Bəzən bir insanın bütün həyatını bir sözə sığışdırırıq: “narkoman”. O sözü deyirik və elə bil bununla da məsələ bitir. Onun adı, uşaqlığı, anasının onu necə böyütdüyü yadımıza düşmür. Atasının içində çəkdiyi ağrı görünmür. Özünün qorxusu, peşmanlığı, sağlam həyata qayıtmaq istəyi, kömək axtarma ehtimalı heç yada düşmür. Sadəcə bir söz deyirik və insanı silirik.
Amma, gəlin, özümüzü aldatmayaq. Bu söz heç kimi xilas etmir. Əksinə, bəzən insanı daha da dibə itələyir. Narkotik bəlasına düşmüş adamın etdiyinə haqq qazandırmaq olmaz. Bu, ailəni yandırır, insanın özünü məhv edir, evin rahatlığını əlindən alır. Bunu açıq demək lazımdır.
Başqa bir həqiqət də var ki, insanı alçaltmaqla, söyməklə, hamının içində biabır etməklə, “səndən adam olmaz” deməklə də onu xilas etmək olmur. Bəzən ailə elə bilir ki, sərt söz ayıldacaq. Ata əsəbiləşir, ana ağlayır, qardaş qışqırır, qohumlar qarışır. Evdə sözlər havada uçuşur: “biabır oldun”, “üzümüzü qara elədin”, “sən bizim uşağımız deyilsən”, “get öl, canımız qurtarsın”. Bu sözlər hirslə, ağrıdan, çarəsizlikdən deyilir. Amma bu sözlər çox vaxt insanı ayıltmır. Daha da içinə çəkilməyə vadar edir. Çünki narkotikə düşən adam onsuz da içində dağılır. O, onsuz da qorxur, utanır, yalan danışır, gizlənir, özündən qaçır. Evdə də yalnız təhqir eşidəndə, qayıtmağa yer tapmır. İnsan evə qayıda bilməyəndə, onu küçə çağırır.

Bunu hər ailə bilməlidir ki, asılı insanı qorumaq onun hər yalanına inanmaq deyil. Ona pul vermək, etdiyini ört-basdır etmək deyil. Amma onu tamamilə silmək də deyil. Sevgi ayrı şeydir, “korluq” ayrı. Dəstək ayrı şeydir, zəiflik göstərmək ayrı. Bağışlamaq ayrı şeydir, problemi görməzdən gəlmək ayrı. Valideyn övladının həm yanında durmalıdır, həm də sərhəd qoymalıdır. Həm “səni atmayacağam”, həm də “bu yalanla davam edə bilmərik” deməlidir. Həm övladını qorumalıdır, həm də onun özünü və evi dağıtmasına imkan verməməlidir. Düzdü, bu çox çətindir. Bunu kağızda yazmaq asandır, ancaq yaşamaq ağırdır. Lakin başqa yol da yoxdur.
Bizdə ailələr çox vaxt narkotik bəlasının özündən çox, “camaat nə deyər?” qorxusundan əzilir. Qonşu bilməsin, qohum bilməsin, məktəb bilməsin, iş yeri bilməsin, el-oba bilməsin. Elə bil problem gizlənəndə yox olur. Xeyr, yox olmur. Gizlənən və ya gizlədilən problem böyüyür. Bəzən ailə övladını xilas etməyə yox, ailənin adını xilas etməyə çalışır. Və ən böyük səhv də burada başlayır. Çünki ad qalsın deyə uşaq itir. Söz çıxmasın deyə müalicə gecikir. Qonşu bilməsin deyə evin içində fırtına böyüyür. Bir ana düşünür ki, “heç kim bilməsin, bəlkə düzələr”. Bir ata düşünür ki, “mən özüm həll edərəm”. Amma bu bəla çox vaxt təkbaşına həll olunmur. Nə ananın göz yaşı ilə, nə atanın qəzəbi ilə, nə də qohum məsləhəti ilə. Burada peşəkar səviyyədə kömək lazımdır. Həkim, narkoloq, psixoloq, reabilitasiya lazımdır. Həmçinin, mütləq və mütləq ailənin də dəyişməsi lazımdır. Çünki asılılıqdan çıxmaq təkcə narkotik maddədən uzaq durmaq deyil. İnsan bəzən köhnə çevrədən də uzaqlaşmalıdır. Köhnə yalanlardan, köhnə dostlardan, köhnə vərdişlərdən, köhnə bəhanələrdən də qopmalıdır. Təbii ki, bu yol bir günün işi deyil. Amma bir yol mütləq var.

Bunu xüsusilə demək istəyirəm ki, əgər bu yazını oxuyan adamın evində belə bir problem varsa, birinci işiniz danmaq olmasın. “Yox, bizim evdə belə şey ola bilməz” deməyin. Ola bilər. Heç kim sığortalanmayıb. Varlı da, kasıb da, savadlı da, savadsız da, şəhərli də, kəndli də bu bəlanın cənginə keçə bilər.
İkinci işiniz uşağı, gənci, yaxud ailə üzvünüzü hamının içində alçaltmaq olmasın. Onu söyüb, qapını üzünə bağlayıb, sonra da “niyə düzəlmir?” demək olmaz. Qapı tam bağlananda insan yenə onu aldadanların yanına gedir.
Üçüncü işiniz problemi gizlətməməkdir. Gizlətmək bəzən qorumaq kimi görünür, amma əslində vaxt itirməkdir. Bu mövzuda vaxt çox qiymətlidir. Bu gün danışılmayan problem sabah daha ağır formada üstünüzə qayıda bilər.
Ən düzgün yol budur: sakitləşin, vəziyyəti qəbul edin, təkbaşına qəhrəmanlıq etməyə çalışmayın, peşəkarların yardımını axtarın. Evdə də bir qayda qurun: təhqir yoxdu, yalan da yoxdu. Alçaltmaq da yoxdu, məsuliyyətdən qaçmaq da.
Bilmirəm, bu yazını bəlkə elə narkotik bəlasının içində olan bir adam da oxuyur. Ona səslənmək istəyirəm ki, əgər oxuyursansa, bir şeyi bil: sən bitməmisən. Amma özünü aldatma. “İstəyəndə dayandıraram” sözü çox adamı aldadıb. “Birdəfəlikdir” sözü çox adamı bataqlığa çəkib. “Mən özümə nəzarət edirəm” sözü çox adamın həyatını əlindən alıb. Kömək istəmək ayıb deyil. Ayıb səni məhv edən yalanın içində qalmaqdır. Çəkinmə, dərdini bir adama de. Anana, atana, qardaşına, bacına, güvəndiyin bir böyüyə, müəllimə, həkimə. Kimə güvənirsənsə, oradan başla. Hamıya deməyə gücün çatmaya bilər, amma bir adama de. Çünki susduqca bu bəla səni tək yaxalayır və məhvə aparır.
Danışdığın gün isə artıq onun qarşısında tək qalmırsan. Bəlkə qorxursan. Bəlkə utanırsan. Bəlkə düşünürsən ki, səni bağışlamazlar. Bəlkə evdə qiyamət qopacaq. Bunların hamısı ola bilər. Amma yenə də kömək istəmək lazımdır. Çünki bu yol gizlənə-gizlənə bitmir. Bu yol yalnız üzə çıxanda, qəbul ediləndə və müalicəyə gedəndə dəyişir. Sənə “səndən adam olmaz” deyənlər ola bilər. Amma sən o cümləyə inanma. İnsan səhv edə, bata, yıxıla bilər. Amma insan geri də qayıda bilər. Bunun üçün yalanı dayandırmaq, kömək istəmək və çətin yola razı olmaq lazımdır. Çətin olacaq, amma mümkündür.

Cəmiyyət də bunu başa düşməlidir ki, narkotik satan adamla narkotikdən qurtulmaq istəyən adamı eyni tərəziyə qoymaq olmaz. Biri insanları zəhərləyir, digəri bəlkə də o zəhərdən canını qurtarmağa çalışır. Narkotik satana qarşı sərtlik lazımdır. Qayıtmaq istəyənə çarə, çıxış yolu göstərmək lazımdır. Biz çox vaxt hər şeyi qarışdırırıq. Narkotik satanı da, istifadə edəni də, kömək istəyən adamı da bir sözlə damğalayırıq. Sonra da istəyirik ki, problem həll olsun. Belə həll olmur, dostlar. Bir insan kömək istəyirsə, onu alçaltmaq yox, yönəltmək lazımdır. Müalicəyə, reabilitasiyaya, düzgün adama, düzgün yerə. Onu qucaqlamaq başqa şeydir, hər etdiyini bağışlamaq başqa. Onu xilas etmək başqa şeydir, yalanına ortaq olmaq başqa. Bunu ayırmaq lazımdır. Ailə də, məktəb də, qonşu da, dost da bilməlidir ki, bəzən insanı geri qaytaran böyük sözlər deyil, doğru zamanda deyilən sadə bir cümlə olur. “Mən səni atmayacağam, amma bu yolla davam etməyinə də icazə verməyəcəyəm”. Bu cümlə həm sevgidir, həm sərhəddir. Bəzən xilas yolu buradan başlayır.
Bizim cəmiyyətdə mərhəməti də səhv başa düşənlər var, sərtliyi də. Biri deyir, “yazıqdır, nə istəyir verin, sakitləşsin”. Bu, xilas deyil. Bu, bəlanı böyütməkdir. O biri deyir, “qovun getsin, qoy nə olur olsun”. Bu da xilas deyil. Bu, insanı qaranlığa tək buraxmaqdır. Doğru yol ikisinin ortasındadır: sevgi ilə ciddi davranmaq. Yanında olmaq, amma yalanına imkan verməmək. Dinləmək, amma bəhanələrə uymamaq. Kömək etmək, amma məsuliyyəti onun yerinə daşımamaq. Bəzi valideynlər deyir: “Mən neyniyim, sözümə baxmır”. Bəli, bəzən baxmır. Amma yenə də tək çıxış yolu qışqırmaq deyil. Bəzən ailə özü də kömək almalıdır. Necə danışmağı, necə davranmağı, nəyə icazə verib, nəyə yox deməyi öyrənməlidir. Çünki bu bəla yalnız bir adamı yox, bütün evi xəstə hala sala bilir. Evdə hamı qorxu ilə yaşayır. Ana ağlayır, ata əsəbiləşir, qardaş-bacı utanır, hamı bir-birindən şübhələnir. Belə evdə təkcə istifadə edən yox, hamı yorulur.

Ona görə, xilas yolu yalnız bir nəfərin dəyişməsi deyil, bəzən bütün ailənin ayılmasıdır. Və təbii ki, bir də dilimizə fikir verməliyik. “Söz insanı öldürmür”, - deyirlər. Amma bəzi sözlər insanın içindəki son ümidi öldürə bilir. “Narkoman”, “bitmiş adam”, “ailənin ləkəsi”, “bundan heç nə olmaz” kimi sözlər insana yol göstərmir. Onu bir küncə sıxışdırır. Əgər məqsədimiz onu tam itirməkdirsə, bu sözləri deyə bilərik. Yox, məqsədimiz geri qaytarmaqdırsa, dilimizi dəyişməliyik. Bu o demək deyil ki, məsələni yumşaldaq. Xeyr. Narkotik ağır bəladır. Ailəni dağıdır, insanın iradəsini sındırır, yalanı çoxaldır, etibarı məhv edir. Bunu açıq demək lazımdır. Amma narkotikə nifrət etməklə, onun içində çabalayan insanı silmək eyni şey deyil.
Biz bəlanın özünə qarşı sərt olmalıyıq. İnsanın qayıtmaq ehtimalına qarşı yox. Bəzən bir adamın içində hələ balaca bir ümid qalır. Çox balaca. Bəlkə özü də onu hiss etmir. Amma bir söz, bir münasibət, bir əl, bir düzgün addım o ümidi böyüdə bilər. Eyni şəkildə bir təhqir, bir damğa, bir qapı çırpılması isə onu söndürə bilər. Ona görə, bu mövzuda danışanda diqqətli olmalıyıq. Biz insanları narkotikdən uzaqlaşdırmaq istəyiriksə, əvvəlcə onlara qayıtmaq üçün yer saxlamalıyıq. Qayıtmaq üçün ev, qayıtmaq üçün söz, qayıtmaq üçün yol, qayıtmaq üçün müalicə, qayıtmaq üçün insanlıq. Bir insana “narkoman” deyib kənara çəkilmək asandır. Çətin olan onun içində hələ də xilas ola biləcək insanı görməkdir. Amma biz bunu bacarmalıyıq. Çünki narkotik yalnız bədəni məhv eləmir, ailəni də sınağa çəkir, cəmiyyətin mərhəmətini də, insanlığımızı da. Əgər evində belə problem varsa, gizlətmə. Əgər belə bir insan tanıyırsansa, onu ələ salma. Əgər özün bu bəlanın içindəsənsə, susma. Kömək istə. Elə bu gün, indi, bir nəfərdən başla. Bilməliyik ki,
- Damğa insanı xilas etmir.
- Təhqir insanı xilas etmir.
- Susmaq insanı xilas etmir.

Düzgün kömək, vaxtında müdaxilə və insanı tam silməyən münasibət isə çox şeyi dəyişə bilər. Bəzən bir insanın geri dönüşü ona deyilən ilk cümlədən başlayır. Gəlin, o cümləni düzgün seçək.
Sərkərdə SƏRXANOĞLU
Stopnarkotik.az