İRAN SƏHVİNİ ETİRAF EDİB - ABŞ isə Tehran qarşısında şərt qoyub

Donald Tramp administrasiyasının nümayəndələri ilə şəxsi görüşlərdə İran hakimiyyətinin nümayəndələri Hörmüz boğazında ticarət gəmilərinə edilən hücumların səhv olduğunu qəbul edib və danışıqları davam etdirməyə hazır olduqlarını bildiriblər. 

Bu barədə “CBS News” ABŞ-nin yüksək vəzifəli rəsmilərinə istinadla məlumat yayıb.

Onlar bildiriblər ki, Tehran hücumların danışıqlar prosesini pozmağa çalışan "nəzarətdən çıxmış sərt xətt tərəfdarları olan qrupun” işi olduğunu iddia edib.

Bir mənbə iddia edib ki, İran tərəfi ABŞ nümayəndələrinə açıq şəkildə bildirib: "Səhv etdik. Danışıqlara davam edək".

Lakin Ağ Ev İranın öz səhvini açıq şəkildə etiraf etməsini gözləyir, çünki Tramp administrasiyası mülki gəmilərə edilən hücumları atəşkəsin pozulması kimi qiymətləndirir.

Mənbələrə görə, Tramp öz nümayəndələrinə İran tərəfilə danışıqları davam etdirməyi tapşırıb. ABŞ nümayəndə heyətinə vitse-prezident C.D.Vens, xüsusi elçi Stiv Uitkoff, dövlət katibi Marko Rubio və Trampın kürəkəni Cared Kuşner daxildir.

ABŞ-İran danışıqlarının növbəti mərhələsi şənbə günü Omanda keçiriləcək.

Bu arada ABŞ rəsmilərinin sözlərinə görə, Tehran düşmənçilik hərəkətlərini davam etdirərsə, Vaşinqton hərbi və iqtisadi təzyiqlərdən istifadə etməyə hazırdır.

ABŞ administrasiyası həmçinin ümid edir ki, Omandakı görüşdən sonra İran münaqişədən əvvəl olduğu kimi Hörmüz boğazından sərbəst gəmiçiliyi təmin etmək niyyətini təsdiqləyəcək.

Tramp administrasiyası İrandan Hörmüz boğazının gəmiçilik üçün açılmasını açıq şəkildə təsdiqləməsini və ticarət gəmilərinə hücumları dayandırmasını tələb edib. Amerika rəsmilərinin sözlərinə görə, tələb Tehrana həm birbaşa, həm də regional vasitəçilər vasitəsilə çatdırılıb. “Axios” jurnalisti Barak Ravidin məlumatına görə də ABŞ İrandan şənbə günü gəmilərə hücumları dayandıracağını və Hörmüz boğazının açıq qalacağını açıq şəkildə elan etməsini tələb edib.

Vaşinqton İranın əks halda "ciddi nəticələrlə" üzləşəcəyi barədə xəbərdarlıq edib.

ABŞ bu hadisələrin razılaşmanı təhlükə altına qoyduğunu iddia edir. Prezident Tramp daha əvvəl atəşkəsin "faktiki olaraq bitdiyini" elan etmişdi.

Lakin İrandan fərqli məlumatlar daxil olmaqdadır. Məsələn, İran Xarici İşlər Nazirliyinin adı açıqlanmayan sözçüsü bildirib ki, Tehran Trampa danışıqları bərpa etmək xahişi ilə müraciət etməyib, lakin vasitəçilər vasitəsilə əlaqələrə razılıq verib. Bu barədə IRIB telekanalı məlumat yayıb. 

"Biz ABŞ ilə yeni danışıqlar raundu tələb etmədik, lakin İranda vasitəçiləri qəbul etməyə razılıq verdik", - deyə diplomat bildirib.

Bundan əlavə, o, qeyd edib ki, İran ötən ilki Amerika və İsrail hücumları zamanı zədələnmiş nüvə obyektlərinə MAQATE-yə giriş icazəsi verməyəcək. İran bu mövqenin BMT Təhlükəsizlik Şurasının qətnamələrini pozmadığını iddia edir.

Yüksək vəzifəli ABŞ rəsmisi isə CNN-ə bildirib ki, ABŞ Hörmüz boğazı mübahisəsi həll olunana qədər İranla nüvə müzakirələrinə başlaya bilməz: "Onlar hələ gəmilərə atəş açmamaq kimi ən sadə öhdəliklərini yerinə yetirə bilmədikləri üçün təbii ki, hələlik nüvə danışıqlarından söhbət getmir". 

O hesab edir ki, İran rəhbərliyi daxilində ABŞ ilə gələcək əlaqələrlə bağlı hələ də ziddiyyətli fikirlər mövcuddur./azpolitika.info