ki, siqaret konteynerləri yoxlama aparılmadan Türkan qəsəbəsindəki məkana aparılıb.

Bütün bunlar öz yerində. İrana qaçdığı deyilən DGK-nin əməkdaşı Tahir Tahirinin niyə başqa ölkəni yox, məhz İranı seçməsi də sual doğurur. Bəllidir ki, hansısa ölkəyə qaçmaq üçün ilk növbədə həmin ölkədə etimad üzərinə qurulmuş güvənli əlaqələr olmalıdır. Gömrük idarəsinin ölkəyə gələn yüklərə nəzarət edən qurum və İranın da Azərbaycana təkcə siqaret yox, əsasən narkotik ixracatçısı olan ölkə olduğunu nəzərə alsaq, Tahir Tahirini İrana sığınmağa imkan verən səbəb həm də narkotrafik şəbəkəsindəki əməkdaşlıq ola bilər. Elə qaçaqmal siqaret yükünün də BƏƏ-dən alındıqdan sonra niyə yük gəmisinin məhz İrana baş çəkərək Hövsana gəlməsi, gəminin İrandan hansısa əlavə yük götürüb-götürməməsi də araşdırılmalıdır.

Daha bir nüans isə bu proseslərin məhz dənizkənarı obyektlərdə baş verməsidir. Belə ki, qaçaqmal siqaret (fikrimizcə, burada siqaret çox məsum görünür, sadəcə narkotikin üstünü örtmək üçün kamuflyaj rolunu oynayır-müəl.) İrandan Hövsan dəniz limanına gətirilir, oradan Türkan qəsəbəsindəki məkana aparılır. Ruslan Eyyubovun da məlum limanlı malikanəsi Şüvəlanda, üstəlik “NB” Şirkətlər Qrupuna daxil olan “NB” boya zavodu da Albalılıq qəsəbəsində yerləşir. Burada isə həddən çox məqamlar üst-üstə düşür. Şübhəsiz, BƏƏ-dən siqaret gətirən gəmi yolda İrana dönüb narkotik yükü götürə bilər. Gəmi Hövsan dəniz limanına yan alaraq boşaldıla, narkotik yükü Şüvəlandakı limana aparılıb oradan da Albalılıq qəsəbəsindəki kimyəvi zavoda çatıdırıla bilər. Yəni logistika şəbəkəsi işlək vəziyyətdədir, zəncirvari olaraq ideal qurulub.

Əslində, bütün bunlar sadəcə bizim gümanlarımızdır. Bunlar isə anonim mənbədən redaksiyamıza daxil olan informasiyadan qaynaqlanır.

İlk öncə onu qeyd edək ki, məsələyə peşəkar müstəvidən yanaşsaq, hansısa gizli mənbəni “etibarlı qaynaq” kimi təqdim etməyimiz doğru olmaz. Lakin məlum şəbəkənin hələ də ölkədə böyük nüfuz sahibi və milyardlarla manat sərvət sahibi olduğunu nəzərə alsaq, Stopnarkotik.az-a zəng açan şəxsin özünü gizli saxlaması tamamilə anlaşılandır.

Anonim mənbənin açıqlamasına gəldikdə isə, o, sadəcə yetkili qurumlara “NB” Şirkətlər Qrupunun nəzdindəki “NB” boya zavodunun fəaliyyətinin araşdırılmasını təklif edir. Onun iddiasına görə, bu zavodda boya məhsullarının istehsalı sadəcə məsələnin görünən tərəfidir. Görünməyən tərəfi isə odur ki, burada sintetik tərkibli narkotiklərin istehsal edildiyi haqda iddialar var…

Bir daha qeyd edək ki, mənbənin bu informasiyasının nə dərəcədə həqiqətə yaxın olduğunu deyə bilməsək də, onun açıqlaması kifayət qədər düşündürücüdür. Qaçaqmal siqaret işinin təfərrüatlarına nəzər salsaq, bu iddianın əsassız olmaya biləcəyini ehtimal edə bilərik. Bir məsəldə deyildiyi kimi, od olmayan yerdən tüstü çıxmaz.

Amma bütün bunların cavabını tapmaq üçün ilk növbədə onu aydınlaşdırmaq lazımdır ki, boya istehsal edən zavodda kimyəvi narkotik istehsalı, qablaşdırılması və s. mümkündürmü? Əlbəttə, nəzəri baxımdan hər şey mümkündür. Ən azı ona görə ki, bu zavod kimya sənayesinə aiddir…

Yeri gəlmişkən, dünyada sintetik narkotiklərin prekursorlarının əsas istehsalçısı Çin və Hindistandır ki, hər iki ölkə kimya sənayesində çox inkişaf ediblər.

Elə təəssürat yaranır ki, sanki Hövsan dəniz limanı, Türkan qəsəbəsindəki məkan (böyük ehtimalla sex), Şüvəlandakı limanlı malikanə, Albalılıq qəsəbəsindəki kimyəvi zavod İrandan gətirilən narkotik şəbəkəsinin sənaye üsulu ilə yerbəyer edilməsi, qablaşdırılması, satışa çıxarılması üçün nəzərdə tutulan logistik mərkəzdir. Əgər bu ehtimalın əsası varsa, hüquq-mühafizə orqanlarının narkomaniyaya qarşı apardığı gərgin mübarizəyə rəğmən, Azərbaycana gətirilən narkotikin qarşısının niyə alına bilməməsi, müsadirələrə baxmayaraq cəmi 16% həcmində yaxalanan narkotikə qarşı 84 faiz narkotikin qeyri-leqal dövriyyədə sərbəst “fırlanmasının” səbəbini izah etmək olar. Çünki belə olan halda İran narkotikinin əsas iri tədarük məntəqəsinin dənizdən qanuni yük maskası altında elə gömrük əməkdaşlarının birbaşa iştirakı ilə ölkəyə qəbul edilərək bazara çıxarılması narkotikin kökünün qurudulmasına imkan vermir.

Sual oluna bilər ki, bəs İranın demək olar hər gün dronlarla və s. yollarla sərhəddən keçirdiyi narkotiklər? Cavab olaraq deyə bilərik ki, bu cür yollarla Azərbaycana keçirilərkən tutulan narkotiklər sadəcə diqqəti tonlarla qanuni yük kimi gələn əsas narkotik partiyasından yayındırmaq məqsədi güdə bilər. Yəni bunlar sadəcə baş aldatmaq üçündür. Məqsəd cəmiyyətin diqqətini dronlara və sərhədə yönəldib, əsas yükdən yayındırmaq ola bilər.

Sözümüzə qüvvət olaraq, bu yaxınlarda bir millət vəkili Arzuxan Əlizadənin Stopnarkotik.az-a müsahibəsindəki diqqətçəkən məqamlar da sanki bu məsələyə vurulmuş eyhamlar idi. Bu eyhamlardan biri belə idi: “Məlumatlar var ki, ölkə daxilində də psixotrop maddələrin daha asan üsulla hazırlanması istiqamətində qanundankənar addımlar atılır”. Digəri isə bu idi: “Narkotik vasitələrin dövriyyəsinə nəzarət edən qanundankənar qurumlar var ki, onlar bu prosesin inkişafında maraqlıdırlar”.

Bu arada bir nüansı da qeyd edək. Xatırlayırsınızsa, bir neçə həftə ərzində Gürcüstan hakimiyyəti gömrük orqanlarında yeni axtarış sistemi qurulduğunu, ölkə ərazisindən heç bir narkotik yükü buraxılmayacağını, bütün yüklərin cihazlarla və əllə didik-didik axtarılacağını anons etdi, həm də dəfələrlə, ciddi-cəhdlə. Sual oluna bilər ki, onlar Azərbaycanda gömrük qurumunun içində qaçaqmalçılıqla məşğul olan sistematik çətənin varlığından xəbərdar olublarmı? Cavab “bəli” ola bilər. Görünür, buna görə üstünə basa-basa dəfələrlə Gürcüstan gömrüyündə alınacaq yeni tədbirlərin məhz Azərbaycan və Ermənistandan gələn narkotikin ifşa edilməsi üçün görüldüyünü istehza ilə Azərbaycan TIR-larının sürücülərinin üzünə vurdular. 

Daha bir məqam gömrük əməkdaşlarının qaçaqmalçılıqla məşğul olmasından DSX-nın xəbərdar olub-olmamasıdır. Çünki heç də inandırıcı deyil ki, Xəzər dənizi ilə ölkəyə qaçaqmal gətirilir, sərhəd xidmətinin isə xəbəri olmur. Və burada DSX-nın Gömrük əməkdaşlarının işləklərindən xəbərdar olub-olmamasından çox, bir yerdə bu qaçaqmalçılıqda iştirakının nə dərəcədə olmasıdır. 

Stopnarkotik.az olaraq dəfələrlə vurğulamışıq ki, əgər ölkə daxilində narkoticarətin və narkomaniyanın qarşısı alına bilmirsə, səbəbi mütləq hakimiyyət strukturunun içində gizlənən yüksək ranqlı post sahiblərinin xəyanətidir. Bu faktlar sözümüzü təsdiqləyir. Ölkənin hüquq-mühafizə orqanlarını gömrük orqanlarının işində qaçaqmalçılıqla məşğul olan şəxslərin ifşasını tezləşdirməyə və ictimaiyyətə məlumat verməyə səsləyirik.

Ülviyyə ŞÜKÜROVA

Stopnarkotik.az