“Sosial şəbəkə qadağaları istədiyimiz effekti verməyəcək” – TANINMIŞ VƏKİL

Absələddin Əliyev: “Bizim köməyimizə psixologiya və sosiologiya gələ bilər”

“Reabilitasiya imkanları artsa, daha yaxşı olar; narkotik məsələsi daha çox yeniyetmə dövründə təzahür edən problemlərdən biridir”

 “Cəmiyyətdə uşaq və yeniyetmələrin tərbiyə məsələsi ön planda olmalıdır”  

Son günlər ölkəmizdə uşaq cinayətkarlığının artması istər mətbuatda, istər də sosial şəbəkələrdə geniş müzakirə olunur. Hansı ki, bir neçə gün öncə Baş prokuror Kamran Əliyev də statsitik rəqəmlərə istinad edərək, bu haqda açıqlama vermişdi. O cümlədən, Vəkillər Kollegiyasının rəhbəri Anar Bağırov da bu məsələyə öz münasibətini bildirmişdi. Elə, son günlərdə 16 yaşına qədər uşaqların sosial şəbəkədən istifadəsinə tətbiq edilən qadağa da onu deməyə əsas verir ki, uşaqlarla vəziyyət kufayət qədər ciddi və gərgindir. Bəs, cəmiyyət olaraq diqqətimizi bu məsələnin hansı nüanslarına yönəltməliyik, vəziyyəti nəzarət altına necə almalıyıq, həm qanun, həm yazılmamış qanun-mənəvi baxımdan kəskin, iti uçları hansı bucaqdan cilovlamalıyıq? Bu və digər məsələlər barədə tanınmış vəkil, emlakvekili.az saytının rəhbəri Absələddin Əliyevin fikirlərini öyrəndik.  

- Bir sıra ekspertlər və hüquqşünaslar narkotik satışı ilə bağlı cəzaların artırılmasını lazım bilir. Belə baxış də var ki, şəxs satış məqsədi olmadan ilk dəfə narkotiklə tutulubsa ona qarşı alternativ cəzalar və reabilitasiya prosesini tətbiq etmək olar. Necə düşünürsünüz, narkotiklə bağlı cinayətlərin kökünün kəsilməsi üçün hansı yol effektidir?

Mən hesab edirəm ki, məsələyə yalnız cəzaların sərtləşdirilməsi prizmasından yanaşmaq düzgün olmaz. Son illərdə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyəti artıq sərtləşdirilib və qanunvericilikdə kifayət qədər ciddi sanksiyalar nəzərdə tutulub. Bununla belə, statistik və praktiki müşahidələr göstərir ki, təkcə cəzanın ağırlaşdırılması problemin tam həllinə gətirib çıxarmır.

Burada narkotik vasitələrin satışı ilə şəxsi istifadə məqsədilə saxlanılması halları arasında fərq qoymaq vacibdir. Xüsusilə satış məqsədi olmadan ilk dəfə belə əmələ yol vermiş şəxslərlə bağlı reabilitasiya, sosial adaptasiya və nəzarət mexanizmlərinin tətbiqi müəyyən hallarda daha effektiv nəticə verə bilər. Çünki cəzanın məqsədi yalnız cəzalandırmaq deyil, həm də şəxsin islah olunmasına və yenidən cəmiyyətə inteqrasiyasına nail olmaqdır.

Digər tərəfdən, narkotiklərin qanunsuz satışı və yayılması ilə məşğul olan şəxslərə münasibətdə dövlətin sərt mövqeyi qorunmalıdır. Çünki bu fəaliyyət artıq təkcə bir şəxsin davranışı deyil, bütövlükdə cəmiyyətin sağlamlığına və təhlükəsizliyinə yönəlmiş təhlükə yaradır.

Məncə, narkotiklə bağlı cinayətlərin qarşısının alınmasında ən effektiv yanaşma yalnız repressiv tədbirlər deyil, onların profilaktika, maarifləndirmə və reabilitasiya proqramları ilə birlikdə tətbiq edilməsidir. Xüsusilə məktəblərdə və gənclər arasında aparılan maarifləndirmə işləri, ailə institutunun gücləndirilməsi və risk qrupuna daxil olan şəxslərlə erkən mərhələdə iş aparılması uzunmüddətli perspektivdə daha dayanıqlı nəticələr verə bilər.

Təcrübə göstərir ki, cinayət qanunvericiliyinin davamlı şəkildə sərtləşdirilməsi hər zaman cinayətkarlığın azalması ilə nəticələnmir. Ona görə də əsas diqqət problemin nəticələrinə deyil, onu yaradan səbəblərin aradan qaldırılmasına yönəldilməlidir.

- Türkiyədə cinayətə görə cəzalanma yaşı 10-a salınır. Eyni zamanda, yeni qanunvericiliyə əsasən, yeniyetmələrin törətdiyi pis əmələ görə valideynlər cəzalanacaq. Bizdə də anoloji addımlar atmaq effektiv olarmı?

-Bu məsələ kifayət qədər həssasdır və mən hesab edirəm ki, emosional yanaşmadan daha çox elmi araşdırmalara və praktik nəticələrə əsaslanmaq lazımdır. Şübhəsiz ki, uşağın və yeniyetmənin formalaşmasında valideynin rolu çox böyükdür. Bəzən cəmiyyətdə baş verən neqativ hallarla bağlı bütün məsuliyyət məktəbin və ya müəllimin üzərinə qoyulur. Halbuki uşağın tərbiyəsində ailə, məktəb və sosial mühit birlikdə iştirak edir. Bu baxımdan valideynlərin məsuliyyəti barədə müzakirələrin aparılması başadüşüləndir. Xüsusilə narkotik vasitələrdən istifadə, aqressiv davranışlar və digər riskli hərəkətlər çox vaxt məhz yeniyetməlik dövründə ortaya çıxır. Ona görə də problemin həlli yalnız cəza tədbirlərində deyil, ilk növbədə profilaktikada, maarifləndirmədə və məktəb yaşlarından başlayan tərbiyə işində axtarılmalıdır. Valideyn məsuliyyətinə gəlincə, Azərbaycan qanunvericiliyində valideynlərin müəyyən hallarda uşaqların vurduğu zərərə görə mülki məsuliyyəti artıq mövcuddur. Məsələn, azyaşlının başqasının əmlakına vurduğu ziyanın əvəzinin ödənilməsi ilə bağlı qanunvericilik valideynlər üçün müəyyən öhdəliklər nəzərdə tutur. Lakin cinayət hüququnda əsas prinsip ondan ibarətdir ki, hər kəs öz əməlinə görə cavabdehdir və cinayət məsuliyyəti fərdi xarakter daşıyır. Buna görə də yeniyetmənin törətdiyi cinayətə görə valideynin hansı həddə və hansı formada məsuliyyət daşımalı olması kifayət qədər ciddi hüquqi müzakirə tələb edən məsələdir. Burada həm uşağın maraqları, həm ailə institutunun rolu, həm də cinayət hüququnun fundamental prinsipləri nəzərə alınmalıdır. Türkiyədə həqiqətən də həm cinayət məsuliyyəti yaşının 10-a endirilməsi, həm də bəzi hallarda valideyn məsuliyyətinin artırılması ilə bağlı qanunvericilik təşəbbüsləri müzakirə olunur. Lakin bu məsələlər hələ də ciddi hüquqi və elmi debat predmetidir. Məncə, əsas sual cəzanın sərtləşdirilməsi deyil, bu tədbirlərin cinayətkarlığın azalmasına real təsir edib-etməyəcəyidir. Dünya təcrübəsi göstərir ki, uzunmüddətli nəticə adətən yalnız cəza ilə deyil, ailə nəzarəti, məktəb, sosial dəstək və erkən profilaktika tədbirlərinin birlikdə tətbiqi ilə əldə olunur. Şəxsi mövqeyim ondan ibarətdir ki, valideynlərin övladlarının davranışına görə hüquqi məsuliyyətinin müəyyən formada artırılması müzakirə mövzusu ola bilər. Lakin belə dəyişikliklər yalnız ictimai tələbat əsasında deyil, onların real nəticələri araşdırıldıqdan sonra həyata keçirilməlidir. Çünki hüquq siyasətində əsas məqsəd sadəcə yeni cəzalar müəyyən etmək deyil, həmin tədbirlərin cinayətkarlığın azalmasına həqiqətən təsir edib-etməyəcəyini müəyyən etməkdir. Yəni burada əsas sual "cəzanı artırmaq lazımdırmı?" deyil, "bu dəyişiklik problemi həll edəcəkmi?" sualıdır.

- Yeri gəlmişkən, Türkiyədə cəzaçəkmə müəssisələri daha çox reabilitasiya yönümlü olacaq, parlamentdə isə amnistiyaya dair yeni qanun layihəsi müzakirə olunur. Bu layihəyə görə, amnistiya yox, şərtli azadlığa buraxılma gündəmdədir. Amma məhbus yeni cinayət törətsə, əvvəlki cinayətinə görə çəkmədiyi cəzanı da çəkəcək. Sizcə, bunlar məhbusların islahında nə qədər effektiv ola bilər?

- Əslində burada əsas məqsəd cəzanı ləğv etmək deyil, şəxsin islah olunmasına stimul yaratmaqdır. Cinayət hüququnda cəzanın yalnız cəzalandırıcı deyil, həm də islahedici funksiyası var. Bu baxımdan, məhbusun davranışından, intizamından və reabilitasiya proqramlarında iştirakından asılı olaraq ona müəyyən güzəştlərin verilməsi müsbət nəticə verə bilər. Digər tərəfdən, cəmiyyətin təhlükəsizliyi də nəzərə alınmalıdır. Əgər şəxs ona göstərilən etimadı doğrultmayaraq yenidən cinayət törədirsə, əvvəlki cəzanın çəkilməmiş hissəsinin də icra olunması məntiqli görünür. Bu, bir növ həm stimul, həm də məsuliyyət mexanizmidir. 

Ümumiyyətlə, dünya təcrübəsində də getdikcə cəzaçəkmə müəssisələrinin yalnız təcridetmə funksiyasına deyil, reabilitasiya funksiyasına daha çox önəm verilir. Çünki məqsəd insanı sadəcə müəyyən müddətə cəmiyyətdən ayırmaq deyil, onun yenidən cinayət törətmədən normal həyata qayıtmasına nail olmaqdır. Mən hesab edirəm ki, məhbus əvvəlcədən bilməlidir ki, onun davranışı gələcək hüquqi vəziyyətinə birbaşa təsir göstərəcək. Yəni yaxşı davranış, təhsil proqramlarında iştirak, peşə vərdişlərinin qazanılması və digər müsbət addımlar ona daha erkən reinteqrasiya imkanı yarada bilər. Bu, həm motivasiya yaradır, həm də cəzanın islahedici məqsədinə xidmət edir. Bununla yanaşı, belə mexanizmlərin effektivliyi yalnız qanunun mətnindən asılı deyil. Əsas məsələ cəzaçəkmə müəssisələrində real reabilitasiya proqramlarının, psixoloji dəstəyin, təhsil və peşə hazırlığının nə dərəcədə işlək olmasıdır. Əgər bu imkanlar mövcud deyilsə, təkcə şərti azadlığa buraxılma qaydalarının dəyişdirilməsi gözlənilən nəticəni verməyə bilər. Ona görə də məsələni yalnız hüquqi deyil, həm də sosial və institusional baxımdan qiymətləndirmək lazımdır.

- Bir neçə gün öncə Baş prokuror Kamran Əliyev bildirdi ki, 2025-ci ildə 18 yaşına çatmayan 478 şəxs cinayət məsuliyyətinə cəlb edilib. Eyni zamanda, 784 nəfər 18 yaşına çatmayan şəxs zərərçəkmiş qismində qeydə alınıb. Necə düşünürsünüz, uşaq cinayətkarlığının altında yatan faktorlar nədir və onları necə aradan qaldırmaq olar?

- Görürsünüz, burada biri azyaşlını cəlb edib... Əslində, Cinayət Məcəlləsi onu da nəzərdə tutur ki, azyaşlılar cinayət qanunvericiliyi ilə qorunurlar. Çünki yeniyetmə şəxsi cinayətə cəlb edən şəxsin cəzası artırılır. Amma bunlar da cəmiyyətdə dediyiniz effekti verə bilmir. Ona görə də, yenə mən deyirəm, tərbiyə məsələsinə qayıdılmalıdır. Cəmiyyətdə uşaq və yeniyetmələrin tərbiyə məsələsi ön planda olmalıdır.  

- Bir neçə gün əvvəl təhsil naziri Emin Əmrullayev bildirdi ki, uşaqların 50%-i sosial mediadan informasiya əldə edir və bu, risklidir. Sizcə, vəziyyəti nəzarət altına necə almalıyıq? Bunun alətləri nələr olmalıdır?

- Bu istiqamətdə məsələni yaxşı bilən mütəxəssislər cəlb olunmalıdır. Gördünüz, 16 yaşında uşaqların sosial şəbəkələrə çıxış imkanları ilə bağlı qanun qəbul olundu. Mən bununla bağlı yeni araşdırmaları xoşlayıram. Özüm də süni intellekt, internetlə bağlı araştırmalarla maraqlanıram. Bu məsələ birinci Avstraliyada həyata keçirildi. Amma son məlumatlara görə, Avstraliyada bir real təsiri olmayıb. Çünki cəmiyyət kütləvi şəkildə VPN-dən istifadə etməyə başlayıb. Uşaqlar VPN-lər vasitəsil sosial şəbəkələrə giriblər. Burdan belə çıxır ki, VPN-i də qadağan etmək lazımdır. Qadağalar, qadağalar, qadağalar… istədiyimiz effekti verməyəcək. Məndən soruşsanız, dünya praktikasında effekt verməyibsə, Azərbaycanda da bunun hansısa effekt verəcəyi mənim üçün sualdır. Düzdür, ilk olaraq bu yaxşıdır. Amma sonra dövlət məcbur olacaq ki, VPN məsələsinə də əl qoysun.

- Amma qadağalarla hara qədər gedə biləcəyik?

- Bayaqdan verdiyim cavabların kökündə də o durub ki, bu, səmərəli metod deyil. Məncə, biz daha səmərəli yanaşmalardan istifadə etməliyik. Bunun üçün də bizim köməyimizə gələcək psixologiyadır, sosiologiyadır. Ümumiyyətlə, sosiologiya elə bir elmdir ki, araşdırma aparılması ilə məşğul olur, amma o da sırf cəmiyyətdən cəmiyyətə fərqlənə bilər. Dərin sosioloji araşdırmalar aparılmalıdır, ondan sonra onun tətbiqi mexanizmləri işlənilməlidir. Buna sosial mühəndislik deyirlər. Bu sosial mühəndislik mərhələli şəkildə aparılmalıdır. Amma hal-hazırda Azərbaycanda dərin sosioloji araşdırmalar aparan təsisatlar, QHT-lər görmürəm ki, bu istiqamətdə normal tədqiqatlar aparsın. 

-Bəlkə də belə QHT-lər var, amma işi sönükdür, ortada heç nə yoxdur...

- Biz hər şeyi dövlətin üzərinə qoya bilmərik. QHT-lər bu istiqamətdə araşdırma aparıb, öz fikirlərini ortaya qoymalıdırlar, statistika gətirilməlidir, bu istiqamətdə axtarışlar aparılmalıdır. 

- Bir neçə gün öncə Vəkillər Kollegiyasının sədri Anar Bağırov bildirdi ki, uşaqların hüquq qarşısında özlərini ifadə etmə imkanları məhduddur, vəkilin birinci vəzifəsi-bu maneələri aradan qaldırmaq, uşağa güvən vermək, onun danışa bilməyəcəyini düşündüyü anlarda onun səsi olmaqdır. Necə düşünürsünüz, bu işi irəli aparmaq üçün atılmalı addımlar nələrdir? Həm hüquq, həm ailə-məişət, ictiamiyyət müstəvisində…

- Mən hesab ediəm ki, o istiqamətdə qanuni çərçivə Azərbaycanda kifayət qədər var. Həm də təsisatlar baxımından var. Götürün Ombudsman Aparatını. Mən bildiyim qədəri Ombudsman Aparatında uşaq hüquqları ilə bağlı da fəaliyyət var. Üstəgəl, bununla bağlı qaynar xətt var. Bu istiqamətdə işləyən Ailə, Qadın və Uşaq Problemləri üzrə Komitə var. Yəni bu məsələlərlə bağlı orqanların işləməsi üçün vaxtında müraciətlər olunmalıdır. Son dövrdə kifayət qədər maarifləndirmə də var. Uşaqlar da öz hüquqlarını bilirlər. Bizim də uşaqlar var, bunu görürük. Yəni uşaqlar bu istiqamətdə kifayət qədər məlumatlıdırlar. Sadəcə, onlar bu hüquqlardan istifadə edirlərmi, zəng vururlarm, müraciətlər edirlərmi?.. Statsitika yoxdur, bunu bilmirəm. Amma hesab edirəm ki, qanunvericilik cəhətdən elə bir problemimiz yoxdur. Hər bir halda, hətta hüquqi işləyən ən yaxşı cəmiyyətdə də tək-tək problemlər həmişə olub. Mən hesab etmirəm ki, hansısa bir məsələ sosial problem kimi qaldırılmalıdır. Düzdür, tək halda da o uşaqların hüquqları qorunmalıdır, amma tək halı bu günki cəmiyyət üçün problem hesab etmirəm.

- Ola bilsin, rayonlarda uşaqların maarifləndirilməsi zəif aparılır.

- Bu dəqiqə sosial şəbəkələrdən də görürük, uşaqlar müəllimin gözünü çıxarır. Valideyni də görürük. Uşaqlarla çətindir. Çünki informasiya çoxdur. Məktəbdə yoxdur, sosial şəbəkədə var. Ola bilər, konkret bu hadisədə uşağın çıxışı olmayıb. Əlbəttə, belə hal olmamalıdır. Amma konkret bir hadisə həyəcan təbili vurulası bir haldırmı, bu, mənim üçün sualdır.

- Hər halda yəqin ki, “qızıl orta” nı gözləməliyik, uşaq cızığından da çıxmasın, zorakılığa da məruz qalmasın...

- Əlbəttə, belə olmalıdır. Yenə də bununla bağlı qanunlarımız da var, orqanlarımız da işləyir. O tək uşağımızı da qorumağa qanunvericiliyimiz imkan verir. Amma yenə də ortada belə hadisə baş verir. Heç bir cəmiyyət heç bir hadisədən sığortalanmayıb.

Söhbətləşdi: Ülviyyə ŞÜKÜROVA

Stopnarkotik.az