Ukrayna kəşfiyyatında müdhiş xəyanətin pərdəarxası - “Siçovul” əməliyyatının detalları açıqlandı

Ukrayna xüsusi xidmət orqanlarında müharibə dövrünün ən böyük və müdhiş xəyanət hadisələrindən birinin detalları açıqlanıb. Qeyd edək ki, ötən il dövlətin əsas qoruyucu strukturlarından biri olan Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) yüksək rütbəli zabiti Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) agenti çıxıb. Müharibə şəraitində dövlətə xəyanətdə təqsirli bilinən polkovnik ən ağır cəzaya – ömürlük həbsə məhkum edilib.

Söhbət SBU nəzdindəki Terrorla Mübarizə Mərkəzinin keçmiş qərargah rəisi, polkovnik Dmitri Kozyuradan gedir.

İstintaq və məhkəmə prosesində tam təsdiqini tapan faktlara görə, peşəkar SBU zabiti olan və terrorizmlə mübarizənin koordinasiyasına məsul edilən Dmitri Kozyuranın ölkənin ən mühüm dövlət sirlərinə birbaşa çıxışı olub.

O, hələ 2018-ci ilin mart ayında Avstriyanın paytaxtı Vyanada Rusiya FSB-si tərəfindən məxfi əməkdaşlığa cəlb edilib. Kozyura külli miqdar pul müqabilində dövlət sirri təşkil edən xüsusi məlumatları və müdafiə xarakterli dosyeləri Rusiya kəşfiyyatına ötürəcəyinə dair yazılı iltizam verib.

Uzun müddət "yatmış agent" kimi fəaliyyət göstərən polkovnik, 2024-cü ilin dekabrında rusiyalı kuratorları tərəfindən yenidən aktivləşdirilir və ona təxirəsalınmaz, kritik tapşırıqlar verilir.

Polkovnik Kozyuranın Kiyevdəki xüsusi konspirativ mənzilindən "Signal" messenceri, gizli telefon və fərqli Wi-Fi router vasitəsilə Moskvaya ötürdüyü ilk strateji məlumatlar bunlardan ibarət olub:

Ukrayna Silahlı Qüvvələrinin, Təhlükəsizlik və Müdafiə qüvvələrinin yerləşmə yerləri və hərəkət marşrutları;

Kritik infrastrukturun vəziyyəti, şəhərlərin atəşə tutulmasının nəticələri;

Ukraynanın yüksək hərbi-siyasi rəhbərliyinin şəxsi məlumatları və hərəkət trayektoriyaları.

Xəyanətin faktlaşdırılmış xronologiyası:

24 dekabr 2024-cü il: Kozyura Kiyevə endirilən raket zərbələrinin nəticələrini, o cümlədən "Toronto-Kiyev" biznes mərkəzinə dəyən ziyanı və SBU-nun elitar "Alfa" Xüsusi Əməliyyat Mərkəzi bölməsinin dislokasiya yerini düşmənə ötürür.

31 dekabr 2024-cü il: Ədliyyə Nazirliyinin reyestrlərinin bərpası barədə məlumat sızdırır.

2 yanvar 2025-ci il: Rusiya raketinin zərbəsindən sonra yaralanan hərbçilər və şəxslər barədə kəşfiyyat məlumatları ötürür.

16 yanvar 2025-ci il: Dövlət sirri statuslu daha bir neçə mühüm sənədi FSB-yə göndərir. İstintaq ümumilikdə xainin 14 ağır cinayət epizodunu rəsmən faktlaşdırıb.

Polkovnik Kozyuranın Rusiya ilə bu gizli-məxfi əlaqəsini bilavasitə Ukrayna deyil, Britaniya kəşfiyyatı (MI6) müəyyən edib və izləyib. Britaniya tərəfi bu zənciri Ukrayna daxilindən deyil, birbaşa Rusiya daxilindəki FSB qaynaqlarını və kəşfiyyat şəbəkələrini izləmək imkanları sayəsində ifşa edib. Toplanan təkzibolunmaz sübutlar tam şəkildə Kiyevə ötürülüb.

Britaniyadan gələn xəbərdarlıqdan sonra Ukrayna SBU-su hərəkətə keçir. Şifrələnmiş xüsusi proqram təminatı vasitəsilə xainin mobil telefonlarına və kompüterlərinə daxil olunur. SBU əməkdaşları sutkanın 24 saatı ərzində Kozyuranı həm audio, həm də video nəzarətdə saxlayırlar. Onun düşmənə ötürdüyü hər bir informasiya anbaan qeydə alınır.

SBU bu əməliyyata "Siçovul" (Şur) kod adını verir. Əks-kəşfiyyat oyununda Kozyuradan özü də bilmədən "ikili agent" kimi istifadə olunur. Xainə qəsdən bəzi yanlış, dezinformasiya xarakterli məlumatlar sızdırılır və onun əli ilə Rusiya tərəfinə ötürülür. Bu taktiki gediş sayəsində Rusiya ordusuna ağır zərbələr vurulur və düşmən ciddi itkilərə məruz qalır.

Əməliyyat zamanı Kozyuranın canlı əlaqələndiricisi də aşkar edilir. Bu şəxsin Ukraynada qadağan olunmuş "Regionlar Partiyası"ndan olan keçmiş millət vəkilinin köməkçisi Şatalov olduğu müəyyən edilir.

Vaxtilə Kiyevdəki "Antimeydan" hadisələrində fəal iştirak edən, nümayişçiləri güllələyən şəxslərə Rusiyadan gələn qara pulları daşıyan Şatalov, FSB tərəfindən Ukrayna üzrə kəşfiyyat şəbəkəsinin kuratoru təyin edilibmiş. Hazırda Rusiyada gizlənən Şatalov, polkovnik Kozyuraya çatacaq xəyanət pullarını xüsusi, gizli yollarla Kiyevə ötürürmüş.

Xain tam ifşa olunduqdan və Rusiya kəşfiyyatının şəbəkəsi öyrənildikdən sonra, 12 fevral 2025-ci ildə Dmitri Kozyura Kiyevdə keçirilən xüsusi əməliyyatla qandallanır. Əməliyyata şəxsən SBU-nun o vaxtkı rəhbəri Vasil Malyuk rəhbərlik edib və proses barədə birbaşa Prezident Volodimir Zelenskiyə məruzə olunub.

Həbsindən bir gün sonra, 13 fevral 2025-ci ildə məhkəmə onun barəsində girov imkanı tanınmadan həbs qətiimkan tədbiri seçib. Məhkəmədə günahını etiraf edən polkovnik 2012-ci ildən bəri SBU-da xidmət etdiyini bildirib. Vəkilləri onun istintaqla əməkdaşlıq etdiyini əsas gətirərək ev dustaqlığı istəsələr də, məhkəmə bu absurd tələbi rədd edib.

Müharibə gedən ölkədə vətənə və dövlətə xəyanətdən daha ağır cinayət hesab olunmur. Satqınlığı həm hüquqi, həm də mənəvi baxımdan bağışlamayan Ukrayna ədalət məhkəməsi polkovnik Dmitri Kozyuraya ömürlük həbs cəzası kəsib./azpolitika.info