Zaur Quliyev: “Hər bir şəxs islah olunubsa, artıq əmək hüquqları onun konstitusion hüququdur”
“Hüquq elmi sübut edib ki, hər kəs potensial cinayətkardır...”
Bəlli olduğu kimi, hazırda Azərbaycanda 150-yə yaxın özəl reabilitasiya mərkəzi fəaliyyət göstərir. Lakin bəzi hallarda bu mərkəzlərin fəaliyyəti ilə bağlı müəyyən söz-söhbətlər yaranır. Məsələn, narkotik istifadəçilərinin əksəriyyəti könüllü müalicə almağa meylli olmadığından, yaxınları onu məcburi qaydada mərkəzə yerləşdirməyə məcbur olur. Asılı şəxs reabilitasiya mərkəzində könüllü qalmaq istəmədiyi üçün orada məcburi qaydada saxlanılır ki, müəyyən media subyektləri bunu “insan azadlığının qanunsuz məhdudlaşdırılması” kimi təqdim etməyə çalışır. Bu halda isə sözügedən mərkəzlərinin fəaliyyətinin hüquq müstəvisində tənzimlənməsi zərurəti ortaya çıxır. Odur ki, bu və digər məsələlərə tanınmış hüquqşünas Zaur Quliyevlə müsahibəmizdə aydınlıq gətirməyə çalışdıq.
(Əvvəli bu linkdə: “Reabilitasiya mərkəzləri “keçmiş narkoman olmur” stereotipini sındırıb” - TANINMIŞ HÜQUQŞÜNAS)
- Üzərində narkotiklə tutulan şəxslər dispanserdə məcburi müalicəyə cəlb edilir. Reabilitasiya mərkəzində sağalma prosesi keçdikdən sonra da məcburi müalicə onun üzərindən götürülmür. O, ya sağaldığı halda yenə 6 ay Maştağadakı Narkoloji dispanserdə məcburi müalicə keçməlidir ki, burada yenə də aktiv narkotik istifadəçisi olan adamların içinə düşür, onların mühitinə qatılır, ya da məcburi müalicə maddəsini ləğv etdirmək üçün məhkəməyə müaraciət etməlidir. Bu məsələnin hüquqi tənzimləməsini necə görürsünüz?
- Çıxış yolu budur ki, bununla bağlı məhkəməyə müraciət etməlidir. Yenidən sağaldığını təsdiqləmək üçün müayinə sənədlərini təqdim etməlidir. Lazım olsa, ya özünün təşəbbüsü ilə, ya tərəflərdən birinin tələbi ilə ekspertiza tələb edə bilər. Ekspertiza sübut edəndən sonra ki adam artıq reabilitasiyanı keçib, narkotik istifadə etmir – bugünki texniki imkanlar buna imkan verir ki, hətta insanın neçə vaxt narkotik istifadə etmədiyini də göstərsin, bunu müəyyən etmək mümkündür – bu halda məcburi müalicəyə cəlb olunma haqda qərar ləğv oluna bilər. Bunun üçün şəxs artıq özü müraciət edə bilər.
- “Narkotik istifadəçisi” kimi qeydiyyat sistemi şəxsin sonrakı ayıq həyatında şəxsi hüquqlar, əmək hüququ baxımından hansı çətinlikləri doğurur və bunu necə yoluna qoymaq olar? Məsələn, İnzibati Xətalar Məcəlləsinə edilən əlavəyə görə, narkoloji xəstələr məhdudiyyət nəzərdə tutulan işlərə götürmək olmaz. Əlbəttə, bu, yerində qərardır və burada aktiv istifadədə olan narkoloji xəstə nəzərdə tutulur. Sizcə, ayıqlıqdan sonra bu şəxslər üçün vəziyyət dəyişirmi və onlar bu etimadı doğrulda bilirlərmi?
- Baxın, cinayətə görə cəza niyə verilir... Ona görə verilir ki, şəxs islah olunsun. Şəxs cəzasını çəkir, azadlığa çıxır, azadlıqdan sonra o, qanunla islah olunmuş şəxs sayılır və bu onun hansısa peşə fəaliyyəti ilə məşğul olmasına mane olmur. Doğrudur, orada xüsusi qərarlar ola bilər ki, müəyyən müddətə hansısa peşə vəzifələrini tutmaq istisna ola bilər. Adam islah olunubsa, artıq əmək hüquqları onun konstitusyon hüququdur. Bu, məhdudlaşdırıla bilməz.

Amma təəssüf ki, bizim cəmiyyət hələ cəzaçəkmə müəssisəsindən çxımış keçmiş məhbuslara qarşı adekvat yanaşmır. Təəssüf ki, həmin şəxslər də bu gün işsizlikdən əziyyət çəkirlər və cəmiyyətə adaptasiya oluna bilmirlər. Nəticə etibarilə təkrar cinayətkarlığa meyllənirlər. Bu, heç kimə sirr deyil.
Eyni qaydada da keçmiş narkotik aludəçisi olan şəxslərə cəmiyyətin yanaşması adekvat və birmənalı deyil. Həmin şəxslərin də cəmiyyətə adaptasiyasında böyük problem var. Əslində, mən hesab edirəm ki, problem onlarda yox, elə məhz bizdədir, cəmiyyətdədir. Biz anlamalıyıq ki, heç kim cinayət törətməkdən sığortalanmayıb. Bilirsiniz də, bunu hüquq elmi sübut edib ki, hər kəs potensial cinayətkardır. Bir zamanlar nikahı pozulmuş, boşanmış şəxslərə qarşı da cəmiyyətin yanaşması birmənalı deyildi. Sonradan ola bilər ki, bu kütləvi hal aldı, böyük əksəriyyətin qapısından içəri girdi deyə hamı onu qəbullandı.
İndi bunu da qəbullanmaq üçün gərək hər evdə, hər ailədə bir narkoman olsun? Əksinə, elə hər evdə bir narkoman, hər ailədə bir narkotik istifadəçisi olmaması üçün cəmiyyət artıq keçmiş narkomanlara da yanaşmasını müəyyən dərəcədə yumşaltmalıdır. Dəyişməlidir ki, onlar cəmiyətə adaptasiya olsunlar, təkrar psixoloji və s. boşluğa düşüb, narkotik aludəçiliyinə qayıtmasınlar. Bax, reabilitasiya mərkəzlərinin bu günki yaşadığı böyük problemlərdən biri budur. Keçmiş narkotik istifadəçilərinin də yaşadığı böyük problemlərdən biri budur. Demək ki, problem nəticə etibarilə nədir – biz cəmiyyət olaraq bir qədər düşüncə tərzimizi və təfəkkürümüzü yumşaltma istiqamətində dəyişməliyik.
- Zaur bəy, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tərkibində Məşğulluq Agentliyi var. Necə düşünürsünüz, keçmiş narkomanların işlə təmin olunması üçün Məşğulluq Agentliyi çərçivəsində dövlət proqramı gərəkli deyilmi?
- Hesab etmirəm ki, həmin şəxslər üçün xüsusi dövlət proqramı olmalıdır. Çünki həmin şəxslər digər şəxslər kimi bərabərhüquqlu vətəndaşlarımızdır. Məşğulluq, yaxud özünəməşğulluq proqramında həmin şəxslərin iştirak etməsi üçün bu gün hansısa məhdudiyyət yoxdur. Bu səbəbdən də xüsusi proqrama ehtiyac görmürəm. Amma hesab edirəm ki, həmin o özünəməşğulluq, yaxud məşğulluq layihələrinin qaydalarında bir qədər yumşalmalar olmalıdır ki, o şəxslər həmin bu proqrama rahat qoşula bilsinlər. O da ayrı bir mövzudur.
Özünəməşğulluq proqramına qoşulub illərlə növbə gözləyən şəxslər var. Amma burada da sosial müavinət kimi böyük bir problem bəzi vətəndaşlardadır. Çünki bəzi vətəndaşlar maddi imkanları, şəxsi biznesləri ola-ola bu proqramlardan, bu layihələrdən sui-istifadə edirlər. Necə ki, sosial ünvanlı yarıdm proqramından sui-istifadə halları çoxdur. Bir hüquqşünas, mediator olaraq da praktikamda bu hala tez-tez rast gəlirəm. Mənə müraciətlər çox olur ki, biz sosial yarıdm almaq istəyirik, boşansaq sosial yardım ala bilərikmi? Aliment təyin olunsa sosial yardım ala bilərikmi? Burada artıq problem ondadır ki, kifayət qədər layihələr irəli sürülür, deməli, biz də bir vətəndaş olaraq dövlətin yanında olmalıyıq. Dövlətin bu layihələrindən vicdanlı şəkildə istifadə etməliyik, vicdansızlıq etməməliyik.
- Son dövrlərdə Binəqədi və Masazırda sakinlər məhəllələrini “bariqa”lardan qorumaq üçün səfərbər oldular. Bir neçə gün əvvəl Xırdalan sakinləri yaşadıqları ərazidə narkotik istifadəçilərinin toplaşdığını, iynələrin atıldığını bildirdillər. Yəni artıq insanlar özləri vəziyyətin kəskinləşdiyini fərqindədirlər və şəxsən müdaxilə edirlər. Necə düşünürsünüz, əhali və müvafiq qurumların koordinasiyasında, ailə və ictimai səviyyədə hüquqi maarifləndirmə tədbirləri dövlət proqramlarına necə inteqrasiya edilə bilər?
- Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, QHT-lər var. Müxətlif vaxtlarda qrantlar, müsabiqələr elan olunur. Təbii ki, onların içində narkomaniyaya qarşı mübarizə ilə bağlı da layihələr var. Yəni demək ki, dövlət bu hissədə də kifayət qədər addımlar atır. Bizim konstitusion hüququmuzdur ki, sağlam cəmiyyətdə, sağlam mühitdə yaşayaq. Bununla bağlı bizim söz azadlığımız var. Lazım gəlsə, məhkəməyə, hüquq-mühafizə orqanlarına, digər orqanlara müraciət etmək, məlumat vermək hüququmuz var. Amma, görünür, cəmiyyətdə bu hissədə də hüquqi maarifləndirmə az aparılır və yaxud da hüquqi bilgisizlik, məlumatsızlıq var ki, bu gün cəmiyyət bu işlərə qarışmaq istəmir. Bu, mövcud vəziyyətin geniş vüsət almasının nəticəsidir ki, artıq sizin sadaladığınız ərazidə sakinlər, qonşular bu istiqamətdə müəyyən addımlar atıb. Amma, təbii ki, bu addımlar da kor-koranə şəkildə atılmamalıdır. Bu addımların müxtəlif aidiyyəti dövlət orqanlarının və sakinlərin qeydiyyat mərkəzi şəklində aparılması daha doğru olar.
Söhbətləşdi: Ülviyyə ŞÜKÜROVA
Stopnarkotik.az