Azərbaycan ərazisindən tranzit keçən İrana məxsus yük avtomobilində xüsusilə külli miqdarda narkotik aşkarlanıb.
Stopnarkotik.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsindən məlumat verilib.
Bildirilir ki, Naxçıvan Baş Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlər zamanı "Şahtaxtı" gömrük postunda Azərbaycan ərazisindən tranzit keçməklə "alkoqolsuz içkilər" yükü aparan nəqliyyat vasitəsi stasionar rentgen qurğusu və kinoloji xidmət itinin tətbiqi ilə gömrük yoxlamasına cəlb edilib. Bu zaman iki paletdəki 312 ədəd açıq mavi rəngli plastik qablarda maye halında xalis çəkisi 53 kiloqram 817, 183 qram xüsusilə külli miqdarda psixotrop maddə - metamfetamin aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.
Qeyd edək ki, "Şahtaxtı" gömrük postu Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunda, Şahtaxtı kəndi yaxınlığında yerləşir. Bu gömrük keçid Məntəqəsi Naxçıvan Muxtar Respublikası ilə İran İslam Respublikası arasında Araz çayı üzərindəki körpü vasitəsilə sərhəd-keçid və gömrük nəzarətini təmin edir.
Stopnarkotik.az


