AZƏRBAYCANA TONLARLA “NARKOTİK AXINI” – Hansı qurum məsuliyyət daşıyır?

Azərbaycanda narkotiklərin qanunsuz dövriyyəsi və narkomaniyanın sürətlə yayılması dövlətimizi təhdid edən əsas problemlərdən biridir. Təsadüfi deyil ki, artıq bir neçə ildir Prezident İlham Əliyevin tapşırığı ilə aidiyyəti dövlət qurumları bu sahədə ciddi mübarizə aparırlar. Bu mübarizədə, təbii olaraq, ən böyük yük Daxili İşlər Nazirliyi (DİN), Dövlət Sərhəd Xidməti (DSX) və Dövlət Gömrük Komitəsinin (DGK) üzərinə düşür. Belə ki, DİN daha çox daxildəki narkotik satışının qarşısını almağa məsul olsa da, DSX və DGK ölkəyə gətirilən hər qram narkotik maddəyə görə cavabdehlik daşıyırlar.

Ümumi vəziyyəti təhlil etdikdə belə anlaşılır ki, hər 3 qurum tamamilə fəaliyyətsiz dayanmayıb. Məsələn, DİN ay ərzində ən azı 700-800 nəfər narkotik alverçisini qandallayır, DSX 2-3 fakt üzrə ölkəmizə İrandan daxil olan narkotik vasitələrin qarşısını alır, DGK isə 1-2 dəfə gömrükdən ölkəmizə narkotik keçirilməsini önləyir və s. Lakin bu rəqəmləri qarşılaşdırdıqda ortaya belə bir mənzərə çıxır ki, ölkəyə istər DSX-nın, istər də DGK-nın ay ərzindən sərhəddə aşkarladığından dəfələlərlə artıq narkotik daxil olur. Biz bunu təkcə DİN-in açıqladığı rəsmi statistik göstəricilərə əsasən deyirik. Amma kimsəyə sirr deyil ki, bu və ya digər səbəblərdən rəsmiyyətə salınmayan əməliyyatlar da olur. Hansı ki, bunların hər birində külli miqdarda narkotik ələ keçirilir. Lakin biz bu məsələnin üzərindən keçərək, sadəcə rəsmi rəqəmlər əsasında fikrimizi davam etdirək.

**

O da bəllidir ki, müvafiq qurumlar tərəfindən aşkar olunan narkotik vasitələrdən dəfələrlə artığı da “istehlakçılar” tərəfindən istifadə olunur. Məsələn, rəsmi statistikaya əsasən, hazırda ölkəmizdə 47 min nəfərə yaxın aktiv narkotik istifadəçisi var. Əksər narkoekspertlər isə bu rəqəmin reallıqda 7-10 dəfə artıq olduğunu iddia edir. Deməli, burada heç də aylıq 30-50 kq deyil, 3-5 ton narkotik maddə istifadə olunmasından söhbət gedir. Bütün bunlar isə onu deməyə əsas verir ki, ay ərzində istər ölkə daxilində DİN tərəfindən aşkarlanan, istər də DSX və DGK-nın sərhəddə ələ keçirdikləri narkotik vasitələr Azərbaycana gətirilən və burada istehlak olunan narkotikin cüzi hissəsidir. Nəzərə alsaq ki, ölkə daxilində narkotik vasitələrin istehsalı yox səviyyəsindədir, üstəlik, aşkar olunan maddələrin 95 faizi İran mənşəlidir, deməli, burada bir daha DSX və DGK-nın məsuliyyət payı ön plana çıxır.

**

Son vaxtlar aparılan müşahidələrə əsasən onu da deyə bilərik ki, İrandan ölkəmizə ucuz narkotik axını əsasən sərhəd xətti boyunca, xüsusən də Cəlilabad, Füzuli-Beyləqan, Yardımlı istiqamətindən həyata keçirilir. Bir halda ki, SSRİ dönəmində cənub sərhədimiz çox ciddi şəkildə qorunurdu, necə deyərlər, biz tərəfə heç quş da uça bilmirdi, indi bu sərhəd zonasından ay ərzində tonlarla narkotik daşınmasına bir anlam vermək olmur. Kimsəyə sirr deyil ki, hazırda müasir texniki avadanlıqlar hesabına sərhədd xəttimizi qaçaqmalçıların üzünə qapamaq illər öncəyə nisbətən daha asandır. O zaman nə üçün hələ də sərhədimizə tam nəzarət edə bilmrik? Bəzən adamda elə təəssürat yaranır ki, sanki narkotik sərhəddən sərbəst şəkildə keçir, bu və ya digər səbəblərdən kimsə müdaxilə etmir.

**

Bu, həqiqətən də belədir, yoxsa aidiyyəti qurumların – DSX və DGK-nın əlində bizim iradlarımıza cavab verəcək tutarlı dəliləri mövcuddur? Hər halda qarşı tərəfin mövqeyini bilmək maraqlı olardı.

Stopnarkotik.az

P.S. Mövzunu davam etdirəcəyik.