İyulun 28-də ABŞ və Ukrayna prezidentləri Donald Tramp və Volodimir Zelenski arasında Ağ Evdə görüş keçirilib.
Danışıqlar bağlı qapılar arxasında, jurnalistlərsiz keçirilib. Görüş bir saatdan bir qədər çox davam edib və nə əvvəl, nə də sonra mətbuat üçün brifinq təşkil olunmayıb.
ABŞ Prezidenti Donald Tramp sonradan Zelenski ilə görüşün çox yaxşı keçdiyini bildirib.
"Ukrayna prezidenti Zelenski ilə görüşmək böyük şərəfdir. Bir çox məsələlər müzakirə olundu. Görüş çox yaxşı keçdi", - Tramp "Truth Social" səhifəsində yazıb.
Zelenski isə bildirib ki, o, ABŞ Prezidenti ilə xüsusi olaraq “Patriot” sistemləri üçün raket istehsalı lisenziyalarını müzakirə edib.
Ukrayna Prezident Ofisinin rəhbəri Kirill Budanov deyib ki, Ağ Evdə keçirilən görüşdə tərəflər danışıqlar prosesini bütün səviyyələrdə intensivləşdirmək barədə razılığa gəliblər. Onun sözlərinə görə, görüş zamanı ədalətli sülhə nail olmaq üçün zəruri olan diplomatik və müdafiə tədbirləri barədə əsaslı müzakirə aparılıb: "Amerikalı tərəfdaşlarımızla birlikdə müharibənin tez və ədalətli şəkildə sona çatmasına ehtiyac olduğunu aydın şəkildə başa düşürük. Danışıq prosesini bütün səviyyələrdə intensivləşdirmək barədə razılığa gəldik".

Bu arada, “Newsmax” jurnalisti Nana Sajaia bildirib ki, “olduqca detallı və məzmunlu” müzakirələr aparılan görüşdə Trampın xüsusi elçiləri Uitkoff və Kuşnerin diplomatik səyləri yenidən canlandırmaq üçün Kiyevə səfəri də müzakirə olunub.
Rusiya, Ukrayna və Amerika nümayəndə heyətlərinin iştirak etdiyi son üçtərəfli danışıqlar bu ilin əvvəlində baş tutub, lakin İranda müharibənin başlamasından sonra görüşlər dayandırılıb. Bu yaxınlarda ABŞ Dövlət katibi Marko Rubio Donald Tramp və Vladimir Putin arasında Ankoricdə keçirilən sammitin heç bir nəticə vermədiyini və Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün "yeni ideyalara" ehtiyac olduğunu etiraf edib.
Bu arada “Politico” nəşrinin məlumatına görə, Zelenski ABŞ-ni Ukraynanın müharibədə qalib gəlmək qabiliyyətinə inandırdığını bildirib. Nəşrin məlumatına görə, ABŞ Prezidenti Donald Trampla görüşdən sonra Zelenski Vaşinqtonu yüksək əhval-ruhiyyədə tərk edib. Ukrayna tərəfi üçün əlavə uğur ABŞ Senatının Rusiya neftini alan ölkələrə qarşı yeni sanksiyalar tətbiq edən qanun layihəsini təsdiqləməsi olub.
Senator Mayk Raunds bildirib ki, yeni məhdudiyyətlər Rusiyaya təzyiqi artırmaq və Prezident Vladimir Putini danışıqlara sövq etmək məqsədi daşıyır.
Nəşrin qeyd etdiyi kimi, Zelenski özü sanksiyaların Ukraynanın döyüş meydanındakı uğurlarını möhkəmləndirməyə və sülh danışıqlarını yaxınlaşdırmağa kömək edəcəyini vurğulayıb və eyni zamanda tərəfdaşlarını əsas silah sistemlərinin tədarükünü genişləndirməyə çağırıb.

"Politico" həmçinin qeyd edir ki, Amerika siyasi hakimiyyəti daxilində Ukraynanın müharibədə uğur qazanmaq qabiliyyəti ilə bağlı inam artır. Senator Con Buzmanın sözlərinə görə, bu dəyişiklik cəbhədəki Ukrayna qüvvələrinin son uğurları ilə əlaqələndirilir.
"Tramp və Zelenski arasındakı münasibətlər, xüsusən də Ukraynanın müharibədə əhəmiyyətli irəliləyişlər əldə etdiyi nəzərə alınmaqla, bir il əvvəlkindən xeyli fərqlidir", - deyə Tramp administrasiyasının keçmiş rəsmisi nəşrə bildirib.
Qəzet həmçinin Zelenski ilə Tramp arasındakı münasibətlərdə 2025-ci illə müqayisədə dəyişikliyi, eləcə də mühafizəkar MAGA hərəkatının bəzi üzvləri tərəfindən Ukraynaya artan dəstəyi qeyd edib.
Bir sözlə, ABŞ Administrasiyası Ukrayna ilə bağlı daha realist mövqe nümayiş etdirməyə başlayıb. 2025-ci ilin fevralında baş tutmuş məşhur qalmaqallı görüşdən fərqli olaraq, artıq Ağ Evdə kimsə Zelenskiyə “heç bir kartın yoxdur” demir, kimsə Ukrayna başçısına geyiminə görə irad tutmur və Kreml dura-dura müharibəyə görə məsuliyyəti onun üzərinə yıxmır. Əvəzində, Tramp "Ukrayna Prezidenti Zelenski ilə görüşmək böyük şərəfdir” deyir. Görünür, bu nöqtəyə gəlmək üçün zaman və şərtlərin dəyişməsi lazım imiş…/azpolitika.info