Domodedovoda vurulan kompleks Putinin dostuna məxsus olub - YENİLƏNİB

Moskva vilayətinin Domodedovo şəhər dairəsində yerləşən və bazar ertəsi Ukrayna Silahlı Qüvvələrinin pilotsuz uçuş aparatlarının hücumuna məruz qalan “Yujnıye vorota” logistika kompleksinin Rusiya prezidenti Vladimir Putinin dostu, violonçel ifaçısı Sergey Rolduginin təsisçisi olduğu fonda məxsus olduğu üzə çıxıb.

Belə ki, ümumi sahəsi 600 min kvadratmetr olan kompleks Moskva Dairəvi Avtomobil Yolundan (MKAD) təxminən 28 kilometr cənubda, Domodedovo şəhər dairəsində yerləşir.

Obyekt iyulun 20-də səhər saatlarında dron hücumuna məruz qalıb, bundan sonra anbarlarda yanğın başlayıb.

Moskva vilayətinin qubernatoru Andrey Vorobyovun məlumatına görə, Domodedovoya hücum nəticəsində yeddi nəfər xəsarət alıb.

“Yujnıye vorota” iri anbarlar qrupundan ibarətdir. Kompleksdə “Wildberries”, “Lemana Pro”, “Alibaba Group” və digər şirkətlərin istifadə etdiyi anbar sahələri yerləşir. “Forbes”in məlumatına görə, bu logistika mərkəzi Instone Development şirkətinin ən böyük aktividir.

2022-ci ildə Ukraynada müharibənin başlamasından sonra aktivlərini satmaq qərarına gələn Çexiyanın “PPF Real Estate” şirkəti kompleksi “Ventall-Development” şirkətinə satıb. 2023-cü ilin payızında isə “Ventall-Development” anbar biznesinin idarə edilməsini Instone şirkətinə verib. 2026-cı ilin əvvəlində “Instone” şirkətinin əsas sahibi “Talant i uspex” (“İstedad və uğur”) fondu olub. Putinin yaxın dostu kimi tanınan violonçel ifaçısı Sergey Roldugin fondun təsisçilərindən biridir, Vladimir Putin isə fondun Himayəçilər Şurasının rəhbəridir.

“SPARK” sisteminin məlumatına görə, “Talant i uspex” fondu “Instone” şirkətinin 84 faizinə sahibdir. Şirkətin daha 11 faizi isə “Sinteks”ə məxsusdur. Bu şirkətin də sahibi “Talant i uspex” fondudur.

08:52

Ukrayna dronları Domodedovoya çatdı: Moskvada daha 4 obyektə zərbələr endirilib

20 iyul gecəsi və bu günün səhəri Moskva və Moskva bölgəsi kütləvi pilotsuz təyyarə hücumuna məruz qalıb.

Moskva meri Sergey Sobyanin paytaxt bölgəsinə 400-dək dronunun hücum etdiyini, onlardan 85-nin bilavasitə Moskva çathaçatda məhv edildiyini açıqlayıb.

Sosial şəbəkələrdə yayılan görüntülərdən aydın olur ki, Ukrayna dronları ən azı 4 mühüm obyektə zərbə endirib.

Hədəflərdən biri Moskva yaxınlığındakı Podolskdakı neft anbarı olub, orada güclü yanğın başlayıb. Podolskda iki Wildberries anbarı da dronların hədəfi olub, hər iki anbarda partlayış və yanğın baş verib.

Ukrayna dronları ilk dəfə olaraq Moskvanın əsas hava limanlarından birinin yerləşdiyi Domodedovoya çata bilib. Burada Cənub Qapısı Sənaye Parkında yanğın baş verib.

Rusiya tərəfinin məlumatına əsasən müxtəlif dərəcəli mina partlayışı xəsarətləri alan altı nəfər Domodedovo Xəstəxanasına aparılıb./musavat.com