Ukraynaya qarşı aparılan genişmiqyaslı müharibədə Rusiya ordusunun tərəfində döyüşən ən azı 3589 xarici vətəndaşın həlak olduğu məlum olub.
Bu barədə “BBC”-nin Rus xidməti, “Mediazona” layihəsi və könüllülər komandasının birgə araşdırmasında bildirilir.
Araşdırmaya görə, jurnalistlər rəsmi açıqlamalar, qohumların paylaşımları, məzar fotoları və hərbi memoriallar əsasında 40-dan çox ölkədən olan 1285 əcnəbinin ölümünü adbaad təsdiqləyə biliblər.
Bununla yanaşı, “BBC”-nin Koreya xidməti 2024-cü ilin avqustunda Ukrayna qoşunlarının hücumundan sonra Kursk vilayətindəki döyüşlərdə həlak olan Şimali Koreyadan (KXDR) daha 2304 hərbçinin şəxsiyyətini müəyyənləşdirib. Şimali Koreya hərbçilərinin kimliyi peyk görüntüləri və Pxenyandakı yeni hərbi memorialın rəsmi fotoları vasitəsilə təsdiqlənib.
Tədqiqat müəllifləri vurğulayırlar ki, Rusiya tərəfində vuruşan xarici vətəndaşların real itkiləri qeyd olunan rəqəmlərdən xeyli yüksəkdir. Çünki bu hesabat yalnız açıq mənbələrlə təsdiqlənmiş məlumatlara əsaslanır, Ukrayna rəsmilərinin və Qərb kəşfiyyatının statistikası bura daxil edilməyib.
NATO-nun yüksək rütbəli rəsmisinin verdiyi məlumata görə, hazırda Rusiya qüvvələrinin tərkibində 44 ölkədən təxminən 24 min xarici muzdlu döyüşür. Mənbə qeyd edib ki, onların əksəriyyəti Afrika ölkələrindən gələnlərdir.
“BBC” Rusiya ordusuna xaricilərin cəlb edilməsinin üç əsas mərhələsini qeyd edir:
2022–2023-cü illər: Rusiya həbsxanalarındakı məhbusların (o cümlədən əcnəbilərin) müharibəyə cəlb edilməsi;
2024–2025-ci illər: Asiya, Afrika və Latın Amerikası ölkələrindən olan könüllülərin aktiv şəkildə orduya yığılması;
2025-ci ilin ortalarından etibarən keçmiş SSRİ ölkələrindən gələn əmək miqrantlarına təzyiqlərin gücləndirilməsi və onların cəbhəyə göndərilməsi./azpolitika.info