Gəncə Apellyasiya Məhkəməsində qəsdən adam öldürməkdə təqsirləndirilən Xudat Məmmədovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.
Stopnarkotik.az Pravda.az-a istinadən xəbər verir ki, hakim Müşfiq Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.
Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.
İttihama görə, Xudat Məmmədov 2024-cü il tarixdə gecə saatlarına yaxın Şəmkir rayonu ərazisində yerləşən “Baba Lounge” kafesində spirtli içki qəbul edib. O, alkoqol sərxoşluğu vəziyyətində olarkən nalayiq ifadələr işlədib. Həmin vaxt kafedə olan zərərçəkmiş Anar Süleymanov və digər şəxslər təqsirləndirilən şəxsin bu ifadələri onlara ünvanladığını düşünüblər.
Tərəflər arasında əvvəllər də gərgin münasibətlər mövcud olub.
Belə ki, Anar Süleymanovun bacısının azyaşlı qızının və digər şəxslərin Xudatın qardaşı Fuad Məmmədov tərəfindən qəsdən öldürülməsinə cəhd göstərilməsi ilə bağlı hadisədən sonra tərəflər arasında qərəzli münasibətlər yaranıb.
Baş vermiş hadisə zamanı təqsirləndirilən şəxs üzərində gəzdirdiyi ov bıçağını, eləcə də kafenin mətbəxindən götürdüyü mətbəx bıçağı ilə həmin obyektin otaqlarından birinə daxil olub. Otaqda baş verən qarşıdurma zamanı Xudat bir nəfərə bıçaqla zərbə endirərək onun sol bazu nahiyəsində deşilmiş-kəsilmiş yara xəsarəti yetirib. Nəticədə zərərçəkmiş şəxsin sol üçbaşlı əzələsi zədələnib, sol əlin beşinci barmağının funksiyası pozulub və bu xəsarətlər sağlamlığa az ağır zərər vurma kimi qiymətləndirilib.
Hadisə zamanı ictimai qaydanın pozulmasının qarşısını almağa çalışan şahidlər də xəsarət alıblar.
Araşdırmalarla müəyyən edilib ki, qarşıdurmadan sonra Xudat otaqdan çıxaraq kafenin dəhlizinə keçib. Bu zaman əlində olan qatlanan ov bıçağı yerə düşüb. Bundan sonra o, Anar Süleymanovdan qisas almaq niyyəti ilə onun ardınca gedib və yerdə olan bıçağı yenidən götürərək əlində saxlayıb.
Tərəflər arasında dəhlizdə yenidən əlbəyaxa dava baş verib. Mübahisə zamanı təqsirləndirilən şəxs əlindəki bıçaqla Anara bir zərbə endirib. Zərbə sağ qoltuqaltı nahiyəyə dəyib və nəticədə arteriya və vena zədələnib. Güclü qanaxma ilə müşayiət olunan həmin xəsarət məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən insan həyatı üçün təhlükəli hesab olunub.
Ekspertiza rəylərində qeyd olunub ki, sağ bazu-döş qəfəsi büküşü səviyyəsində yerləşən deşilmiş-kəsilmiş yara nəticəsində zərərçəkmiş kəskin qan itkisi keçirib və aldığı xəsarətdən həyatını itirib.
Beləliklə, istintaq orqanı təqsirləndirilən şəxsin hərəkətlərini qəsdən adam öldürmə kimi qiymətləndirib və ona Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə ittiham irəli sürülüb.
Məhkəmə istintaqı zamanı ifadə verən Xudat Məmmədov özünü təqsirli bilməyib.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməklə 11 il müddətə azadlıqdan məhrum edilib.