Tramp administrasiyası əcnəbi tələbələr, mədəni mübadilə proqramının iştirakçıları və xarici jurnalistlər üçün vizaların etibarlılığını məhdudlaşdıran yeni qaydaları təsdiqləyib.
Müvafiq qərar ABŞ-nin Daxili Təhlükəsizlik Nazirliyinin (DHS) saytında dərc edilib.
Yeni qaydalara əsasən, F vizaları (əcnəbi tələbələr üçün), J vizaları (mədəni mübadilə proqramının iştirakçıları üçün) və I vizaları (media nümayəndələri üçün) hazırda olduğu kimi bütün təhsil, iş və ya proqramda iştirak müddəti üçün deyil, müəyyən müddətə veriləcək. Sənəd Federal Reyestrdə dərc edildikdən 60 gün sonra, Konqresin təsdiqini gözləyərək qüvvəyə minəcək.
Əcnəbi tələbələr və mübadilə proqramının iştirakçıları üçün vizada maksimum qalma müddəti dörd il olacaq. Jurnalist vizaları maksimum 240 gün, Çin vətəndaşları üçün isə 90 gündən çox olmamaq şərti ilə veriləcək. Eyni zamanda bu vizaların sahibləri müddətin uzadılması üçün müraciət edə biləcəklər.
Bundan əlavə, yeni qaydalar aspirantlara xüsusi icazə olmadan təhsil proqramlarını dəyişdirməyi və ya başqa universitetə köçürməni qadağan edir. Məzunların təhsillərini və ya təcrübələrini başa vurduqdan sonra ABŞ-də qala biləcəkləri müddət də iki dəfə azaldılaraq 60 gündən 30 günə endirilib./report