Cinayətlər artır, narkotik satanlar isə onu “saxlayanlara” nisbətən azalır… / ARAŞDIRMA

Ötən həftə narkomanlığa və narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizənin 2026-cı ilin yanvar-fevral ayları üzrə nəticələri Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən müqayisəli şəkildə təhlil edilmişdir.

Qurumun hesabatında göstərilir kli, hüquq mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində 2026-cı ilin yanvar-fevral ayıları ərzində ümumilikdə 1765 cinayət faktı aşkarlanmışdır. Onlardan 359-u narkotik vasitələrin qanunsuz satışı, 1404-ü narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 1-i narkotik tərkibli bitkilərin qanunsuz əkilib becərilməsi, 1-i bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olmuşdur.

Statistik rəqəmlərin təhlili göstərir ki, 2025-ci ilin yanvar-fevral ayı ilə müqayisədə cari ilin müvafiq dövründə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı hüquq mühafizə orqanları tərəfindən aşkar edilən faktların ümumi sayı 244, satış məqsədi olmadan qanunsuz əldə edilib saxlanılması ilə əlaqədar faktların sayı 335, qanunsuz dövriyyədən çıxarılmış narkotiklərin çəkisi isə 319 kq 648,78 qr artmış, narkotiklərin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı faktların sayı 6, qrup halında olan cinayətlərin sayı 7, məsuliyyətə cəlb olunmuş şəxslərin sayı 16, məsuliyyətə cəlb edilmiş xarici ölkə vətəndaşlarının sayı isə 9 nəfər azalmışdır.

**

Gəlin, rəqəmlərə daha təfərrüatlı nəzər yetirək. 2026-cı ilin yanvar ayı üzrə narkotik vasitələrin qanunsuz dövriyyəsinə dair 793 cinayət faktı aşkarlanıb. 2026-cı ilin yanvar-fevral ayı üzrə narkotik vasitələrin qanunsuz dövriyyəsinə dair rəqəm 1 765 olduğuna görə, iki rəqəm arasında fərq fevral ayı üzrə 972 olur. Yəni 2026-cı ilin fevral ayı üzrə narkotik vasitələrin qanunsuz dövriyyəsinə dair cinayət faktları 972 olub. Qanunsuz narkotik satışı üzrə 2026-cı il yanvar-fevral ayının göstəricisi 359-dir, bu ilin yalnız yanvar ayı üzrə rəqəm 162, fevral ayı üzrə bu rəqəm isə 197-dir.

2026-cı ilin narkotik vasitələrin qanunsuz əldə edilib saxlanmasına dair yanvar-fevral üzrə rəqəm 1404-olub, yalnız yanvar ayı üzrə bu göstərici 630 olub. Deməli, fevral ayında iki rəqəm arasında fərq - 774 cinayət faktı olub.

Göründüyü kimi, narkotik vasitələrin qanunsuz əldə edilib saxlanması üzrə cinayət faktı fevral ayında həm yanvara nisbətən çox olub, həm də 2025-ci ilin yanvar-fevral ayı ilə müqayisədə artıb. Gəlin, durumun aydın olması üçün ötən ilin rəqəmlərinə nəzər salaq:

2025-ci ilin yanvar-fevral ayı üzrə qanunsuz narkotik dövriyyəsi ilə bağlı cinayət faktları 1521 olub. 2025-ci ilin yalnız yanvar ayı üzrə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı rəqəm 685 olub və 1521 ilə arada fərq 836 olur, deməli 2025-ci ilin fevral ayı üzrə narkotik vasitələrin qanunsuz dövriyyəsinə dair göstərici 836-dır.

**

2025-ci ilin yanvar-fevral dövrünə narkotik vasitələrin qanunsuz satışı üzrə cinayət faktı 447 olub. Belə ki, ümumi 447 rəqəmi ilə yalnız yanvar ayında baş vermis qanunsuz narkotik satışı üzrə 179 cinayət faktını çıxsaq, arada alınan fərq fevral ayı üzrə 268 olub. Yəni qanunsuz narkotik satışı üzrə yanvar-fevral ayı üzrə 447 rəqəmindən 179-u yanvarın payına düşürsə, 2025-ci ilin fevral ayının payına 268 cinayət faktı düşür. 

2025-ci ilin yanvar-fevral ayı üzrə narkotik vasitələrin qanunsuz əldə edilib saxlanmasına dair göstərici 1069-dur. Həmin ilin yalnız yanvar ayı üzrə narkotik vasitələrin qanusuz əldə edilib saxlanması göstəricisi 505 cinayət faktıdır. 2025-ci ilin ümumi yanvar-fevral ayı üzrə göstəricisi 1069 ilə yanvar ayı göstəricisi 505 arasında fərq 564 olur, deməli 2025-ci ilin fevral ayı üçün narkotik vasitələrin qanunsuz əldə edilib saxlanması göstəricisi 564-dür.

Beləliklə, 2025-ci ilin fevral ayında narkotik vasitələrin satışı bu ilin yanvar ayı ilə müqayəsədə artıb. Yəni, yanvarda 179 idisə, fevralda bu rəqəm 268 olub.

Narkotik vasitələrin qanunsuz əldə edilib saxlanması göstəricisi isə yanvarda 505 olubsa, fevralda 564 olub.

**

Sanki narkotik satışı ittihamı ilə həbsə düşməmək üçün alverçilər narkotik vasitələrin qanunsuz əldə edilib saxlanması ittihamı ilə özlərini sığortalamağa çalışırlar. Həm 179 ilə 505-in, həm də 268 ilə 564-ün arasında fərq az deyil. Eyni sözləri 2026-cı ilin yanvar-fevral dönəmi haqda da demək olar.  

2026-cı ilin yanvar ayı üzrə qanunsuz narkotik satışı üzrə göstərici 162 olubsa, fevral ayında 197 fakt olub. Narkotik vasitələrin qanunsuz əldə edilib saxlanması isə yanvar ayında rəqəm 630 olubsa, fevral ayında 774 olub. 2026-ci ilin yanvarında narkotik vasitələrin qanunsuz əldə edilib saxlanması üzrə 630 rəqəmi 2025-ci ilin göstəricisi 505-dən çoxdur. Eləcə də 2026-cı ilin fevral ayı üzrə bu əməl üzrə 774 rəqəmi 2025-ci ilin göstəricisi 564-dən çoxdur. Həm də yuxarıda deyildiyi kimi, narkotik vasitələrin qanunsuz satışı ilə onların qanunsuz əldə edilib saxlanması üzrə rəqəmlərin arasındakı çox fərq elə təəssürat yaradır ki, sanki narkotik alverçiləri satış ittihamı ilə daha ağır cəza almaqdan yayınmaqdan ötrü ələ keçdikləri zaman narkotik vasitələrin qanunsuz əldə edilib saxlanması ilə tutulmağa çalışırlar. Bu, bir ehtimaldır, amma bilirik ki, təsadüflər olmur.

Hazırladı: Ülviyyə ŞÜKÜROVA

Stopnarkotik.az