Bir gəncin məhvi kimlər üçün qazancdır? – SƏRKƏRDƏ SƏRXANOĞLU YAZIR

Narkotik bəlası ilə bağlı əvvəlki yazılarımda ailələrin görmədiyi təhlükədən, sosial medianın bu təhlükəni necə yaxınlaşdırdığından və narkotiklə savaşın təkcə polisin işi olmadığından danışmışdım. Bu dəfə isə yazımı daha fərqli və daha ağır bir sualın üzərindən qurmaq istəyirəm: bir gənc narkotikə qurşananda, kim qazanır?

**

Sərkərdə Sərxanoğlu

Biz çox vaxt həmin gəncə baxırıq. Onun dəyişən halına, ailəsinin çəkdiyi əzaba, evdəki qorxuya, ananın göz yaşına, atanın susqunluğuna diqqət yetiririk. Deyirik ki, yazıq oldu, özünü məhv elədi. Sonra da soruşuruq: bəs ailəsi hara baxırdı? Amma bəzən çox vacib bir sualı vermirik: onun məhvi kimə sərf etdi?

**

Narkotik təkcə bir insanın zəifliyi deyil. Narkotik həm də kiminsə qazancıdır, kiminsə cibinə girən çirkli puldur, kiminsə daha çox insanı tələyə salmaq üçün qurduğu bazardır. Bir evdə ana gecə yata bilmir, ata qapı səsi eşidəndə diksinir, qardaş-bacı utancından üzə çıxmaq istəmir. Amma başqa bir yerdə kimsə həmin ailənin faciəsindən pul qazanır. Kiminsə övladı kiminsə qazanc yerinə çevrilir. Biz bəzən narkotik satan adamı sadəcə “satıcı” kimi təsəvvür edirik. Amma əslində o, insan həyatının üstündən pul qazanan adamdır. Onun üçün tələyə saldığı gəncin arzusu, gələcəyi, ananın göz yaşı, ailənin dağılması maraqlı deyil. Onun üçün yalnız bir gerçək var: qazanc.

**

Narkotik taciri insanın həyatını önəmsəmir. Onun cibinə, zəif anına, tənhalığına, ehtiyacına, aldanmaq ehtimalına baxır. Bu, olduqca soyuq və amansız bir həqiqətdir. Çox vaxt gənci bu yola birbaşa maddə ilə çəkmirlər. Ona əvvəlcə “asan pul”, “risksiz iş” göstərirlər. “Böyük bir şey şey deyil”, “sənə heç nə olmaz”, “birdəfəlikdir”, “hamı belə qazanır” deyərək gəncləri alətə çevirməyə çalışırlar. Avropa Polis Təşkilatı, Europol da xəbərdarlıq edir ki, beynəlxalq cinayətkar şəbəkələr gəncləri, xüsusilə də azyaşlıları və yeniyetmələri məhz belə şirnikləndirici üsullarla narkokuryerliyə və digər cinayət işlərinə cəlb edirlər. Bir gənc iş tapa bilmir, evdə ehtiyac var və bir dostu ona bu “asan yolu” göstərir. O da düşünür ki, bəlkə budəfəlik olar. Amma elə yollar var ki, insan ora bir addım atanda geri qayıtmaq əvvəlki kimi asan olmur.

**

Bir başqa gənc isə özünü çox ağıllı hesab edir. “Mən nə etdiyimi bilirəm, istəsəm dayanaram” deyir. Amma narkotik insanın ən çox bu yanaşmasını sevir. Çünki insan təhlükəni kiçildəndə, təhlükə onu udmağa başlayır. Bir məhəllədə hamı hiss edir ki, nəsə düz getmir. Amma biri qorxur, biri qarışmaq istəmir, biri “mənə nə” deyir. Sonra həmin məhəllədə bir gəncin həyatı dağılır və hamı təəccüblənir. Halbuki faciə birdən gəlmir. Göz görə-görə gəlir.

**

Narkotikdən pul qazanan adam təkcə alıcı yox, həm də susan adamlar axtarır. Susan ailə, susan qonşu, susan dost və susan məhəllə onun işinə yarayır. Hər kəs “mənlik deyil” dedikcə, bu çirkli qazancın yolu bir az da açılır. Bura sosial medianın yaratdığı təhlükəli meydanı da əlavə edin. Sosial media narkotiki birbaşa satmasa da, filmlər, musiqilər, trendlər və məsuliyyətsiz paylaşımlar vasitəsilə əvvəlcə onu rəqəmsal mühitdə adiləşdirir. Sonra isə həmin platformalar narkotik şəbəkələri üçün geniş bir bazara çevrilir. Orada tək qalan, pul axtaran, diqqət istəyən, dost çevrəsi axtaran milyonlarla gənc var. ABŞ-ın Narkotiklərlə Mübarizə Administrasiyası - DEA da illik hesabatlarında rəqəmsal şəbəkələrin təhlükəni birbaşa gənclərin ekranına, cibinə qədər gətirdiyini rəsmən təsdiqləyir. Narkotik şəbəkələri üçün insanın hər zəif anı sadəcə bir fürsətdir. Evdə anlaşılmaması fürsətdir. Pul ehtiyacı fürsətdir. Özünü sübut etmək istəyi fürsətdir. Tənhalığı fürsətdir. Onlar insanın yarasına dərman olmaq istəmir. O yaranı daha da böyüdüb, ondan qazanc götürmək istəyirlər.

**

Bəzən biz yalnız istifadə edən adamı günahlandırırıq. Əlbəttə, insan öz seçiminə görə məsuliyyət daşıyır. Amma məsələni yalnız bununla bağlamaq ən rahat qaçış yoludur. Çünki bu bəlanın arxasında təkcə bir insanın səhvi yox, onu ovlayan, aldadan və bizim susqunluğumuzdan istifadə edən böyük bir sistem var.

**

BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin 2025-ci il qlobal hesabatına görə, dünyada 300 milyondan çox insan narkotik istifadəçisidir. Bu, sadəcə böyük rəqəm deyil. Bu, nəhəng bir çirkli bazar deməkdir. Məsələ bizim ölkədən də uzaq deyil. Dövlət Statistika Komitəsinin 2024-cü il üzrə rəsmi məlumatlarına əsasən, ölkəmizdə qeydə alınmış ümumi cinayətlərin dörddə birindən çoxu, təxminən 26,6 faizi məhz narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlıdır.

**

Bu rəqəmlər sübut edir ki, narkotik hansısa ailənin gizli dərdi deyil. Bu, böyük bir qazanc zənciridir. Bu zəncirdə satan qazanır, yayan qazanır, gənci tora salan qazanır, onun qorxusundan istifadə edən qazanır. Bəs itirən kimdir? İtirən anadır, atadır, qardaşdır, bacıdır. İtirən cəmiyyətdir. İtirən dövlətin sabahıdır, məmləkətin gələcəyidir. Bu işdə qazanan az, itirən çoxdur. Amma qazananların səsi çıxmır, itirənlərin səsi isə çox vaxt utancın içində boğulur. Biz utandığımız üçün susuruq, onlar isə susduğumuz üçün qazanır. Ailə utanır, gizlədir. Dost qorxur, demir. Məktəb adının hallanmasını istəmir. Məhəllə “bizdən uzaq olsun” deyib kənara çəkilir. Amma sən susanda təhlükə dayanmır.

**

Bəzi ailələr problemi gizlətməklə uşağı qoruduğunu düşünür. Amma gizlətmək qorumaq deyil, sadəcə gecikməkdir. Bəzi dostlar “satqın olmayım” deyə susur. Amma bu susmaq dostluq deyil, adamı təhlükənin içində tək buraxmaqdır. Narkotikdən qazanan adam üçün ən rahat mühit parçalanmış və hər kəsin öz qınına çəkildiyi cəmiyyətdir. Hamı öz evinə çəkilsin, heç kim heç kimlə maraqlanmasın, heç kim gördüyünü deməsin, heç kim narahat olmasın. Belə cəmiyyətdə narkotik daha rahat yer tapır. Ona görə də bu mövzu yalnız polisin, reabilitasiya mərkəzinin, həkimin və ya tək bir ailənin işi deyil. Bu, hamımızın məsələsidir. Valideyn öz evində ayıq olmalıdır, müəllim uşağın dəyişən halını və davamiyyətini görməlidir, dost təhlükəli vəziyyəti zarafat saymamalıdır, qonşu gördüyü şübhəli mənzərəyə biganə qalmamalıdır.

**

Bəzən bir gənci xilas etmək böyük qəhrəmanlıq tələb etmir. Vaxtında deyilən bir söz, vaxtında göstərilən diqqət və uzadılan bir əl çox şeyi dəyişə bilər. Amma mütləq vaxtında. Çünki bu mövzuda ən ağır söz “gec” sözüdür. Gec bildik. Gec gördük. Gec inandıq. Gec müdaxilə etdik. Və biz gecikdikcə, o zəncirin başında duranlar qazanmağa davam edir.

Mən bu yazını kimlərisə qorxutmaq üçün yazmıram. Onsuz da qorxu çoxdur. Mən bu yazını bir sual ətrafında hamımızı düşünməyə məcbur etmək üçün yazıram: Biz övlad, ailə və gənclik itiririk, bəs bunun müqabilində kimlər pul və yeni qurbanlar qazanır? Bu həqiqəti nə qədər tez anlasaq, o qədər yaxşıdır. Narkotik təkcə maddə deyil. Bu, insan həyatı üzərindən pul qazanan amansız bir sistemdir. Və bu sistem insanı öldürmədən də məhv edə bilir.

Biz o sistemi dayandırmadıqca, bu faciələr bitməyəcək.

Stopnarkotik.az