Bakı Ağır Cinayətlər Məhkəməsində qardaşını qətlə yetirməkdə təqsirləndirilən Amin Nurinin cinayət işinin bəzi detalları məlum olub.
Hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan olunub.
İttihama əsasən, Nuri Amin Elçin oğlu ailə-məişət münasibətləri zəminində yaranmış münaqişə zamanı xüsusi amansızlıqla qəsdən adam öldürmə əməli törədib.
Belə ki, təqsirləndirilən şəxs ilə atasının nikahdan kənar oğlu (qardaşı) Aslan Nuriyev arasında eyni həyət ərazisindən istifadə, eləcə də sonuncunun narkotik vasitələrdən istifadə etməsi və tüfeyli həyat tərzi keçirməsi səbəbindən uzun müddətdir gərgin münasibətlər mövcud olub.
Məlumata görə, Aslan Nuriyev həyətə kənar şəxslərin gəlməsinə və burada narkotik vasitələrlə bağlı halların baş verməsinə görə ailə üzvləri ilə mütəmadi mübahisələr yaradırmış. Bu səbəbdən Nuri Amin qardaşına bir neçə dəfə həyəti ayırmağı və ayrıca giriş qapısı açmağı təklif edib, hətta maddi dəstək göstərməyə hazır olduğunu bildirib.
Lakin tərəflər arasında münasibətlər sabitləşməyib və qarşılıqlı hədə-qorxu halları davam edib.
Məlumata görə, 2025-ci il iyulun 2-də günorta saatlarında tərəflər arasında növbəti mübahisə baş verib. Bu zaman Aslan Nuriyevin Nuri Amin və ailə üzvlərinə qarşı hədə-qorxu ifadələri işlətməsi, onları öldürəcəyi və evə ziyan vuracağı barədə sözlər deməsi qeyd olunur. Bu vəziyyətin tərəflər arasında gərginliyi daha da artıb.
İyunun 3-ü saat 10 radələrində Amin Nuri yaşadığı evin mətbəxindən mətbəx bıçağı götürərək Aslan Nuriyevin yaşadığı, giriş qapısı həyətə açılan mənzilə daxil olub. O, həmin mənzilə qanunla müəyyən edilmiş qaydada icazə almadan və evdə yaşayan şəxslərin iradəsinə zidd olaraq daxil olub. Həmin vaxt Aslan otaqda narkotik vasitə təsiri altında yataq vəziyyətində, üzü üstə uzanmış və köməksiz vəziyyətdə olub.
İttihama əsasən, təqsirləndirilən şəxs qardaşını oyatmağa çalışdıqdan və cavab almadıqdan sonra əvvəlki gün yaşanan hədələmələri xatırlayaraq qəzəbə gəlib və qəsdən öldürmə niyyəti formalaşdırıb. Bundan sonra o, mətbəx bıçağı ilə çoxsaylı zərbələr endirib. Hadisə zamanı mənzildə mərhumun azyaşlı qızı da olub.
İstintaq materiallarında qeyd olunur ki, Aminin hərəkətləri zamanı körpənin də xəsarət alma riski yaranıb, lakin o, əməlini davam etdirib.
Məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən, Aslan Nuriyev ümumilikdə çoxsaylı - 32 bıçaq xəsarəti alıb.
İstintaqın gəldiyi nəticəyə görə, kəskin daxili və xarici qanaxma nəticəsində Aslan Nuriyev hadisə yerində ölüb.
Məhkəmə iclasında ifadə verən Amin Nuri ona elan olunmuş ittihamla qismən razı olduğunu bildirib. O qeyd edib ki, qardaşı ilə uzun müddətdir münaqişə yaşayıb, onun narkotik vasitələrdən istifadə etməsi və həyətə kənar şəxsləri gətirməsi ailə daxilində ciddi narazılıqlar yaradıb.
Təqsirləndirilən şəxs qardaşının onu və ailəsini hədələdiyini, hadisə günü də aralarında gərgin söhbət yaşandığını söyləyib. Amin bıçağı əvvəlcədən planlaşdıraraq deyil, qorxutmaq məqsədilə götürdüyünü, lakin sonradan emosional vəziyyətdə istifadə etdiyini qeyd edib.
Həmçinin o, hadisədən sonra polisə könüllü təslim olduğunu, əməlindən peşman olduğunu bildirib.
Bununla belə, istintaq orqanları əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi qiymətləndirərək cinayət təqibini davam etdirib.
Məhkəmənin hökmü ilə o, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 16 il 1 ay müddətə azadlıqdan məhrum edilib./pravda.az