TRAMP İRANIN NEFT BÖLGƏSİNİ QOPARA BİLƏCƏKMİ? – Və ya Ağ Evin İranla bağlı əsas planı nədir?

ABŞ cənub qonşumuzu vətəndaş müharibəsinə sürükləyir

ABŞ–İran qarşıdurmasında gərginlik durmadan yüksəlir. Birləşmiş Ştatların İran cəbhəsində hansı məqsədləri güdməsi ilə bağlı çoxsaylı versiyalar gündəmə gətirilir. Daha çox səsləndirilən 3 variantı nəzərdən keçirək.

Birinci variant. İrana zərbələr olmayacaq, Tramp bölgəyə böyük güc toplayıb İrana hədə-qorxu gəlir, Tehranı müharibəsiz böyük güzəştlərə məcbur etmək istəyir. Rəsmən səsləndirilən tələblər nüvə proqramının sonlandırılması, uzunmənzilli raket istehsalının dayandırılması və bölgədəki proksi güclərdən dəstəyin çəkilməsidir. Lakin bunlar səhnə önündə səsləndirilən tələblərdir. Səhnə arxasında isə söhbət İran neftinə nəzarətdən gedir. Neftə nəzarətin ABŞ-yə verilməsi Çinlə strateji əməkdaşlığın da sonlandırılması olardı və fars rejiminin bu güzəştə gedəcəyi ehtimalı sıfıra yaxındır.

İkinci variant. Venesuela variantını İranda da tətbiq etmək hədəflənir. Yəni dini lideri və ölkə rəhbərliyini aradan götürmək və başsız qalmış ölkəni böyük güzəştlərə məcbur etmək. Bu versiya da mümkünsüzdür. İran Venesuela deyil və kimlərinsə öldürülməsi ölkəni ABŞ-yə təslim etməz.

Üçüncü variant. Yenidən başladılan, daha uzun müddətli zərbələrlə İranda rejim dəyişikliyinə nail olmaq. Bu variantın da mümkünsüzlüyünü 12 günlük müharibə sübuta yetirdi.

Göstərilən 3 variantın hər üçünün reallaşması ehtimalı son dərəcə zəifdir. Buna baxmayaraq, Birləşmiş Ştatlar milyardlarla dollar pul xərcləyib İran ətrafına böyük zərbə qrupu yığır. Deməli, Ağ Evin başqa planı var. Bu planı anlamaq üçün ABŞ-nin İraqda, Suriyada, Əfqanıstanda və Liviyada qurğuladığı oyunlara baxmaq faydalı olardı. Bu ölkələrin hamısında Ağ Ev xaos və parçalanma yaratdı. Bir deyil, iki deyil, çox sayda ölkədə eyni ssenari təkrarlanırsa, deməli, bu, Pentaqonun və ya CİA-nın bacarıqsızlığı deyil, düşünülmüş plandır. Həmin planın İrana qarşı işləməsi ehtimalı da yetərincə böyükdür.

İran çoxmillətli dövlətdir və fars şovinizmi digər millətləri fars rejiminə qarşı sərt şəkildə ayaqlandırıb. Ölkənin müxtəlif bölgələrində uzun illərdir silahlı separatizm ocaqları mövcuddur. 

İranda üç güclü separatizm bölgəsi var. Bunlar İraq və qismən Türkiyə sərhədində yerləşən kürd bölgəsi, Fars körfəzinin şimal hissəsində məskunlaşmış sünni ərəb tayfaları və Pakistanla sərhəddə yerləşmiş sünni bəluc toplumlarıdır.

Qərb və Türkiyə mətbuatında yer alan məlumatlara görə, ABŞ-nin əsas məqsədi bu 3 bölgədə separatizmi alovlandırmaq və həmin ocaqlardakı separatizm hərəkatlarına uzunmüddətli hava dəstəyini təmin etməkdir. Hər üç separatçı bölgə İranın mərkəzi ərazilərindən uzaqdadır. Kürdləri və ərəbləri İranın mərkəzi bölgələrindən hündür sıra dağlar, Bəlucistanı isə çox böyük səhra və çöl əraziləri ayırır. Yəni hər üç separatçı ocaqla İranın mərkəzi bölgələri arasındakı logistikanı çətinləşdirən təbii səddlər var. İri miqyaslı toqquşmalar başlayarsa, Tehranın separatçı bölgələrə verdiyi hərbi logistika axını ABŞ və İsrailin aviazərbələri ilə asanlıqla darmadağın edilərdi. Üstəlik, toqquşmalarda hava üstünlüyü kimin tərəfindədirsə, qələbə də onundur. İran hərbi hava qüvvələrinin ABŞ–İsrail aviasiyasına qarşı nəsə edə biləcəyini ağlımızın ucundan belə keçirməməliyik.

Kürdlərin İrandan ayrılması İsrail üçün son dərəcə əhəmiyyətlidir. Türkiyə və İraq sərhədində qondarma Kürdüstan dövlətinin qurulması həm Türkiyə, həm də İraq üçün son dərəcə böyük başağrısı olardı və İsrail bunu hədəfləyir. Ərəb bölgələrinin İrandan qoparılması isə ABŞ-nin marağıdır. İran nefti məhz ərəblərin və Qaşqay türklərinin yaşadığı dəniz və sahil bölgələrində cəmləşib. Bu bölgələrin İranın əlindən çıxması İranın neftsiz-qazsız qalması və həmin enerji daşıyıcılarının ABŞ-nin nəzarətinə keçməsi deməkdir. Yada salaq ki, İraq və Suriyada tüğyan edən xaos bu ölkələrin neftinin Ağ Evin nəzarətinə keçməsinə mane olmamışdı.

Yuxarıda göstərilən ssenarini əlbəttə ki, İran hakimiyyəti də hesaba qatır. Tehran rejiminin əsas hədəfləri İranı parçalanmaqdan qorumaq və molla hakimiyyətini saxlamaqdır. Bu hədəflər üçün fars rejimi istənilən güzəştə gedər. Lakin oyun çox böyüdülüb və masada yalnız İranın deyil, müttəfiqlərinin də maraqları var. Çin İran neftinin ABŞ-nin nəzarətinə keçməsinə hər vəchlə mane olacaq. Həftələrdir çox sayda karqo təyyarələri Çindən İrana böyük miqdarda hava hücumundan müdafiə sistemləri və digər hərbi vasitələr daşıyır. Bu barədə məlumatlar açıq mənbələrdə yer alır. Rusiyadan və Belarusdan da hərbi karqo təyyarələrinin İrana gəldiyinə dair məlumatlar hava uçuşlarını izləyən beynəlxalq sistemlərdə görünür.

Bütün tərəflər ciddi toqquşmalara hazırlaşır. Bu toqquşmalar ABŞ–Çin qarşıdurmasının çox böyük parçasıdır. Gündəmdə Çin–İran–Rusiya üçbucağının dağıdılması məsələsi var. Bu böyük oyunda İran bütün tərəflərdən küncə sıxılmış durumdadır. İran ya Çinlə qurduğu uzunmüddətli strateji müttəfiqliyi pozub ABŞ-nin nəzarətinə keçməlidir, ya da ABŞ və İsrail tərəfindən dəstəklənən milli azlıqlarla üzücü və uzunmüddətli vətəndaş müharibəsinə girməlidir.

Rəsmi Tehran Çinlə qurduğu sabit və əlverişli müttəfiqliyi bir kənara atıb proqnozlaşdırılması mümkünsüz olan Tramp Amerikası ilə bir araya gələrmi? Ehtimal çox zəifdir. Deməli, şovinist fars hakimiyyəti özünün əzdiyi millətlərlə qanlı vətəndaş müharibələrinə sürüklənir. Və bu variant yuxarıda sadalanan 3 variantdan daha ağlabatandır./azpolitika.info