Narkotik satıcıları arasında keçmiş məhkumların sayı artır - HƏBSXANALAR NİYƏ İSLAH ETMİR?

İyunun 9-da Bakıda keçirilən narkotik əməliyyatı zamanı biri qadın, digəri kişi olmaqla daha iki nəfər saxlanıldı. Stopnarkotik.az saytının xəbər verdiyi kimi, narkotik alverçilərindən biri 50 yaşlı Mətanət Qafarova əvvəllər məhkum olunub. O, özündən iki dəfə kiçik olan Nurlan Gorodalovla işbirliyinə girərərək, birgə narkotik satışı ilə məşğul olublar.

Daxili İşlər Nazirliyinin (DİN) məlumatında bildirilir ki, saxlanılanlar ölkəyə qaçaqmalçılıq yolu ilə və paraplan uçuş aparatı vasitəsilə keçirilən 72 kiloqram civarında marixuana və 5687 metadon həbinin paytaxtda satışını təşkil etməyi planlaşdırıblar.

İyunun 8-də isə Bakının Nərimanov rayonunda keçirilən əməliyyatla daha bir qrup - 27 yaşlı Paşa Bayramov və onunla əlbir işləyən 46 yaşlı qadın saxlanılıb. Araşdırma nəticəsində məlum olub ki, saxlanılanlar narkotikləri paytaxt ərazisində ayrı-ayrı ünvanlara yerləşdirərək, satışını təşkil etməyi planlaşdırıblar.

**

Bundan əvvəl isə, mayın 27-də DİN-in açıqladığı növbəti məlumatda bildirilmişdi ki, polis əməkdaşları tərəfindən Biləsuvar rayonunda paraplan uçuş aparatı vasitəsilə ölkəyə qaçaqmalçılıq yolu ilə keçirilən ümumilikdə 47 kiloqram marixuana və tiryək, eləcə də 10104 ədəd psixotrop tərkibli həb aşkarlanıb. Əvvəlcədən ötürülən lokasiya vasitəsi ilə narkotik vasitələri əldə edən “əvvəllər məhkum olunan” 62 yaşlı Calal Qəhrəmanov və 35 yaşlı Rəşid Məmmədəliyev paytaxt ərazisində satışını həyata keçirməyi planlaşdırıblar.

Paraplanla ölkəyə 47 kq narkotik gətirənlər saxlanılıblarBurada haşiyə çıxaraq qeyd edək ki, iyunun 9-da saxlanılan 50 yaşlı Mətanət Qafarova da əvvəllər məhkum olunub. Odur ki, gəlin, bu hadisələrin nəzərə çarpacaq qədər vacib, maraqlı nüanslarına aydınlıq gətirək.

Əvvəldə qeyd etdiyimiz kimi, sonuncu hadisədə yaxalanan cütlüklər əlbir işləyiblər. Böyük ehtimalla hər iki cütlük kriminal jarqonda “zakladçik” deyilən şəxslərdir. Belələri narkotik şəbəkəsi zəncirinin ucundakı sonuncu həlqələrdir. Onlar sadəcə ötürülən narkotiki sifarişə görə qablaşdırıb, bağlamalara yerləşdirirlər və alıcının konum atdıqları müəyyən yerlərə qoyurlar. Bu iki şəxsin cütlük olaraq işləməsi yəqin ki, şübhə oyatmamaq üçündür. Amma hər iki cütün arasında böyük yaş fərqi də, ola bilsin, narkotik asılılığından doğan narkotik alveri üçün bir yerdə olduqlarına işarə edir.

Əlbəttə, paraplanla, yaxud digər uçan aparatlar vasitəsilə İrandan Azərbaycana narkotik keçirilməsi faktları əvvəllər də qeydə alınıb. Amma son hadisələr göstərir ki, belə faktların sayı artmaqdadır.

Burada cavabsız qalan bir sual var: aidiyyəti qurumlar son günlər sayları artmaqda olan bu kimi faktların qarşısını niyə ala bilmir? 

Ülviyyə ŞÜKÜROVA

Stopnarkotik.az